Maraqlı

Ən məşhur mükafatın rüsvayçılıqları - ARAŞDIRMA

12 May 2014 21:14
0 Şərh     Baxış: 1 628
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu günə qədər təsis olunmuş mükafatlar arasında öz keyfiyyət çəkisinə və nüfuzuna görə seçilən Nobel mükafatı, əslində, heç də ədalət və düzgünlük mücəssəməsi deyil. Bu mükafat bir çox nüanslara görə öz ciddi imicini itirib.

Nobelin yaranmasının qəribə bir tarixçəsi var. Hər şey 1888-ci ildə Fransa mətbuatında dərc olunmuş bir məqalə ilə başlayıb. Belə ki, Alfred Nobelin vəfatı ilə bağlı yanlış məlumat alan Fransa mətbuatı "Ölüm taciri öldü" başlıqlı bir məqalə yayımlayıb. Bu məqalədə dinamitin yaradıcısı olan Alfred Nobelin ünvanına xoşagəlməz ifadələr işlədilib. Yazıda onu "mümkün qədər tez bir zamanda milyonlarla insanı öldürməklə zənginləşən" qatil kimi təqdim edibmişlər.

Belə olan halda, Nobel öz adını təmizə çıxarmaq və tarixdə qalmaq üçün mahir bir siyasət yürüdür. O, Nobel mükafatının təsis olunması ilə bağlı vəsiyyət mətni yazır. Bununla da dünya elminə, mədəniyyətinə, hətta siyasətinə də böyük təsir göstərən bir mükafatın əsası qoyulur.

Nobelin "qırılma anı" və Nobel mükafatı laureatı Lev Tolstoy

Dünyanın ən nüfuzlu mükafatı xırda bir detalın üstündə inşa olunmuşdu. Alfred Nobel öz vəsiyyətini İsveç dilində yazmışdı. Həmin mətndəki "idealistik riktning" ifadəsi həm "ideal əsər", həm də "idealist əsər" mənasını verirdi. Buna görə də mütəxəssislər iki variant arasında qalıblar. Onlar nə qədər baş sındırsalar da, Alfred Nobelin mükafatla bağlı əsl niyyətini öyrənə bilməyiblər. Xırda bir detal səhvi mükafatın taleyi ilə oynaya bilərdi və təəssüf ki, oynadı da. Uzun mülahizələrdən sonra onlar vəsiyyətə hərfi mənada yanaşmağı daha məqsədəuyğun hesab etdilər. Beləcə, ədəbi və siyasi prosesləri tənzimləyən Nobel mükafatının "idealist əsərlərə" verilməsi məsələsində ortaq qənaətə gəlindi. Bunun nəticəsi kimi ədəbiyyat tanrısı Lev Tolstoy, Amerika qülləsi Mark Tven, ən müqəddəs böcək Frans Kafka, hekayə janrının ögey banisi Çexov kimi dahilər bu mükafatdan kənarda qaldı. Sözsüz ki, böyük Tolstoyun bu mükafata layiq görülməsi onun üçün elə də zəruri məsələ deyildi. Əksinə, Tolstoyun Nobel alması bu mükafatın ciddiliyini artırar, ona qarşı olan yüngül münasibəti dəyişmiş olardı. Belə desək, Tolstoy Nobel mükafatının imicini yüksəldər, onun ədalətli bir seçim əsasında müəyyənləşdirilən mükafat olduğu düşüncəsini yaradardı. Fikrimizcə, "səmimiyyətsizlik" üzərində inşa olunmuş bir mükafatın imicini ancaq belə hiyləgər bir addımla xilas etmək mümkün idi.

Yalnız Birinci Dünya Müharibəsindən sonra prosedur qaydalarında dəyişikliklər oldu və akademiya üzvləri mükafatın "idealist əsər"ə deyil, "ideal əsər"ə verilmək qərarına gəldilər.

Lakin zaman göstərdi ki, Nobel mükafatı heç də ədəbi meyar deyil. Bu günə qədər bu laureatlardan yalnız beş-altısı ədəbiyyat tarixində qalmağa, bütün dünya tərəfindən yazıçı kimi qəbul olunmağa müvəffəq ola biliblər. Əvəzində bu mükafatdan kənarda qalmış Tolstoy, Çexov, Kafka, Çingiz Aytmatov kimi nəhənglər öz adlarını ədəbiyyat tarixinə qızıl hərflərlə yazıb.

Tarixi rüsvayçılıq

Laxlayan sütunlar üzərində qurulmuş Nobel mükafatının təməlinə növbəti zərbə 1974-cü ildə vuruldu. Siyasi proseslərin davam etdiyi və "Uotorgeyt əhvalatı" adlı hadisənin baş verdiyi ildə bir saxtakarlıq da ədəbiyyatda baş verdi. İsveç Akademiyasının üzvləri mükafatı kartof biznesinin gəliri kimi öz aralarında böldülər. 1974-cü ilin oktyabrında İsveç Akademiyası Nobel mükafatı laureatlarını açıqladı. Qərara görə, akademiya üzvləri Eyvind Yunson və Harri Martinson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldülər. Bu rüsvayçılıq həm mükafatın, həm də tandem yazıçıların imicinə Bakı neftinin qara ləkəsi kimi yaxıldı. Onların özlərinə mükafat verməsi bütün dünya mədəniyyətində şok effekti yaratdı. Hətta münsiflərin mükafatı öz adamlarına deyil, sıradan bir futbolçuya verməsi belə bu qədər təəccüb və biabırçılıq doğurmazdı. Bunun nəticəsi kimi Eyvind Yunsonun yaradıcılığı və şəxsiyyəti ilə bağlı xoşagəlməz söz-söhbətlər gəzməyə başladı. Ağır mənəvi sarsıntılar keçirən yazıçı 1976-cı ildə Karolinska İnstitutunda intihar etdi.

Bundan başqa ədəbi dünyada elə də ciddi çəkisi olmayan İsveç ədəbiyyatının 6 nümayəndəsinin bu mükafata layiq görülməsi Nobelin, onsuz da sarsılmış ciddiyyətini zədələdi. Mükafat lap əzəldən qohum-qardaşlıq prinsipləri əsasında verilirdi. Təsis olunduqdan sonrakı on il ərzində mükafatın ədəbiyyata elə də aidiyyəti olmayan alman müəlliflərə - tarixçi Teodor Mommzenə, filosof Rudolf Eykenə, yazıçı Paul Hayzenə və dramaturq Gerhard Hauptmana verilməsi heç də təsadüfü hal deyil. İsveç Akademiyasının katibi Karl Virsenin almansevər olmasının bu nəticə ilə bağlığı danılmazdır.

Ədəbiyyata siyasi zəhər

Ədəbiyyatın siyasətə təsiri olduğunu iddia etmək, demək olar ki, gülünc alınardı. Hətta böyük Tolstoyun "Hərb və Sülh"ündən sonra dünyada qanlı müharibələr baş verdi. Ancaq bu qarşılaşdırmaya əks tərəfdən baxdıqda paradoksal bir hal müşahidə edirik. Belə ki, istər Nobel mükafatı sahəsində, istərsə də yazıçıların ortaya qoyduqları mövqe baxımından siyasi fiqurların təsiri açıq-aşkar sezilir. Məsələn, dünya şöhrətli Borxesin namizədliyi bir neçə dəfə irəli sürülsə də, Pinoçetə bəslədiyi rəğbət ucbatından onun namizədliyi qeydə alınmamışdı. Həmçinin Boris Pasternak da 1958-ci ildə Sovet hakimiyyətinin təzyiqi ilə mükafatdan imtina etmək məcburiyyətində qalmışdı. Çox uzağa getməyək, elə türk yazıçısı Orhan Pamukun 2006-cı ildə Nobel mükafatına layiq görülməsini onun səsləndirdiyi siyasi fikirlərlə bağlı olduğunu düşünənlər kifayət qədərdir. Bu siyahını uzatmaq olar.

Psixoloji metamorfoza baş verdimi?

Nobel mükafatının verilməsində başqa bir ağlasığmaz tərəf də budur ki, mükafatın münsifləri ömürlük seçiliblər. Yəni yeni bir münsifin qəbul olması üçün üzvlərdən biri vəfat eləməlidir. Əks halda, heyət dəyişə bilməz. Burda xırda psixoloji nüanslar var. Məsələn, necə olur ki, bu beş nəfərin ədəbi zövqü, həyata baxışı bütün dövrlərə uyğunlaşa bilir? Bu uyğunsuzluq artıq 10 il bundan öncə yaşandı. 2004-cü ildə Elfrida Yelinkenə Nobel verilməsi akademiyanın daxilində fikir ayrılıqlarına səbəb oldu. Akademik Knut Ahnlund xanım yazarın əsərlərini pornoqrafiya kimi qiymətləndirdi və mükafatın onun qazanmasını İsveç Akademiyasının nüfuzuna ciddi zərbə vuracağını dedi. Hətta öz etirazını qətiləşdirmək üçün üzvlükdən imtina etdi. Lakin İsveç Akademiyasında istefa mexanizmi olmadığı üçün onun bu addımı qəbul olunmadı. Hazırda Knut Ahnlund akademiyanın üzvü olsa da, iclaslarda iştirak etmir.

Bakının qara qızılından yaranan bu sarı qızıla (200 qram çəkisi olan 24 karatlıq qızıl Nobel medalına) hər il xeyli pul xərclənir. Lakin XIX əsrdə yolu Bakıdan keçən Nobel hələ ki, buralara təşrif buyurmur.
 

1937.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.