Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində demək olar ki, hər evdə istifadə olunan bir təmizlik məhsulunun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı müəyyən edilib. Məhsulun tərkibində qadağan olunmuş kimyəvi maddə aşkarlandığı üçün onun satışı dayandırılıb və bazardan toplanılmasına qərar verilib.
Milli.Az xəbər verir ki, yoxlanılan məhsulun tərkibində "Lilial" (Butylphenyl Methylpropional) adlı maddə aşkar edilib. Bu maddə xoş qoxu vermək üçün kosmetik və təmizlik vasitələrində istifadə olunsa da, son illərdə aparılan elmi araşdırmalar onun sağlamlığa ağır zərər verdiyini sübut edib.
Mütəxəssislər "Lilial" maddəsinin aşağıdakı ciddi problemlərə yol açdığını bildirirlər:
- Maddənin sonsuzluğa səbəb ola biləcəyi və reproduktiv orqanlara zərər verdiyi müəyyən edilib.
- Bətndəki körpənin inkişafına mənfi təsir göstərə bilər.
- Dəri ilə təmasda şiddətli allergiyaya və qıcıqlanmaya səbəb olur.
Qərar konkret bir brendin ("ABC" markalı yumşaldıcı və bənzər təmizlik vasitələri) müəyyən partiyalarına aiddir. İstehlakçılara tövsiyə olunur ki, aldıqları şampun, sabun, yuyucu toz və yumşaldıcıların tərkibini yoxlasınlar. Əgər tərkibində "Butylphenyl Methylpropional" yazısını görsəniz, həmin məhsuldan istifadə etməməyiniz məsləhətdir.
Lalə Qüdrətova
Milli.Az





