Maraqlı

Gəncləri məhv edən problem: “TikTok beyni”nin simptomları

14 İyul 2024 16:00
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial medianın gündəlik həyata təsiri günü-gündən artdıqca yeni problemlər də peyda olur.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, artıq "TikTok beyni" adlı yeni bir anlayış gündəmə gəlib.

Nevroloqlar sosial şəbəkələrin, xüsusilə də "TikTok"un istifadəçilərin beyninə qalıcı zərərlər vurduğu barədə xəbərdarlıq edirlər.

Nevroloq Dr. Oğuzhan Onultan xüsusilə uşaq, yeniyetmə və gənclərdə müşahidə edilən bu vəziyyətin simptomlarından və ondan xilas olmağın yollarından danışıb.

Mütəxəssisin sözlərinə görə, "TikTok beyni" diqqətin tez-tez yayınması, diqqəti cəmləyə bilməmə problemlərini təsvir etmək üçün istifadə edilən anlayışdır.

"Davamlı olaraq qısa videolara baxmaq beynin sürətli məlumat axınına öyrəşməsinə səbəb olur. Bu da dərin düşünmə tələb edən fəaliyyətlərdə performansı kəskin azaldır", - deyə nevroloq bildirib.

Onun sözlərinə görə, istifadəçilərin qısa videolar paylaşdığı və izlədiyi sosial media platforması olan "TikTok" saniyələr ərzində istehlak edilən məzmunu ilə beynin diqqət müddətini yenidən formalaşdırır. Sürətli məzmun istehlakının beyinə təsirlərini araşdıran mütəxəssislər "TikTok beyni" anlayışını irəli sürüblər.

"Daim qısa, sürətli məlumat bombardmanına məruz qalan fərdlərdə müşahidə olunan diqqətin yayınması və diqqəti cəmləmə qabiliyyətinin azalması günümüzün ən böyük problemlərindən biridir. Beyin daim yeni və fərqli stimullara məruz qaldığından, bu vəziyyət uzunmüddətli diqqət tələb edən işlərdə zəif performansa səbəb ola bilər. Bu mənfi təsirlər akademik sahədən tutmuş sosial münasibətlərə qədər geniş spektrdə özünü göstərir", - nevroloq diqqətə çatdırıb.

O, "TikTok beyni" ilə mübarizə üçün isə bunları tövsiyə edib:

"Valideynlər və pedaqoqlar gənclərin sosial mediadan istifadəsinə nəzarət etməlidirlər. Onlar uzunmüddətli diqqət tələb edən fəaliyyətlərə təşviq edilməlidir. Kitab oxumaq, təbiətdə gəzintilər etmək, incəsənət sahəsində fəaliyyətlərlə məşğul olmaq diqqəti bərpa etməyə kömək edəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.