Gəncədə əməliyyat vaxtı vəfat edən 24 yaşlı Türkan Balakişizadənin ölümünün təfərrüatı məlum olub.
Milli.Az xəbər verir ki, bu barədə onun anası Əzizə Rəhimova İTV-yə danışıb.
Onun sözlərinə görə, qızı əməliyyat başlamadan əvvəl aldığı narkozdan şoka düşüb: "Əlinin üstündə yumru formada nəsə var idi. Həkim MRT-yə göndərdi, sonra Bakıya onkoloji müayinəyə göndərdilər. Dedilər elə-belə şeydir. Qızım isə dedi ki, məzuniyyətə çıxmışam, qayıdaq Gəncəyə, orada əməliyyat etdirərəm. Fevralın 10-u deyə-gülə əməliyyata apardıq, saat 11-də içəri girdi. 11:40-da həkim gəldi ki, uşağı az qala itirmişdik. Güclə qaytardıq, aparata qoşmuşuq. Hələ əməliyyat başlamamış şoka düşüb. Aparatda 14 gün qaldı. Narkoz çoxmu verilib, necə ediblər, bilmirəm..."
Ə. Rəhimova qeyd edib ki, övladı vəfat edən gün vəzifəsi artırılıbmış: "İnstitutu, magistraturanı bitirib, özü imtahan verib işə düzəlmişdi. Bir ildən sonra vəzifəsini artırdılar. Ölən günü də vəzifəsini təsdiqlədilər. "ASAN xidmət" mərkəzində xəzinədar işləyirdi..."
Xatırladaq ki, hadisə Gəncə Beynəlxalq Xəstəxanasında baş verib. Nişanlı olan Türkan Balakişizadə Gəncə regional "ASAN xidmət" mərkəzində yerləşən Azərbaycan Beynəlxalq Bankının əməkdaşı olub.
Milli.Az