Nazirlər Kabineti "Diridoğulmanın beynəlxalq meyarları"nın tətbiq edilməsi haqqında qərar qəbul edib. Səhiyyə Nazirliyinin təklifini nəzərə almaqla verilən qərara əsasən, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq ediləcək. Eyni zamanda, Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.Vaxtından əvvəl doğulanlarla bağlı meyarlar dəyişdirilib
Xatırladaq ki, Azərbaycanda tətbiq edilən əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr "uşaq" adlandırılmırdı. Onlara "gecikmiş düşük" deyilirdi. Həmçinin əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kq-dan çox olan və həyat əlamətləri görünən körpələr "diridoğulmuş uşaq" hesab edilirdi.
Yeni meyarlar əsasında isə bu müddət 28 deyil, 22 həftə müəyyən edilib. Artıq hamiləliyin 22 həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlaməti - ürək döyüntüsü, nəfəs alma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır.
Qeyd edək ki, indiyədək bu meyarlara keçidin ləngiməsi ekspertlər tərəfindən onların tətbiqi zamanı uşaq ölüm faktlarının sayının artacağı ilə izah edilirdi. Belə çıxır ki, bundan sonra 22 həftədən tez doğuş baş verərsə və uşağın çəkisi, həyat əlamətləri qeyd edilən meyarlara uyğun gələrsə, lakin o uşaq tələf olarsa bu da körpə ölümü hesab ediləcək. Müşahidələr göstərir ki, Azərbaycanda bu cür hallar tez-tez baş verir. Bu isə körpə ölümü faktlarının sayının artacağı qənaəti yaradır.
Lakin Səhiyyə Nazirliyindən bildirilir ki, yeni meyarlar körpə ölümü faktlarının çoxalmasına səbəb olmayacaq. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə lazımı hazırlıqlar aparılıb: "Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilib. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılmış, müasir avadanlıqlarla təchiz edilib. Bu da respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaradıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalıb. Belə ki, ana ölümü əmsalı hər 100 min diridoğulana 2006-cı ildə 34,2 olubsa, 2013-cü ildə bu rəqəm 14,5 təşkil edib. Körpə ölümü göstəricisi isə hər 1000 diridoğulana müvafiq illərə görə 11,9-dan 10,8-ə enib".
Bütün bunlarla yanaşı, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların ekspertlərinin rəylərinə əsasən, bu sahədə görülmüş məqsədyönlü tədbirlərə və xidmətin göstəricilərinin yaxşılaşmasına baxmayaraq, respublikada diri və ölü doğulma hallarının mövcud meyarlarının beynəlxalq meyarlara uyğun olmamasına görə rəsmi statistik göstəricilər indiyədək vəziyyətin real və obyektiv qiymətləndirilməsinə imkan verməyib.
Qeyd edək ki, Azərbaycan prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulub. Proqramın məqsədi Azərbaycan Respublikasında qadınlara və uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyətini yüksəltmək, onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdır.
Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında da əsas məqsəd perinatal yardımın səviyyələri üzrə tibbi xidmətin yaxşılaşdırılmasıdır. Respublikanın şəhər və rayonlarında doğuşayardım xidməti göstərən tibb müəssisələrinin təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur. Yenidoğulmuşlara, xüsusən azçəkili körpələrə reanimasiya yardımının göstərilməsi üçün doğuşa-yardım müəssisələrinin zəruri tibbi avadanlıqlarla, dərman və tibbi ləvazimatlarla təchiz olunması işinin təkmilləşdirilməsi planlaşdırılır. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, respublika və regional perinatal mərkəzlərində səyyar konsultativ xidmətin təşkili, onların xüsusiləşdirilmiş nəqliyyat vasitələri ilə təmin edilməsi də nəzərdə tutulub.
Eyni zamanda, antenatal yardım göstərən tibb müəssisələri şəbəkəsinin işinin təkmilləşdirilməsi prioritet elan edilib. Antenatal yardım göstərən tibb müəssisələrinin tibbi avadanlıq və cihazlarla təchizatının yaxşılaşdırılması həyata keçiriləcək.
Bununla yanaşı, ana və uşaqların sağlamlığının qorunması sahəsində xidmət göstərən tibb işçilərinin xarici ölkələrdə müasir texnologiyalarla işləmək vərdişlərinin təkmilləşdirilməsi həyata keçiriləcək. Tibbi təhsil sahəsində tədris proqramları diridoğulmanın beynəlxalq meyarlarına uyğun olaraq təkmilləşdiriləcək. Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ictimai maarifləndirmə işinin həyata keçirilməsi də proqramda nəzərdə tutulur.
Ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılması prioritet olaraq müəyyənləşib. Burada hamilə qadınların vahid elektron reyestrinin, reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması, doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin yaradılması və həyata keçirilməsi Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Ana və uşaq sağlamlığının qorunması sahəsində ictimai maarifləndirmənin həyata keçirilməsi, reproduktiv sağlamlıq, o cümlədən abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə maarifləndirmə işinin həyata keçirilməsi, uşaqların ana südü ilə qidalandırılması barədə ictimai maarifləndirmə işinin həyata keçirilməsi isə Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən reallaşdırılacaq. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, diridoğulmanın beynəlxalq meyarlarının tətbiqi, kadr hazırlığının gücləndirilməsidir.
Kaspi.az