Yüksək temperatur və rütubət ürək sağlamlığı üçün ciddi təhlükə yaradır. İsti havada sürətli tərləmə bədənin susuz qalmasına, qan təzyiqinin dəyişməsinə səbəb olur və bəzi yanlış vərdişlər infarkt riskini artırır.
Milli.Az-ın məlumatına görə, kardioloq Doğaç Çağlar Gürbüz yerli mətbuata bildirib ki, havanın temperaturu 20 dərəcədən yuxarı olduqda hər əlavə 1 dərəcə infarkt riskini 2% artırır. Lakin sadə tədbirlərlə ürəyinizi qorumaq mümkündür.
İsti havalarda infarkt riskini azaltmaq üçün 7 vacib məsləhət:
Gündə 2,5 litr su için
Yayda maye qəbulunun azalması qanı qatılaşdırır və laxtalanma riskini yüksəldir. Kofeinli və spirtli içkilərdən uzaq durun, çünki onlar susuzluğu daha da artırır.
Günəşin ən isti saatlarında kölgədə qalın
Xüsusilə 65 yaşdan yuxarı, xroniki xəstəlikləri olanlar, hamilələr və uşaqlar diqqətli olmalıdır. Açıq rəngli və nəfəs alan pambıq parçadan olan geyimlər üstünlük təşkil etməlidir.
Ağır fiziki fəaliyyətdən çəkinin
İsti havada ağır idman və sürətli hərəkətlər ürəyin yükünü artırır. İdmanı səhər erkən və ya axşam sərin vaxtlarda etmək daha faydalıdır.
Sağlam qidalanın
Çox duzlu, yağlı, qızardılmış və hazır yeməklərdən uzaq durun. Yaz tərəvəzləri və təzə meyvələrlə yüngül qidalanmağa üstünlük verin. Enerji içkiləri və yüksək kofeinli məhsullar ürək ritminə mənfi təsir edə bilər.
Dərmanlarınızı düzgün saxlayın
Ürək və təzyiq dərmanları isti havada təsirini dəyişə bilər. Onları günəşdən və yüksək temperaturdan qorunacaq yerdə saxlayın. Müntəzəm həkim nəzarəti vacibdir.
Stresə nəzarət edin
İstilik və yuxu pozğunluğu stressi artıraraq ürəyə əlavə yük yaradır. Yuxu üçün sakit, qaranlıq və sərin otaqda istirahət edin.
Siqaret çəkməyin
Siqaret və digər tütün məhsulları damarları daraldır, ürək ritmini pozur və infarkt riskini artırır.
Mütəxəssislər vurğulayır ki, isti havalarda ən önəmli qayda bədənin susuz qalmaması, günəşdən qorunması və ürəyə ağır gələn vərdişlərdən uzaq durmaqdır. Bu sadə qaydalara riayət etməklə sağlamlığınızı qoruya bilərsiniz.
Kənan
Milli.Az