Sanford Burnham Prebys Tədqiqat Mərkəzinin alimləri müəyyən ediblər ki, uşaqlarda aqressiv beyin xərçəngi növlərindən biri olan neyroblastomanın yenidən yaranmasının səbəblərindən biri xromosomlardan kənar yerləşən dairəvi DNT elementləri - halqavari xromosoməvəzi DNT (vkDNK) strukturları ola bilər.
Milli.Az xəbər verir ki, bu mühüm araşdırmanın nəticələri nüfuzlu "Cancer Discovery" jurnalında dərc olunub.
Bu dairəvi DNT hissəcikləri xromosomlardan ayrılan DNT fraqmentlərinin zədələnmiş genetik materialın bərpası zamanı səhv birləşməsi nəticəsində yaranır. Son araşdırmalar göstərir ki, belə strukturlar xüsusilə uşaqlarda rast gəlinən bərk (solid) şişlərdə əvvəl düşündüyümüzdən daha geniş yayılıb və bu hallar adətən zəif müalicə proqnozu ilə əlaqələndirilir.
Siçanlar və insan hüceyrə xətləri üzərində aparılan təcrübələr göstərib ki, vkDNK-lərində çoxlu sayda MYCN onkogeni daşıyan şiş hüceyrələri sürətli böyümə qabiliyyətinə malikdir, lakin kimyaterapiyaya daha yaxşı cavab verirlər. Əksinə, bu onkogenin az sayda nüsxəsini daşıyan hüceyrələr qocalma mərhələsinə daxil olur - yəni bölünməni dayandırır, lakin hələ də orqanizmdə qalmağa davam edirlər. Alimlər bu hüceyrələri "zombi hüceyrələr" adlandırır.
Məhz bu "zombi hüceyrələr" müalicədən bir-iki il sonra yenidən aktivləşə bilər və xəstəliyin təkrarına səbəb ola bilər. Ən pisi isə odur ki, bu hüceyrələr standart müalicə metodlarına qarşı davamlı olurlar.
Araşdırmalarda, kimyaterapiyanın qocalmış hüceyrələrin hədəflənməsinə yönələn əlavə terapiya ilə birgə tətbiqi müalicə nəticələrini xeyli yaxşılaşdırıb.
Tədqiqatın həmmüəllifi Lukas Çavez bildirib:
"Biz bu onkogen DNT halqalarını hədəfə alan və şişin böyüməsini dayandıra biləcək yeni dərmanlar və onların birləşmələrini hazırlamağa çalışırıq. Məqsədimiz bu elmi kəşfləri uşaqlarda beyin xərçənginə qarşı daha effektiv və uzunmüddətli müalicəyə çevirməkdir".
Kənan
Milli.Az