Sağlamlıq

Bu hərəkətlər sizi bağırsaq xərçəngindən qoruyur

4 İyun 2025 05:05
Baxış: 3 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fiziki aktivlik yalnız sağlam qalmaq üçün deyil, xərçənglə mübarizədə də mühüm rol oynaya bilər.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Yeni aparılan beynəlxalq araşdırma sübut edib ki, yoğun bağırsaq (kolon) xərçəngi müalicəsindən sonra tətbiq edilən idman proqramı xəstələrin sağ qalma şansını artırır və xəstəliyin geri qayıtmasının qarşısını alır.

Araşdırmada iştirak edən ölkələr - Kanada, Avstraliya, İngiltərə, İsrail və ABŞ - müxtəlif qruplarda xəstələri izləyib. Bir qrup sadəcə maarifləndirici kitabça alarkən, digər qrupun hər bir üzvü bir məşqçi ilə işləyib. Onlar 1 il boyunca iki həftədən bir, növbəti 2 ildə isə ayda bir dəfə məşqçi ilə görüşərək aktivliyini qoruyub. Xəstələr əsasən həftədə bir neçə dəfə 45 dəqiqəlik gəzintiyə çıxıblar.

Nəticələr olduqca təsirlidir: 8 il sonra məşq proqramında iştirak edən xəstələr digərlərlə müqayisədə 28% daha az xərçəngə, 37% isə hər hansı səbəbdən ölümə məruz qalıb. Lakin fiziki aktivliklə bağlı bəzi əzələ ağrıları və zədələr də müşahidə olunub.

Araşdırma dünyanın aparıcı onkologiya tədbirlərindən biri - ASCO konfransında təqdim olunub və eyni vaxtda "New England Journal of Medicine" jurnalında dərc edilib. Həkimlər bildiriblər ki, bu nəticələr fiziki aktivliyin təkcə faydalı deyil, həm də bəzən dərman qədər təsirli olduğunu sübut edir.

Tədqiqatçılardan biri - Kanadadan olan həkim Christopher Booth bu proqramların xəstəyə bir neçə min dollara başa gəldiyini, lakin bunun müqabilində həm ömrün uzandığını, həm də sağlamlıq hissinin artdığını qeyd edib.

Məşqçi dəstəyi ilə proqramda iştirak edən Terri Swain-Collins adlı qadın bildirib ki, idman sayəsində həm özünü daha yaxşı hiss edir, həm də məsuliyyət daşıdığını düşündüyü üçün bu vərdişi tərk etməyib. İndi də o, gündəlik gəzintilərini davam etdirir.

Alberta Universitetindən olan alim Kerry Courneya vurğulayıb ki, insanlar idmanın faydasına inandıqda və sosial dəstək gördükdə bu vərdişi uzunmüddətli şəkildə davam etdirə bilirlər. Courneya əlavə edib: "Artıq əminliklə deyə bilərik ki, fiziki aktivlik xərçəngdən sonrakı sağ qalma ehtimalını artırır."

Mütəxəssislər tövsiyə edirlər ki, xərçəngdən sonra sağalan hər bir şəxs, xüsusilə yoğun bağırsaq xərçəngi keçirmiş insanlar, aktiv həyat tərzini seçim etməli, mütəmadi olaraq idman etməyə çalışmalıdır. Bu, həm sağlam qalmaq, həm də xəstəliyin təkrarlanmasının qarşısını almaq üçün təsirli vasitədir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.