Payız-qış mövsümündə xəstəliklərə qarşı təbii immunomodulyator rolu oynayan müalicəvi ədviyyatlar haqqında yazını oxuculara təqdim edirik.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ədviyyatlar bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəyyən hissəsidir. Ədviyyat bitkiləri ədviyyat və ətirli otlar olmaqla 2 qrupa ayrılır.
Ətir və dadı daha da artırmaq üçün təzə və ya qurudulmuş halda şüyüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu və digər otlardan istifadə edilir. Ədviyyatlar isə qida məhsullarının ləzzətini artırır.
Təbabətdə və mətbəximizdə geniş istifadə edilən əsas ədviyyatlara mixək, darçın, qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyana və digərləri daxildir.
Ədviyyatlar tərkibində olan efir yağları, üzvi turşular, qlükozidlər və bir çox vitaminlər iştahanı artırır, maddәlәr mübadilәsini sürәtlәndirir, həzm sistemini normaya salır və qidanın yaxşı mənimsənilməsini təmin edir.
Bitkinin toxumundan (xardal, cövüz), meyvəsindən (qara və qırmızı istiot, hil, cirə, razyana), çiçəyindən (zəfəran, mixək), yarpağından (dəfnə yarpağı və müxtəlif ətirli bitkilərin yarpaqları), qabığından (darçın), kökündən (zəncəfil, sarıkök) alınan ədviyyatlar vardır.
Xüsusiyyətlərinə diqqət yetirin!
Ədviyyat alarkən istehlakçılar onların qablaşdırılmasına, etiketindəki məlumatlara, saxlanma şəraitinə xüsusilə diqqət etməlidirlər. Etiketdə məhsul haqqında zəruri məlumatlar - istehsalçının adı və ünvanı, malın adı, istehsal tarixi, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlanma müddəti və s. mütləq əks olunmalıdır.
Ədviyyatların quru, sərin, təmiz və yaxşı havalandırılan yerdə saxlanması şərtdir. Bu tip məhsullar daşınarkən, saxlanarkən sanitar-gigiyenik qaydalara, mal qonşuluğu prinsipinə ciddi riayət edilməlidir. Ədviyyat növləri rəflərdə kimyəvi maddələrin, kəskin qoxulu mal və məhsulların yanında saxlanılmamalıdır.
"Medicina" xəbər verir ki, ədviyyatlar müalicəvi xüsusiyyətlərinə görə də geniş istifadə edilir. Ədviyyatların antioksidant və immun sistemini gücləndirmək xüsusiyyəti var. Onların hər biri ayrı-ayrılıqda orqanizmin sağlamlığında mühüm rol oynayır.
Çili, qara istiotun tərkibində kapsoisin, piperin və allisin olduğuna görə burun-udlaq və ağıza daxil olmuş viruslar və zərərli mikroorqanizmlərlə mübarizdə effektiv təsirə malikdir. Qara istiotun tərkibindəki zəngin mineral maddələr və vitaminlər immun sistemini gücləndirir, soyuqdəyməyə qarşı qoruyucu maneə yaradır. Həmçinin qara istiot orqanizmdə yağların parçalanmasını sürətləndirərək maddələr mübadiləsini yaxşılaşdırır, qanın laxtalanmasını tənzimləyir, xroniki yorğunluq əlamətlərini aradan qaldırmağa kömək edir.
Təzə sarımsaq güclü antibakterial və virusəleyhinə vasitə olmaqla yanaşı, qanda xolesterinin miqdarını normallaşdırır, orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Sarımsaq orqanizmin infeksion xəstəliklərə qarşı müqavimətini artırmaq üçün olduqca faydalıdır.
Qara zirə isə qısa zamanda müxtəlif infeksion xəstəliklərin qarşısını alan təbii immungücləndiricidir.
İmmun sistemin fəaliyyətini gücləndirməkdə sarıkökün mühüm rolu var. Sarıkök nəinki orqanizmi toksin və şlaklardan təmizləyir, həm də təbii antibiotik kimi iltihabi prosesləri dayandırmağa kömək edir.
Zəngin tərkibə malik xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirə malikdir. Mədə-bağırsaq sistemi üçün, soyuqdəymə zamanı, oynaq xəstəliklərində olduqca faydalıdır. Həmçinin xardal beyində qan dövranını stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir.
Darçının da bir çox xeyirli xüsusiyyətləri var. Darçın müxtəlif xəstəliklərə qarşı antiseptik, antimikrob və antiparazit vasitə kimi istifadə olunur. Həmçinin bədənin ümumi tonusunu artırır və immun sistemini gücləndirir.
Ədviyyatların normadan artıq istifadəsi orqanizm üçün zərərlidir. Tərkibində yüksək təsir qabiliyyətinə malik olan alkaloidlər və qlükozidlər xüsusən də uşaqların və bir çox xəstəlikdən əziyyət çəkənlərin orqanizmində fəsadlar yarada bilər.
Bundan başqa, ədviyyat növlərini bütöv halda saxlayıb, lazım olduğu zamanda üyüdüb istifadə etmək daha xeyirlidir. Ədviyyatları evdə hermetik qablarda isti, rütubət və gün işığından uzaq yerlərdə saxlamaq tövsiyə olunur.
Bu tip məhsullar isti və rütubətə məruz qaldıqda ətrini, ləzzətini daha tez itirir. Xüsusən də sobanın yaxınlığında saxlamaq məsləhət görülmür. Çünki normadan artıq temperatur nəticəsində ədviyyatların tərkibində olan efir yağları itirilir. Unutmayın ki, istehsal müddətindən və saxlanma şəraitindən asılı olaraq ədviyyatların istifadə müddəti bir il hesab edilir.
Milli.Az