Gürcüstan

Saakaşvili siyasətdən gedir - uduzdu, artistlik edir, yoxsa missiyası sona çatdı...

4 Avqust 2022 16:02
0 Şərh     Baxış: 876

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili siyasətdən gedir. O, buna dair yaxın günlərdə bəyanat yayacaq.

Onun vəkili Valeri Qelbaxiani deyib ki, Saakaşvili artıq müxalif Vahid Milli Hərəkat Partiyasının liderləri ilə ünsiyyət saxlamır və sadəcə, ailə üzvləri ilə əlaqədədir. Vəkil qeyd edib ki, qərarın başlıca səbəbi Mixail Saakaşvilinin səhhətində yaranmış problemlərdir və o, öz həyatını xilas etmək istəyir.

Qeyd edək ki, ötən il sentyabrın sonunda Gürcüstana qayıdan Saakaşvili Tiflisdə qaldığı mənzildə həbs edilib. O, həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir ki, paytaxt klinikalarından birində müalicə alır.

Son 15 ildə Saakaşvili təkcə regionda yox, dünyada müzakirə edilən siyasətçilərdəndir. Bir vaxtlar Gürcüstanın xilaskarı kimi təqdim edilirdi, ancaq sonda həmin nüfuzunu saxlaya bilmədi. Bu gün isə Gürcüstanda həbsdə yatır, gürcü xalqı da bunu seyr etməkdən başqa bir davranış göstərmir.

Gürcüstandan sonra Saakaşvili Ukraynada qəhrəman obrazına salınırdı. Ancaq bu proses də yaxşı tutmadı. Ukraynada müharibə başlamazdan əvvəl onun ən təhlükəsiz yerə - öz ölkəsində həbsxanaya salınması da müxtəlif aspektlərdən şərh olunur. Kimisi bunu onun Ukraynadakı proseslərdə iştirakının əngəllənməsi üçün qurulan oyun, kimisi də məhz özünün şəxsi təhlükəsizliyinin təminatı baxımından edildiyini deyir.

Faktiki olaraq isə artıq Saakaşvili bir persona kimi silinir. Siyasətçilər necə hesab edir, onun üzərinə Qərbin qoymuş olduğu missiya başa çatdı, yoxsa siyasətdə çox da bacarıqlı olmayıb uduzdu?

Burada 3-cü versiya da var -  Saakaşvili Gürcüstan hakimiyyətinə kələk gəlir. Bu bəyanatı verməklə, həyatının sağlamlıq baxımından təhlükədə olduğu barədə təəssürat yaratmaqla, həbsxanadan çıxmağı və başqa ölkəyə getməyi hədəfləyib. Bu yolla həbsdən qurtularsa, ikinci bir bəyanatla hər şeyi əvvəlki axarına sala bilər. Bəyanata dair bəyanat verərək deyər ki, "...o, Gürcüstanın antidemokratik iqtidarının əlindən qurtulmaq üçün bu addımı atıb, manevr edib ki, hər şeyi Gürcüstan üçün yenidən başlada bilsin..."

Natiq Cəfərli: "Onun siyasətdən getməsi ümumi bir anlaşmanın tərkib hissəsidir"

Mövzu ilə bağlı ekspert Natiq Cəfərli "Yeni Müsavat"a danışıb: "Saakaşvilinin siyasətdən getməsi xəbəri ümumi bir anlaşmanın tərkib hissəsidir. Yəni fikrimcə, belədir. Hesab edirəm ki, Gürcüstanın indiki rəhbərliyi ilə ümumi bir anlaşma olub. Siyasətdən gedib tamamilə uzaqlaşması əvəzinə çox güman ki, yaxın vaxtlarda onun azadlığa çıxması məsələsi həllini tapacaq. Saakaşvilinin missiyası var, ya yox idi, bunu demək çətindir, amma hər halda, Saakaşvilinin o formada Gürcüstana gəlməsi ağılsızlıq idi, yəni doğru deyildi. Faktiki olaraq başqa bir dövlətin vətəndaşı kimi qanunları pozaraq, gizli şəkildə müstəqil bir dövlətin sərhədini keçmişdi. Bu baxımdan atdığı addım məntiqsiz idi və hazırda həbsdə olması da qanunsuz deyil. Çünki istənilən şəxs sərhədi qeyri-qanuni keçirsə, həbs olunur.

Beləliklə, Saakaşvilinin siyasətdən getməsinə ümumi bir anlaşmanın tərkib hissəsi kimi baxıram. Güman edirəm ki, tezliklə azadlığa çıxacaq və Avropa ölkələrinin birinə köçəcək və orada postsovet məkanı ilə məşğul olan beyin mərkəzlərinin birində məsləhətçi kimi çalışacaq. Bununla da onun siyasi missiyasının başa çatdığını demək olar".

Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev isə qeyd edib:

"Bildiyiniz kimi, mən Gürcüstanın "Gürcü arzusu" partiyasının qurucu üzvlərindən biriyəm, həmçinin Gürcüstan parlamentində iki çağırışda millət vəkili olmuşam. Buna baxmayaraq, birtərəf mövqe bildirməyə çalışacam.

Bəziləri deyirdi ki, Saakavişli Qərbin layihəsi idi. Deyə bilərəm ki, Saakaşvili qısa bir müddətdə öz xarizması, daha çevik hərəkəti ilə önə çıxaraq, prezidentliyə namizəd olub, hakimiyyəti öz əlinə almışdı. Həmin dövrdə keçirilən islahatların Gürcüstan üçün əhəmiyyəti hər kəsə məlumdur. Gürcüstan o dövrdə keçmiş postsovet məkanında örnək kimi görünür, təqdim olunurdu. Lakin bu islahatlar yalnız 2-3 il davam etdi, onun bəhrələrini gördük və tezliklə bu hakimiyyət humanist siyasət əvəzinə öz əhalisinə qarşı repressiyalara başladı və ölkədə bir növ avtoritar, totalitar rejim qurdu. Bunun da nəticəsi olaraq etirazlar oldu və  2007-ci ildə Saakaşvili hakimiyyətdən əl çəkdiyini elan etdi, 2008-ci ildə isə seçki saxtalaşdırıldı və hakimiyyətə gəldi. O dövrdən Saakaşvili hakimiyyətinin tənəzzülü başladı. Bunun isə yekunu, finalı məlumdur, 2012-ci ildə "Gürcü arzusu" partiyası seçki yolu ilə hakimiyyətə gəldi, Saakavşvili isə mühacirət  etdi, öz həyatını Ukrayna ilə bağladı. Oradakı fəaliyyəti isə artıq  hər kəsə məlumdur.

Saakaşvilinin hakimiyyətdən getdiyi dövrdə Gürcüstanda ana müxalifət onun formal və sonra qeyri-formal olaraq rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyası idi. Bu partiyanın həmişə 15-20 faiz elektoratı olub və müxtəlif şərtlər daxilində seçkilərdə bəzən 30-35 faiz səs toplayıblar. Yəni Saakaşvilinin iqtidara gəlməsi üçün Gürcüstanda heç bir resursu olmayıb. Hətta hakimiyyətdən getdiyi ilk illərdə, şöhrətinin qaldığı dövrdə də onun resursları yox idi. Sonra isə bildiyiniz kimi, Saakaşvili çox riskli bir addım atdı, Gürcüstana qayıtdı, baxmayaraq ki, məhkəmənin hökmü ilə onun barəsində qiyabi həbs cəzası verilmişdi. Beləliklə, onun Gürcüstana geri dönməsi mübahisəli məsələdir.

Belə güman edirəm ki, onun yaxın ətrafı onda belə bir təəssürat yaratmışdı ki, o, Gürcüstana qayıdan kimi xalq ayağa qalxacaq, etirazlar hər yeri bürüyəcək, etirazçılar parlamenti ələ keçirəcəklər. Yəni yeni bir rəngli inqilab  ssenarisi ilə qayıtmışdı, lakin şükürlər olsun ki, bu baş tutmadı. Ümumiyyətlə, bütün bu illər ərzində Şaakaşvili və onun partiyasının fəaliyyəti ölkədə siyasi  sabitliyin, dincliyin pozulmasına, qarşıdurma yaradılmasına yönəldilib. Amma bunların heç biri baş tutmadı. Doğrudur, kritik məqamlar oldu, məsələn, rus deputat Qavrilov Tiflisə gələndə etirazçılar parlamentin binasını mühasirəyə almışdılar, orada böyük gərginlik yaşanmışdı. Lakin Gürcüstan  vətəndaş qarşıdurmasından yan keçə bildi.

Bu gün isə Saakaşvilinin vəkili elan edir ki, siyasətdən gedəcək. Hesab edirəm ki, bu, Saakaşvilinin səmimi etirafıdır. O, öz məğlubiyyətini həzm edə bilmədi. Bunun üçün də hazırda onun çox ciddi psixi pozuntuları var.

Təbii ki, burada suallar yaranır ki, o, nə qədər səmimidir? Bugünkü iqtidar bu məsələyə necə baxır? İqtidar təmsilçiləri bəyanatlar verirlər ki,  Saakaşvili ədalət məhkəməsinin hökmündən yan qaça bilməyəcək, o məhkumdur və məhkumluğu davam etməlidir. Bununla belə, Saakaşvilinin müalicə üçün ölkədən getmə ehtimalı var. Baxmayaraq ki, prezident dəfələrlə bildirib ki, onu əfv etməyəcək".

Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli: "Saakaşvili mübariz, müstəqil, cəsarətli siyasətçilərdən biridir və özünəməxsus xarizması var. Sübut olunan o oldu ki, Rusiya bu bölgədə demokratiyanın onun sərhədlərinə gəlməsini istəmirdi və Saakaşvili ilk zərbəni oradan aldı. Yəni demokratik islahatlar aparırdı, Rusiya isə bunu qəbul etmirdi. Bu da Rusiyanın mahiyyətini üzə çıxardan amil idi.

İndiki hakimiyyət çox aqressivdir və Saakaşvilini hüquqdan daha çox siyasi mülahizələrlə mühakimə edirlər. Ayrı-ayrı hökumət nümayəndələrindən, o cümlədən baş nazirdən tutmuş digər məmurlara qədər verdikləri bəyanatlar daha çox siyasidir və bu basqılar Saakaşvili Putinə qarşı olduğuna görədir.

Bu baxımdan başqa versiyalar deyil, vəkilin verdiyi açıqlama üzərindən düşünürəm ki, Saakaşvili sağlamlığını bərpa edərək, hələ xeyli dünya və region siyasətində qalacaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics