Təhsil

“Saxta diplomlar bizi ciddi narahat edir” – TKTA sədri

26 Dekabr 2025 12:22
Baxış: 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Saxta diplom məsələləri, özünüz də bildiyiniz kimi, bizi ciddi şəkildə narahat edir. Təkcə dünən bu istiqamətdə iki nəfərlə görüş keçirmişik və onlar vaxtilə aldadılmış şəxslər sırasında yer alırlar".

Milli.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələdə həm işəgötürənlərin, həm də vətəndaşların daha məlumatlı və diqqətli olması vacibdir.

"Təəssüf ki, bəzi insanlar vaxtilə müəyyən şəxslərin vədlərinə inanaraq yanlış qərarlar veriblər. Düşünürük ki, ali təhsil seçimi son dərəcə önəmli bir qərardır. Əgər vətəndaş ali təhsilə üstünlük verir və gələcək həyatını bu istiqamətdə qurmaq istəyirsə, o zaman yalnız sənədə deyil, bilik, bacarıq və səriştəyə əsaslanmalıdır".

Tural Əhmədov qeyd edib ki, bu istiqamətdə işəgötürənlər üçün sənədlərin yoxlanılması və qiymətləndirilməsi mexanizmləri hazırlanıb və müvafiq metodik sənədlərdə öz əksini tapıb.

Onun sözlərinə görə, məqsəd insanların bu mövzuda daha məlumatlı olmalarını təmin etməkdir.

"Xüsusilə hökumətin rəqəmsallaşması fonunda son dövrlərdə 'MyGov' portalında kvalifikasiyanın görünməməsi ilə bağlı müraciətlərin sayı artıb. Belə ki, vətəndaş öz diplomunun sistemdə əks olunmadığını gördükdə şübhələnir və bizə müraciət edir. Araşdırmalar zamanı isə məlum olur ki, həmin şəxs uzun müddət saxta sənədlə aldadılıb. Bu, olduqca ciddi bir məsələdir.

Vaxtilə bəzi hallarda bu cür hallara lazımi diqqət yetirilməsə də, son görüşlər bir daha göstərir ki, məsələyə səthi yanaşmaq düzgün deyil. Nəticədə vətəndaşın vaxtı, resursları və həyatının mühüm bir dövrü itirilmiş olur. Bununla yanaşı, məsuliyyət məsələsi də mövcuddur. Hüquqi-prosessual qaydada aidiyyəti üzrə pozuntu halları aşkar edildikdə, müvafiq qurumlara müraciət edilir. Bu baxımdan hər kəsin daha ehtiyatlı olması vacibdir".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.