İqtisadiyyat

Azərbaycan qazı: Əməkdaşlıq, tərəfdaşlıq və dayanıqlı inkişaf

2 İyul 2020 16:45
Baxış: 912

"Cənub Qaz Dəhlizi"nin 2020-ci ilin payızında tam şəkildə istismara verilməsi planlaşdırılır. Böyük potensiala sahib bu kəmər Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Əlaqələrin Analizi Mərkəzinin idarə heyətinin üzvü, "Valday" və Azərbaycan Beynəlxalq Əlaqələrin Analizi Mərkəzi tərəfindən təşkil olunan, iyulun 2-3-də keçiriləcək "Qlobal energetika və beynəlxalq siyasi risklər" beynəlxalq konfransının iştirakçısı Esmira Cəfərova öz məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, Azərbaycanın 2,6 trilyon kubmetr qaz ehtiyatı var, buna görə də mövcud Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycan qazının ixracı üçün kifayət deyildi, 2013-cü ildə "Cənub Qaz Dəhlizi"nin yaradılması üzrə müzakirələr başladı və Azərbaycan "Nabukko" ilə Trans-Adriatik qaz borusu (TAP) arasında seçimdə ikinciyə üstünlük verdi.

"Cənub Qaz Dəhlizi"nin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi və hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Bildirilir ki, "Şahdəniz" layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan "Şahdəniz Mərhələ 2" layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə olmaqla, "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq. 2014-cü il sentyabrın 20-də "Cənub Qaz Dəhlizi"nin təməli qoyulub. 29 may 2018-ci il tarixində Bakıda "Cənub Qaz Dəhlizi"nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

Məqalədə vurğulanır ki, "Cənub Qaz Dəhlizi" layihəsinin əsas komponentləri bunlardır: "Şahdəniz" layihəsi üzrə "Mərhələ-2", Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

"Cənub Qaz Dəhlizi" 4 layihədən ibarətdir, bunun 3-ü artıq başa çatıb. TAP qaz kəmərinin tikinti işləri 96% başa çatıb. 10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.

COVID-19 pandemiyasının başlaması ilə qlobal iqtisadi fəallıq ləngidi. Belə görünür ki, pandemiyanın fəsadlarını hələ uzun müddət aradan qaldırmaq lazım gələcək. Bir çox layihələr və təşəbbüsləri dayandırmaq lazım gəldi, amma sevindirici haldır ki, "Cənub Qaz Dəhlizi" ilə bağlı işlər layihə başa çatanadək davam edəcək.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. "Cənub Qaz Dəhlizi"nin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. "Enerjinin İpək yolu" adlandırılan TANAP-la Türkiyəyə indiyədək 4 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib.

TAP boru kəməri isə Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP "Snam Rete Gas" şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP boru kəməri, həmçinin Cənub-Şərqi Avropa ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.

Ötən ilin noyabrından TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli səkildə nəql edilməyə başlanacaq. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin cari ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.

Qeyd edilir ki, təqribən 40 milyard dollar investisiya ilə həyata keçirilən Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Bu boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Beləliklə də, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Azərbaycan növbəti - Xəzər dənizi ilə Adriatik dənizinin boru kəmərləri ilə birləşdirilməsi hədəfinin astanasındadır. Bu boru kəmərləri zənciri Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.