İqtisadiyyat

Damağımızı dada gətirən duz canımıza niyə dərd salır? - ARAŞDIRMA - FOTO

24 İyun 2011 18:18
Baxış: 2 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hər gün yediyimiz yeməklərin əksəriyyətinin hazırlanmasında duzdan istifadə edilir. Duzun insan üçün nə qədər vacib olduğunu göstərmək üçün hətta nağıllarda onun haqqında bəhs edilir. Məsələn, nağılların birində padişah qızlarından soruşur: "Atanızı nə qədər istəyirsiz?". Qızların hərəsi bir cavab deyir, lakin şahın kiçik qızı atasını duz qədər sevdiyini bildirir.

Əslində, duz haqqında, daha dəqiq desək, qida duzları haqqında çox danışılıb. Vaxtilə dəfələrlə aparılan araşdırmalar bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını üzə çıxarıb. Bəs görəsən, indi vəziyyət necədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə hələ də vəziyyətin yaxşı olmadığını bildirdi: "Çox təəssüf ki, bu sahədə hələ də vəziyyət qənaətbəxş deyil. 2001-ci ildə yod çatışmazlığı xəstəliklərinin kütləvi çoxalmasının qarşısını almaq məqsədilə "Duzun yodlaşdırılması" haqqında qanun qəbul olunmuşdu. Lakin hələ də bəzi çörəkbişirmə sexlərində, dükanlarda və digər müəssisələrdə yodsuz duza rast gəlinir. Hələ də bəzi duz göllərindən duzlar kütləvi surətdə yığılır və emal olunmadan satışa buraxılır. Hələ də yodsuz duzdan istifadə edən müəssisələr var. Maştağa yolunda "Xəyal" topdansatış məntəqəsində "Kristal" adı altında yodsuz duzlar satılır. Ümumiyyətlə Maştağa və Buzovna istiqamətdəki yollarda fəaliyyət göstərən dükan, kafe və çörəkbişirmə sexlərində keyfiyyətsiz duzdan istifadə edilir. Azad İstehlakçılar Birliyi bu günlərdə 200-ə yaxın yodsuz duzun satılması faktını aşkarlayıb. Bununla bağlı müvafiq qurumlara müraciət edilib. Lakin hələ də bu barədə lazımi tədbirlər görülməyib".

Apardığımız müşahidələr zamanı hələ də paytaxt bazarlarında bu məhsulların satıldığını gördük. Satıcıların və alıcıların demək olar ki, əksəriyyəti keyfiyyətsiz duzlar haqqında məlumatsız olduqlarını bildirdilər. Satıcılar satdıqları keyfiyyətsiz duzlara da tələbatın olduğunu vurğuladılar.

Keyfiyyətsiz duz deyərkən, ilk öncə ağıla yodlaşdırılmamış duz gəlir. Həkim Sadıx Gülüşov yodsuz duzdan istifadənin insan orqanizmi üçün zərərli olduğunu vurğuladı: "Uşaqlarda boyun inkişafdan qalma problemini, hamilə qadınlarda uşaqsalma, uşağın qüsurlu doğulması halları yod çatışmazlığı nəticəsində yaranır. Bu fəsadlar yodlaşdırılmış duzlardan istifadə olunmadığı hallarda özünü daha qabarıq şəkildə biruzə verir".

Məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə bütün dünyada olduğu kimi Azərbaycanda da duzun yodlaşdırılmasının qanun çərçivəsində həyata keçirildiyini bildirdi. Bəlli oldu ki, duzun keyfiyyəti dedikdə, onun tərkibində olan natrium və xlor ionlarının ümumi miqdarı nə qədər çoxdursa, həmin duz keyfiyyətli sayılır. Kənar maddələrlə qatışığı yoxdursa, daha keyfiyyətli duz hesab olunur. Ekstra duzlar daha keyfiyyətli hesab olunur. Çünki onların tərkibi 99,8%-ə qədər sırf duzdan ibarət olur. Kənar qarışıqlara icazə verilmir. Birinci və ikinci növ duzlarda isə müəyyən - 2 faizə qədər kənar qarışığa təsadüf olunur. Ümumilikdə duzun tərkibində dəmirin, civənin, sinkin, misin, maqneziumun və s. birləşmiş duzlar şəklində olmasına yol verilmir. Bu qatışıqlar olan duzları istifadə etmək olmaz. Ərazisindən asılı olaraq duzun tərkibində xammal şəklində müxtəlif maddələr ola bilər. Onların da istifadəsinə icazə verilmir. "Ən yaxşı duz göllərdən vakuum yolu ilə alınmış duzlar hesab olunur. Satışda olan duzun tərkibində yodun miqdarı 1 kiloqrama 50 milliqram hesabında olmalıdır. Bir ton duza 60 qrama yaxın kalium yodu əlavə olunur. Azərbaycanda yodlaşdırılmamış duzun bazara buraxılması qəti olaraq qadağandır", - deyə İ.Adbullayev vurğuladı.

Məsələ ilə əlaqədar ötən il iyulun 22-də açılışı olan Masazır Duz Zavodunun rəhbərliyi ilə əlaqə saxladıq. Zavodun direktoru Əli Kamal Yılmaz bildirdi ki, müəssisə açılandan bəri ətrafda fəaliyyət göstərən xırda duz sexlərinin bir qismi artıq işini dayandırıb.

"Zavod qurulmamışdan əvvəl Masazır gölünün ətrafında təbii şəkildə suyun buxarlanması və duz kristallarının yaranması baş verirdi. İnsanlar bu duz kristallarını yığıb sexlərdə kustar üsullarla hazırlayıb satışa verirdilər. Kustar üsulla hazırlanan duz 100 faiz təmizlənmirdi. Duz kristalları bir-birinə yapışır. Onu primitiv qaydada yuduqda, tam təmizlənmir. Kristallar bir-birinə yapışdığından, arada görünməz çirk qatı qalır. Məhsulu yeməyə qatan zaman həmin çirk qatı duzla birlikdə həll olur və qida ilə birlikdə orqanizmimizə daxil olur. Lakin son model avadanlıqlarla hazırlanan duzlar tam təmizlənir", - deyə müəssisənin rəhbəri vurğuladı.

Ə.Yılmazın sözlərinə görə, Masazır gölü bu zavodun tərkib hissəsidir. Gölün suyu isə zavodun xammalıdır. Müəssisənin rəhbəri gölün suyunun ekoloji və gigiyenik cəhətdən mühafizə etməyin vacib olduğunu bildirdi: "İndiyə qədər bu göl mühafizə olunmurdu. Ətraf kəndlərdə mal-qara gölün içinə girirdi. Bəzi vaxtlarda zibil tökürdülər. İnsanların özləri girib göldə çimirdilər. Qeyri-gigiyenik və natəmiz vəziyyət hökm sürürdü. Bunun qarşısını almaqdan ötrü Masazır gölünü hasara aldıq. Bununla bağlı Abşeron rayon İcra Hakimiyyətilə razılıq əldə olunub".

Fəsillərə uyğun olaraq, duz ildə 2-3 ay ərzində yığılır. Bu vaxt ərzində insanlar yığdığı duzu zavoda verir. Duz maşınlarla alınır. Bir maşın, yəni 8-10 ton duz 100 manata alınır. Müəssisə müdiri tezliklə Masazır gölünün tam hasarlanacağını bildirdi. Hazırda duz yığımı fəsli olmadığı üçün Masazır gölünün ətrafında duz yığanlara rast gəlmədik. Çünki duz ilin 3 ayı ərzində yığılmalıdır.

Əsasən duz yığımı yay fəslinin başlanğıcı və sonunda həyata keçirilməlidir. Lakin bir müddət əvvəl duz yığımı gedərkən ərazidə çəkiliş aparmışdıq. Həmin fotoları da sizə təqdim edirik. Fotolarda da aydın görünür ki, duz yığılarkən nəinki insanlar, hətta heyvan və avtomobillər də gölə girir. Bununla əlaqədar zavodun istehsalat müdiri Ceyhun Salmanov tezliklə gölün ətrafının bağlanacağını bildirdi: "İmkan verilməyəcək ki, kimsə göldə əlini-ayağını yusun. Çünki hansısa mikrob düşə bilər".

Bəs göldən duz yığarkən "atın, uzunqulağın gölə girməsi nə qədər düzgündür?" sualına Ceyhun Salmanov bu problemin də həll ediləcəyini bildirdi: "Biz duz yığmağa başlayacaq vətəndaşlara proseslə bağlı tövsiyələrimizi verəcəyik. Onlara mümkün qədər gigiyenik amillərə fikir vermələrini tapşıracağıq".

Qeyd edək ki, vətəndaşlardan xammal şəklində alınan duz kristalları təkrarən suda həll edilir. Duzlu su təmizlənmə prosesindən keçirirlir. Maddənin içərisindəki kalsium, maqnezium, eləcə də, kənar elementlər, qum, gil və digər çirklər təmizlənir. Alınan xüsusi buxarlandırma aparatı vasitəsilə duzlu suyu filtrdən keçirərək xüsusi quruducu aparat vasitəsilə qurudulur. Buxarlanma vakuum altında, aşağı temperaturda baş verir. Qənaət etmək üçün çox yüksək temperatur vermək uyğun deyil. Çünki yüksək temperatur duzun rəngini qaralda bilər. Buxarlaşdırma zamanı duzların kristallaşması baş verir. Əldə olunan kristallar su ilə qarışıq olur. Duzu sudan ayırmaq üçün sentrifuqa adlanan aparatdan istifadə edilir. Bu aparat duz kristallarını sudan tam olaraq ayırır. Lakin ayrılmış duzun tərkibində 2-3 faiz nəmlik qalır. Sentrifuqadan çıxan duz yodlaşdırma avtomatına verilir. Avtomat gələn duzun miqdarına görə yodu tənzimləyir. Burada yodun miqdarı 40±10, yəni 10 mikroqramdan 50 mikroqrama qədər ola bilər. Aparatda xüsusi pompalar yodun miqdarını tənzimləyir. Vurulan yod məhlulu duzla qarışdırılır və 2-3 faizlik nəmliyi aradan qaldırmaq üçün qurutma aparatına verilir. Qurutma aparatında duz 0,002 faizə qədər qurudulur. Alınan məhsul aparat vasitəsilə ələkdən keçirilir. Alınan məhsuldan nümunə götürülür və zavodda fəaliyyət göstərən laboratoriyada analiz edilir. Hər hansı çatışmazlıq aşkar edilirsə, məhsul dərhal təkrar emala verilir. Təmiz standarta uyğun duz isə bunkerlərə ötürülür. Bunketlərdən sonra paketləmə prosesi gəlir. Burada 500 qr., 750qr., 1 kq, 3 kq., 5 və 25 kiloqramlıq çəkilərdə qablaşdırılır. Qablaşdırma zamanı xüsusi aparatlarda etiketlənir. Etiket kağızları hazır alınsa da, qablaşdırma zamanı məhsulun tarixi həmin anda xüsusi aparat vasitəsilə qutuların üstünə vurulur. Masazır Duz Zavodunda istehsal edilən məhsulların istifadə tarixi 9 aydır. 9 ay duzun yoduna görə verilir. Yodlu duz düzgün qablaşdırılmazsa, uyğun olmayan yerdə saxlanarsa, tərkibindəki yod uçur.

Masazır Duz Zavodu ildə 90 min ton duz istehsal edir. Zavodun istehsal etdiyi məhsullar Gürcüstan bazarına da çıxarılır. Gələcəkdə isə duz Rusiya və digər ölkələrə icrac oluna bilər.

Duzun standartlarına gəldikdə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Azərbaycan üçün normativ olaraq duz istehsalı "AZS-280" yodlaşdırılmış xörək duzu standartı ilə tənzimləndiyini bildirdi. Bu standartda duzun təsnifatı, texniki tələblər, xammal və materiala olan tələblər, qablaşdırma, markalanma, daşınma, saxlanma və başqa məsələlər əhatə olunub. Standart kristallik natrium-xloriddən ibarət profilaktik məqsədlərlə yodlaşdırılan duza şamil edilir. Bütün bunlar standartın tələbidir və məcburidir. İstifadə edilən xammaldan asılı olaraq yodlaşdırılmış xörək duzu istehsal üsuluna görə, qaynatma ilə alınan daş, şoran və çökdürməklə alınan duz növünə bölünür. Keyfiyyət göstəricisinə görə, ekstra, əla, I və II növə aid edilir. İstehsalına görə, qaynatma və üyüdülmə növlərə bölünür. Yodlaşdırılmış duz bu standartın tələblərinə uyğun olaraq sanitariyya norma və qaydalarına riayət edilməklə, müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat üzrə hazırlanmalıdır.

"İstehlakçılar duzu alarkən ilk növbədə duzun xarici görünüşünə diqqət yetirilməlidir. Duz kristalik, dənəvərməhsul olmalıdır. Duzun mənşəyilə əlaqəsi olmayan kənar mexaniki qarışıqların olmasına yol verilmir. Duzun dadı duzlu olmalıdır. İyi tam iysiz, yaxud zəif yod qoxulu olmalıdır. Rəngi isə, ekstra növ üçün ağ, digər növlər üçün bozumtul, sarımtıl çalarlı ağ ola bilər. Yodlaşdırılmamış duzun satışına icazə yoxdur. Aparılan monitorinqlər zamanı keyfiyyətsiz, xammal şəklində satılan duzlara rast gəlinir", - deyə Fazil Talıblı qeyd etdi.

İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev isə duzla bağlı daim yoxlamaların aparıldığını bildirdi. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti 2010-cu ildə aparılan nəzarət tədbirləri zamanı yararlıq müddəti ötmüş, normativ texniki sənədlərin tələblərinə cavab verməyən 34 ton 600 kiloqram duz məhv olunub. Bundan başqa, ötən il 2 ton 200 kiloqram ton duz təkrar emala göndərilib. 373,5 kiloqram duz insanların və heyvanların istifadəsində qadağan edilib.

Bu il dövlət xidməti tərəfindən ərzaq bazarında mütamadi monitorinqlər keçirilir. İlin 6 ayı ərzində 1 tona yaxın mənşəyi bəlli olmayan duz satışdan çıxarılaraq məhv edilib. Qanunvericiləyə uyğun olaraq keyfiyyətsiz duzlar aşkarlanan zaman müvafiq tədbirlər görülür, maliyyə sanksiyaları, cərimələr tətbiq edilir.

ANS PRESS




































































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.