İqtisadiyyat

Araqla siqaretin qiyməti qalxacaq?

15 Dekabr 2015 09:03
1 Şərh     Baxış: 3 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadçı ekspert: "Yeni qayda bir çox pərakəndə ticarət şəbəkələrinin ticarətinə maneələr yaradacaq"

İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunur. Həmin maddəyə 229.2 hissəsi əlavə edilib. Həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. 

Burada az miqdarda dedikdə 50 manatlıq məbləğ nəzərdə tutulur. Paralel olaraq Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, nağd yolla alınıb-satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Əgər belə hal daha böyük məbləğdə baş verərsə, yəni 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulur. Bir sözlə, siqaret və spirtli içkilər satılan bütün mağazalarda pos-terminallar olmalıdır ki, siqaret və içki alanlar pos-terminal vasitəsilə ödəniş edə bilsinlər. Pos-terminal olmayan obyektlərdə alkoqollu içki və tütün məmulatlarının satışı ümumiyyətlə mümkün olmayacaq. İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklər araq və digər spirtli içkilərlə yanaşı, pivə satışına da aiddir. Yəni ənənəvi olan "pivə məclisinə" oturan şəxslər də ödəməni plastik kart vasitəsilə həyata keçirməli olacaq. 

Spirtli içkilərin və siqaretin kartla satışı bir çox ölkələrdə çoxdan həyata keçirilir. Həmçinin  digər ölkələrdə siqaret və spirtli içkilərin satışı müxtəlif qaydalarla həyata keçirilir. Xarici ölkələrdə siqaretlər mağazalarda üstüörtülü yerlərdə, qutularda saxlanılır. Məsələn, Rusiyada siqaret stendlərinin üstü örtülü olur. 18 yaşından aşağı şəxslərə satışının qadağası görünsün deyə. Həmçinin Rusiyada siqaret müəyyən edilmiş saatlarda satılır. İngiltərədə isə  küçədə içki içmək qadağandır. 

Həmçinin dövlət kanallarının heç birində içki, siqaret reklamı yayımlanmır. Almaniyada isə küçədə içki içənlərə pul cəzası tətbiq olunarkən, bəzi bölgələrdə gecə saatlarında içki satışı ümumiyyətlə qadağandır. Finlandiyada isə 18:00-9:00 arası spirtli içki satışı həyata keçirilmir. Ancaq cümə günləri 20:00-a qədər satıla bilər. İsveçdə 19.00-10.00 arası satış edilmir. Nyu-Yorkda yalnız pivə 24 saat satılır. Yüksək spirtli içkilər isə bazar ertəsindən şənbə gününə qədər, sadəcə olaraq, saat  09.00-24.00 arası satılır. 

Azərbaycanda isə bununla bağlı hər hansısa bir qadağa yox idi. Hazırda ölkə bazarında müxtəlif qiymətlərə siqaretlər satılır. Mətbuatda verilən statistikaya görə, siqaret çəkmək bir nəfərə orta hesabla ayda 60-150 manata başa gəlir. Maraqlıdır, siqaret və spirtli içkilərin kartla satışının tətbiqi ticarət dövriyyəsinə öz təsirini göstərəcəkmi?

İqtisadçı ekspert Rəşad Həsənov bu qaydanın bahalaşmaya səbəb olacağını bildirdi: "Bu qayda ilə əlaqədar əvvəllər regionlarda bir sıra problemlər ortaya çıxacaq. Çünki bir çox adamların kartları yoxdur. Hətta bir çox yerlərdə postterminallar belə yoxdu. Amma cəmiyyət sonrakı dövrlərdə, böyük ehtimalla, 2-3 ay ərzində buna adaptasiya olacaq. Burada qeyd ediləsi xüsusi məqam ondan ibarətdir ki, qiymətlər böyük ehtimalla bahalaşacaq. 

Çünki artıq paylayıcı şirkətlər tərəfindən pərakəndə ticarət şəbəkələrinə bununla bağlı xəbərdarlıq olunub. Bildiyimiz kimi, nağd şəkildə dövriyyənin həyata keçirilməsi həm iri şirkətlər tərəfindən, eyni zamanda pərakəndə ticarət şəbəkələri tərəfindən ödənilən vergilərin həcminin artmasına gətirib çıxaracaq. Yəni əvvəlki dövrlərdə bu hissədə müəyyən manevr etmək barədə xərcləri azaldırdılar. 

Lakin hazırda 2016-cı ildən tətbiq olunan qaydalar bu manevr imkanını məhdudlaşdırır. Eyni zamanda vergi dərəcələrinin artırılması da 2016-cı ilin yanvarından qüvvəyə minir ki, bu, əlavə xərclərə yol açacaq və bəhs etdiyimiz məhsulların qiymətlərinin bahalaşmasına səbəb olacaq. Qiymətlərin bahalaşması isə hazırkı situasiyada istehlakçılar üçün heç də arzu olunan deyil. Nəticədə isə tütün məmulatlarında və spirtli içkilərdə daha aşağı qiymətli və keyfiyyətsiz, orqanizm üçün zərərli olan məhsulların satışının artmasına səbəb olacaq. Amma düşünmürəm ki, bu, ümumi dövriyyənin azalmasına gətirib çıxarsın". 

İqtisadçı ekspert yeni qaydanın bir çox pərakəndə ticarət şəbəkələrinin ticarətinə maneələr yaradacağını bildirdi: "Yeni qaydalar bir çox pərakəndə ticarət şəbəkələrinin tütün məmulatlarının və spirtli içkilərin satışını həyata keçirməsində maneələr yaradacaq. Bunun nəticəsində də daha çox maliyyə imkanları daha üstün olan ticarət şəbəkələri bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirəcəklər. Bu pərakəndə ticarət şəbəkəsində daha çox kiçik ticarətlə məşğul olanların bu sahədə fəaliyyətlərini məhdudlaşdıracaq və son nəticədə də gəlirlərin azalmasına gətirib çıxaracaq. Digərlərinin isə bu sahədə rəqabət mühiti qeyri-müəyyən olduğu üçün bir sıra qrupların gəlirlərinin artımına gətirib çıxaracaq".

Yeni Müsavat

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.