İqtisadiyyat

"Beş bank bazarı tərk etməli olacaq"

4 Noyabr 2014 16:49
2 Şərh     Baxış: 3 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Problemli kreditlərin artması bank sektoru üçün çox böyük təhlükədir"

Mərkəzi Bankın məlumatına görə, problemli kreditlərin həcmi 1,2 milyard dolları ötüb. İlin əvvəlində kreditlərlə bağlı tələblərin sərtləşdirilməsi, məhdudiyyətlərin qoyulması problemin həllinə təsir göstərə bilməyib. Son zamanlar bank sektorunda baş verən proseslərə müəyyən aydınlıq gətirmək üçün İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevlə söhbətləşdik .

- Samir bəy, nə üçün Mərkəzi Bankın atdığı addımlar problemli kreditlərin həllində heç bir rol oynamadı?

- Həmişə vurğulamışıq ki, Mərkəzi Bankın problemli kreditlərlə bağlı açıqladığı rəqəmlər reallığı əks etdirmir. Əgər onların mövcud statistikasına inansaq, o zaman vaxtı keçmiş kreditlər ümumi kredit qoyuluşunda 5,5 faiz təşkil edir. Halbuki, beynəlxalq təşkilatlar tərəfindən bu rəqəm 10 faiz ətrafında göstərilir. Aparılan araşdırmalarımızın nəticəsi də, problemli kreditlərin həcmi beynəlxalq təşkilatların göstəriciləri ilə üst-üstə düşür.

Doğrudur, Mərkəzi Bankın kreditləşmədə müəyyən məhdudiyyətlər qoymasında məqsədi bu borclarla bağlı problemi həll etmək idi. Amma məhdudlaşdırıcı addımlar atılsa da, prosesə təsir göstərə bilmir. Çünki reallıqda problemli kreditlərin həcmi daha çoxdur. Bu gün 1 milyardlıq problemli kreditlərin 79 faizi manatın payına düşür. Artım da daha çox manatladır, nəinki xarici valyuta ilə. Digər tərəfdən, vaxtı keçmiş kreditlərin böyük bir hissəsi-56 faizi uzunmüddətli kreditlərdir. Bu onu göstərir ki, həmin vəsaitlər Mərkəzi Bankın atdığı addımlardan öncə verilən kreditlərdir. Hansı ki, vaxtında bank tərəfindən müştəri düzgün qiymətləndirilməyib, şərtlər yüngül olub və kütləvi kredit verilib. İndi həmin vəsaitlərin qaytarılmasında çətinliklər yaranıb. Bunun da əsas səbəblərindən biri kredit faizlərinin yüksək olmasıdır. Nə qədər ki, faiz dərəcələri yüksəkdir, problemli kreditlərin də həcmi artacaq. Bildirilir ki, bu vəsaitlərin strukturunda istehlak kreditləri daha yüksəkdir. Amma düşünürəm ki, problemli kreditlərin strukturunda biznes kreditləri üstünlük təşkil edir. Sayı az olsa da, həcmi böyükdür. Çünki biznes kreditləri həm böyük həcmdə, həm də uzun müddətli verilir.

- Amma bankların hesabatlarına nəzər yetirdikdə, problemli kreditlərin strukturunda istehlak kreditlərinin üstünlük təşkil etdiyini görərik. Biznes və ipoteka kreditləri sonrakı sıralarda qərarlaşıb...

- Düzü, ipoteka kreditlərinin yüksək paya malik olduğunu düşünmürəm. Problemli kreditlərin tərkibində ilk baxışdan istehlak kreditləri çox görünə bilər. Amma araşdırma apardıqda qaytarılmayan biznes kreditləri daha çoxdur. Son dövrlər banklar biznes kreditlərini çox məhdudlaşdırıb. Ona görə də bu sahədə əvvəlki qədər problemlər yoxdur.

- İlin əvvəlindən istehlak kreditlərinə müəyyən məhdudiyyətlər tətbiq edilsə də, yenə portfeldəki 41 faiz paya sahib olmaqla birinci yerdədir. Habelə, kredit qoyuluşlarının artımında da əsas üstünlük bu sektordadır...

- Son vaxtlar kredit şərtlərinin ağırlaşdırılması bazara öz mənfi təsirini göstərib. Məsələn, 2012-ci ilin 9 ayında kredit qoyuluşunun artımı 15,5 faiz olub, 2013-cü ilin müvafiq dövründə isə artım tempi 20,8 faizə qalxıb. Bu ilin 9 ayında isə artım 14 faiz təşkil edib. Göründüyü kimi, artım tempi aşağı düşüb. Deməli, Mərkəzi Bankın atdığı addımlar öz təsirini göstərib. Kredit qoyuluşunun lokomativi istehlak kreditləridir və bunun ətrafında baş verən proseslər birbaşa olaraq təsir göstərir. Son bir ildə kredit qoyuluşunun artımı 19,2 faiz təşkil edib. Halbuki, 2012-ci ilin sentyabrından 2013-cü ilin sentryabrına qədər bu rəqəm 30 faiz olub. Bu istiqamətdə artım tempinin getdikcə azaldığını görürük.

İstehlak kreditlərinin artım tempi isə ümumi kredit qoyuluşunun artım tempini üstələyib. Belə ki, ilin 9 ayında istehlak kreditlərinin artım tempi 16,7 faiz, son bir ildə isə 27,5 faiz olub. Tətbiq edilən məhdudiyyətlərə baxmayaraq banklar tərəfindən istehlak sektoruna pul qoyuluşunun payı hələ də çox yüksəkdir. Kredit şərtlərinin ağırlaşması banklar tərəfindən ev təsərrüfatının maliyyələşdirilməsini bazardan sıxışdırıb çıxara bilməyib. Müəyyən təşəbbüslər var ki, banklar tərəfindən biznes sahəsinə diqqət artırılsın. Amma bunun təsiri çox cüzidir. Sözügedən maliyyə spektoru istehlak kreditləşməsi bazarında oturuşub və uzun müddət bu bazardan çıxa bilməyəcək. Əvvəla biznes sektorunu maliyyələşdirmək üçün böyük həcmdə pul lazımdır. İkincisi, biznes sahəsində risklər istehlak sektorundan daha çoxdur. Risklər çox olduğuna görə, banklar da tələsmir.

- Vaxtı keçmiş kreditlərin artması bank sektorunda hansı problemlərin yaranmasına gətirib çıxara bilər?

- Problemli kredtilərin artması bank sektoru üçün çox böyük təhlükədir. Belə ki, problemin dərinləşməsi maliyyə təşkilatlarını bahalı kredit siyasəti həyata keçirməyə vadar edir, yəni faiz dərəcələrinin artırılmasına gətirib çıxarır. Bundan əlavə, bankın kredit verdiyi pul ya əmanətçilərə, ya da xarici maliyyə qurumlarına aiddir. Əgər bank kreditləri ala bilmirsə, o zaman onlar qarşısında daşıdığı öhdəlikləri yerinə yetirə bilmir. Belə bir vəziyyətdə bankın zərərinin artmasına, son nəticədə bankrot olmasına gətirib çıxarır. Ona görə də problemli kreditlərin artması zərərli aktivlərin yüksəlməsinə təkan verir. Əsas təhlükə müflisləşmə ilə bağlıdır. Təəssüf ki, Azərbaycan Mərkəzi Bankının atdığı addımlar effekt verə bilmir.

- Mərkəzi Bankın məlumatında göstərilir ki, 5 bank ləğv etmə prosesindədir. Bu banklar məcmu kapitalını yerinə yetirməyənlərdir, ya başqa ləğvetmə prosesindən söhbət gedir?

- Əslində, ləğvetmə prosesində olan banklar haqqında məlumat məcmu kapitalla bağlı qoyulan tələbdən də öncə var idi. Mərkəzi Bankın səlahiyyəti var ki, qoyulan qaydaları yerinə yetirə bilməyən bankların lisenziyasını ləğv etsin. Burada onların məcmu kapitalından əlavə başqa öhdəliklər də var. Müəyyən əmsallar, nisbətlər var ki, görünür bəzi banklar bu tələblərə cavab verə bilmir. Çox güman ki, həmin bankın 5-i də məcmu kapitalla bağlı tələbi yerinə yetirmədiyinə görə bazarı tərk etməli olacaqlar.

Son zamanlar sözügedən sektorda atılan addımlar neqativ hallara gətirib çıxarıb. Biz kreditlərlə bağlı yaranan problemlərdən danışdıq. Əmanətlərlə bağlı da ciddi siqnallar var. Məsələn, sentyabr ayında əmanət qoyuluşu azalıb. Əmanətlərin Sığortalanması Fondu faizləri aşağı salarkən, bildirmişdik ki, depozit qoyuluşunda problemlər yaradacaq. Yəni vətəndaşların əmanət bazarından qaçmasına gətirib çıxara bilər. Artıq depozitlərin həcmində əvvəlki ayla müqayisədə 30-32 milyon manat azalma müşahidə edilir.

- Bəlkə bu məcmu kapitalını ödəyə bilməyən bankların geri qaytardığı əmanətlərdir?

- Bəzi banklar var ki, onlara əmanət qəbulu qadağan edilib. Görünür, bunun da təsiri var. Amma mən bunu tək onunla əlaqələndirməzdim. Həm ilin sonuna qədər qoyulan tələb bitir və əmanətçilərdə bir narahatlıq var. Həm də "Bank of Azerbaijan"da üzə çıxan məlum səbəblərlə bağlı əhali buradan əmanətlərini geri çəkdi. Bütün bunlarla yanaşı, əmanətlərin sığorta faizlərinin aşağı düşməsi də depozitlərə qarşı marağı öldürdü.

- Əmanətlər üzrə sığorta faizlərinin aşağı salınmasından sonra kreditlərin ucuzlaşması hiss edildimi?

- Hər hansı ciddi təsirlərdən danışa bilmərik. Ortalama təqribən 1 faiz bəndi təsir göstərdi. Bəzi banklarda 1-2 faiz aşağı düşdü. Bunun da səbəbi Mərkəzi Bankın məhdudiyyətlərindən sonra, bəzi bankların imkanlarının daralması oldu. Xüsusilə, avtomobil kreditlərinin verilməsi ilə bağlı qadağalar oldu. Mərkəzi Bankın addımları müştərilərin sayını xeyli dərəcədə azaltdı. Bu zaman müştəri uğrunda mübarizə getdi və kreditlərin faiz dərəcələrinin aşağı düşməsi meyli yarandı. Ümumən isə, ciddi effekt vermədi. Bu gün faiz dərəcələrinə təsir göstərən amillər təkcə bank daxili məsələlər deyil, kənar faktorların da böyük rolu var.

- "Azər-Türk Bank"ın səhmlərinin 50 faizini Əmlak Məsələləri üzrə Dövlət Komitəsi almaqla, dövlət banklarının sayı ikiyə qalxdı. Dövlətin kapitallaşma ilə bağlı ciddi problemi olan bir bankı almasına ehtiyac var idimi?

- Buna ehtiyac görmürəm. Bu gün ölkəmizə neftdən kifayət qədər pul gəlir, post-neft dövrünü keçmək lazımdır. Dünya bazarında "qara qızıl"ın qiymətdən düşməsi Azərbaycanda post-neft dövrünü daha tez yaxınlaşdıra bilər. Belə deyək, dövlət öz yükündən azad olunmalıdır. Bank sektoru elə bir sahədir ki, ölkədə makroiqtisadi sabitlik olmayanda ilkin olaraq burada özünü göstərir. Belə olan halda, dövlət bank alıb, problemlərini öz üzərinə götürməsi arzuolunan deyil. Çünki hər hansı bir problem çıxsa, dövlət onu yenidən satmağa məcbur olacaq. Doğrudur, "Azər-Türk-Bank"ın 6 faizi "Aqrokredit" bank olmayan kredit təşkilatına məxsus idi. "Aqrokredit"in əsas səhmdarı da Əmlak Məsələləri üzrə Dövlət Komitəsi idi. İndi 50 faizinə sahib çıxması bankın yükünü üzərinə götürməsi deməkdir. Bu, rəqabət mühitini daha da poza bilər. Belə olan təqdirdə, dövlət sifarişləri həmin banka yönəldiləcək, digər kommersiya bankları isə dövlət dəstəyindən kənarda qalacaq.

Bizimyol.info
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.