İqtisadiyyat

Yaxın 5-7 ildə Azərbaycan neft-qaz asılılığından tam xilas olacaq

13 Oktyabr 2014 15:09
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın qeyri-neft sektorunun inkişafı ÜDM-in ümumi artımı ilə müqayisədə ən azı iki dəfə qabaqlayan tempi yaxın 5-7 il ərzində ölkənin tamamilə neft-qaz sektorundan asılılığından xilas olacağına zəmanət verir. Bu barədə bazar ertəsi Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev bildirib.

R.Quliyev bu yaxınlarda Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının çıxışını şərh edərkən deyib: "Prezident İlham Əliyev iqtisadiyyatın hazırkı inkişafından razı qaldığını açıq şəkildə bildirdi. İqtisadi uğurlar göz önündədir və qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun artımı 6 faiz səviyyəsindədir. Yəni, qeyri-neft sektorunun artımı ÜDM-in ümumi artımını təxminən iki dəfə qabaqlayır. Əminliklə deyə bilərəm ki, 10-15 il bundan əvvəl beynəlxalq ekspertlərin bizi xəbərdar etdikləri "holland sindromu"ndan qaça bildik. Azərbaycan Prezidentinin sınanılmış iqtisadi siyasəti bu problemlərdən qaçmağa imkan verdi və artıq "holland sindromu" bizi qorxutmur".

O qeyd edib ki, qeyri-neft sektorunda müşahidə olunan artım artıq büdcə xərclərini ödəməyə imkan verir: "Məqsədimiz iqtisadi inkişafımızın uzun müddət lokomotivi olmuş neft-qaz sektorundan asılılıqdan tam azad olmaqdır. Növbəti sıçrayış artıq tam olaraq qeyri-neft sektorunun hesabına həyata keçiriləcək".

Deputat bildirib ki, Azərbaycan digər makroiqtisadi göstəricilər üzrə də böyük uğurlar qazanır: "Hesabat dövründə [2014-cü ilin yanvar-sentyabr ayları] inflyasiya cəmi 1,5 faiz, işsizlik 5 faiz təşkil edib, Azərbaycan manatı isə bütün postsovet məkanında aparıcı dünya valyutalarına (dollar və avroya) nisbətən ən sabit valyutadır. Qeyd etmək lazımdır ki, son 3-5 il ərzində Azərbaycan manatından başqa postsovet məkanındakı bütün milli valyutalar devalvasiyaya məruz qalıb".

R.Quliyevin sözlərinə görə, bu, Azərbaycanda möhkəm valyuta-maliyyə sisteminin mövcudluğundan xəbər verir: "Azərbaycanın iqtisadi modelinin unikallığı özünü daha parlaq şəkildə büruzə verəcək. Bizim öz iqtisadi modelimizin indiyədək mövcud olan modellərdən ən yaxşısı olduğunu bütün dünyaya sübut etmək imkanımız var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.