Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır.
Milli.Az xəbər verir ki, bunu Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli Ankarada baş tutan "Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusundakı paneldə deyib.
Sahil Kərimli çıxışında Qafqaz regionunun Avropa və Asiya arasında strateji körpü olduğunu vurğulayıb: "Qlobal ticarət axınları dəyişir, dünyada yeni nizam formalaşır. Bu kontekstdə Orta Dəhliz regionun əhəmiyyətini daha da artırır. Orta Dəhlizin iqtisadi önəmi, ilk növbədə, ticarət dövriyyəsinin artması ilə bağlıdır. Şərqdən Qərbə yük daşımalarının daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yaradır. Cənubi Qafqaz ölkələri tranzit ölkə kimi iqtisadi gəlirlərini artıracaq, regionda ticarət həcmi genişlənəcək."
Onun sözlərinə görə, dəhliz boyunca limanların, dəmir yollarının və gömrük keçidlərinin inkişafı həm də yeni iş yerlərinin yaradılmasına səbəb olacaq: "Regional inteqrasiya güclənəcək, ortaq infrastruktur layihələri ölkələrimiz arasında iqtisadi əməkdaşlığı daha da artıracaq. Cənubi Qafqaz ticarət mərkəzinə çevriləcək. Orta Dəhliz həm Şimal, həm də Cənub dəhlizlərinə alternativ kimi strateji rol oynayır və beynəlxalq şirkətlər üçün riskləri azaldır. Yük daşımalarında vaxt itkisinin qarşısı alınır. Orta Dəhliz ənənəvi dəniz yolundan daha qısadır, bu da çatdırılma müddətini və nəqliyyat xərclərini azaldır."
Sahil Kərimli çıxışının davamında Avropanın enerji təhlükəsizliyində Orta Dəhlizin mühüm rol oynadığını vurğulayıb: "Enerji mənbələrinin şaxələndirilməsi Avropa üçün strateji məqsəddir və Cənubi Qafqaz bu hədəfin reallaşmasında əsas həlqədir. Cənubi Qafqaz və Orta Dəhliz XXI əsrin ticarət, nəqliyyat və enerji xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir. Region yalnız tranzit ərazi deyil, həm də qlobal iqtisadi təhlükəsizlik, enerji müxtəlifliyi və beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır."
Sahil Kərimli qeyd edib ki, infrastrukturun inkişafı, iqtisadi inteqrasiya və sabitlik bu əhəmiyyəti daha da artıran əsas faktorlardır: "Azərbaycan və Türkiyə həm siyasi, həm iqtisadi sahələrdə dərin əməkdaşlıq edən iki qardaş dövlətdir. Hər zaman bir-birimizin yanındayıq."
Qeyd edək ki, Ankarada Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Politika və Strateji Araşdırmalar Vəqfi (TÜRKPAV) əməkdaşlığı ilə "Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji" mövzusunda panel Ankarada baş tutub.
Tədbirdə Qazi Universitetinin rektoru Prof. Dr. Uğur Ünal, Azərbaycanın Ankaradakı səfirliyinin missiya rəhbərinin müavini - müşavir Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin Bayındırlıq, İmar, Ulaşıma və Turizm Komissiyasının sədri, AK Parti Trabzon millət vəkili Adil Karaismailoğlu, Bakı Network Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli, Azərbaycan Beynəlxalq Münasibətlər və Təhlil Mərkəzinin eksperti Fuad Abdullayev, Azərbaycan Dövlət Televiziyasının redaktoru Mahir Qəribov və çox sayda qonaq iştirak edib.
Milli.Az





