İqtisadiyyat

Gənclərin sahibkarlıq fəaliyyətinə marağı artır

1 Aprel 2025 10:34
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən dövlət dəstəyi mexanizmlərindən yararlanmış sahibkarların və biznesə başlamaq istəyən şəxslərin əhəmiyyətli hissəsi gənclərdir. Təkcə 2024-cü ildə Agentliyin biznes üzrə bilik və bacarıqların artırılmasına dair təlim, məsləhət və biznes planın hazırlanması xidmətlərindən faydalananların 40%-ni gənclər təşkil edib. Biznes subyektini vergidən azad edən "Startap" şəhadətnaməsi almış KOB-ların 30%-dən çoxu, qrant dəstəyindən yararlanmış sahibkarların isə 30%-i gənc sahibkarlar və startaplardır.

KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və bu sahədə onların təşəbbüslərinin dəstəklənməsi üçün peşə və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif peşə və ali təhsil müəssisələrinin tələbələri ilə görüşərək sahibkarlıq fəaliyyəti, bu sahədə dəstək alətləri üzrə ilkin məlumat verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin, biznes fəaliyyətinə marağı olan tələbələr üçün təlimlər təşkil edilir.

Eyni zamanda KOBİA və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə gənclərin biznes təşəbbüslərinə dəstək məqsədilə müxtəlif layihə və proqramlar həyata keçirilir. Gənclərin biznesə başlaması üçün ilkin dəstəyi təmin edən "Gənclərin biznes emalatxanası" və biznes ideyalarının maliyyələşdirilməsinə töhfə verən "Bizdən biznəsə" layihələrindən 60 gənc faydalanıb.

Agentliyin "KOB könüllüləri" proqramı da idarəetmə, biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə və magistrların sahibkarlıq sahəsində ilkin biliklərə yiyələnmələri üçün faydalıdır. Bugünədək 700-dən çox gənc proqramı uğurla başa vurub. Onlar arasında özəl sektorda çalışan gənclər xüsusilə seçilir.

Qeyd edək ki, Azərbaycan əhalisinin 23%-ə yaxınını gənclər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.