Bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının mərkəzi qərərgahında COP29 Sədrliyi və Federasiyanın birgə təşkilatçılığı ilə iqlim dəyişikliyi və qlobal sülh arasındakı qarşılıqlı əlaqəyə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Cenevrədə yerləşən BMT qurumlarının, beynəlxalq humanitar təşkilatların, eləcə də BMT üzv dövlətlərin daimi nümayəndəlikləri iştirak etdi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqan Çapagain Azərbaycana, iqlim dəyişikliyi və sülh arasında bağlantı mövzusuna diqqət çəkdiyinə görə, təşəkkürünü bildirdi və COP29 sədrliyimizin bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirdi.
COP29 Sədrliyinin Baş müşaviri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan Sülh, Yardım və Bərpa günü haqqında ətraflı məlumat verdi. Natiq iqlim dəyişikliyi nəticəsində su çatışmazlığı, ərzaq təhlükəsizliyi, torpaq deqradasiyası və miqrasiyanın artan miqyasına diqqəti çəkərək bu problemlərin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirdi.
"500 milyondan artıq əhalinin üzləşdiyi bu problemlərinin həlinə iqlim maliyəsinin cəmi 2% xərclənir, bu da öz növbəsində onsuzda az inkişaf etmiş ölkələrin hələ uzun illər aclıq, münaqişə, xəstəliklərə düçar qalması üçün zəmin yaradır. İnkişaf etmiş ölkələri, süni şəkildə siyasiləşdirilən məsələlər deyil, məhz bu kimi real fəlakətlər narahat etməli, bu istiqamətdə əməli addımlarını şərtləndirməlidir. COP29 sədri kimi Azərbaycan irəli sürdüyü təşəbbüslər vasitəsilə məhz bu yolda həqiqi sülhə xidmət etməkdə əzimlidir." - deyə İskəndərov vurğuladı.
Tədbir zamanı COP29 sədrliyinin təşəbbüsü olan İqlim və Sülh Fəaliyyəti üzrə Bakı Mərkəzinin konsepsiyası, həmçinin qeyd olunan sahədə əməli təklifləri özündə ehtiva edən İqlim Üçün Bakı Sülh Çağırışının ilkin layihəsi tədbir iştirakçılarına təqdim edildi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Galib İsrafilov Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi üzrə təşəbbüslərinin beynəlxalq sülhün gücləndirilməsinə xidmət edən amillərinə diqqət çəkdi.
42 ölkə və 12 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbir zamanı aparılan müzakirələrdə COP29 sədrliyinin iqlim və sülh mövzusu üzrə təqdim etdiyi gündəlik yüksək qiymətləndirildi, nümayəndələrimiz tərəfindən tədbir iştirakçıların coxsayli sualları ətraflı şəkildə cavablandırıldı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun