Bərdədə soğanın sahələrdən toplanmasına başlanıb. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Bu məhsulun alıcılıq qabliyyətinin və qiymətlərinin yaxşı olması isə fermerlərin üzünü güldürür.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Bərdədə soğan istehsalçıları müasir becərmə texnologiyalarından və daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar. Artıq rayon ərazisində soğan yetişdirən təsərrüfat sahibləri bir neçə gündür ki, məhsulun yığımına başlayıblar.
Təsərrüfat sahibləri deyirlər ki, hazırda yığımına başlanan soğan tez əkilir və tez də yığılır. Yəni bunun yığılıb satılması üçün bir ay və ya ay yarım vaxt lazımdır. Qeyd olunan müddətdə soğan yığılıb satılmazsa, sahələrdə qalıb xarab ola bilər. Amma təsərrüfat sahiblərinin belə bir qorxusu yoxdur, çünkü hazırda soğanın alıcısı kifayət qədərdir. Qiyməti də keçən ilə görə 3-4 dəfə bahadır.
Qeyd edək ki, payızda əkilən soğanın yığımı may-iyun aylarında həyata keçirilir. Yazda əkilən soğan yığımına isə avqust ayında başlanacaq.
Milli.Az