Mədəniyyət

Allahı danan müəlliminin başına stul çırpdı, ömür boyu övladı olmadı, qızlığını xalası oğluna qısqandı - Xalq artistindən maraqlı faktlar

24 Oktyabr 2020 15:00
Baxış: 14 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kulis.az-a istinadən məşhur xanəndə, Azərbaycanın Xalq Artisti Hacıbaba Hüseynov haqqında maraqlı faktları təqdim edir.

Hacıbaba Hüseynəli oğlu Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi ailəsində anadan olub. O, atası Hüseynəli kişi ilə anası Seyid Fatimənin ilkiydi. Ondan sonra ailədə yeddi uşaq da dünya gəlib. Amma biri uşaqkən vəfat edib. Qalanları uzunömürlü olublar. Böyük ailəsini dolandırmaq üçün Hüseynəli kişi daş daşıyır, ağır işlər görürdü. Hüseynəli kişi də, Seyid Fatimə də dindar adam idilər.

***

Hacıbaba erkən yaşlarında məscidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov Zülfünün oxuduqlarını təkrar edir, ona oxşamağa çalışır.

Əslində, ata nənəsinin Hacıbabadan gözlədikləri başqaydı. Nənəsi onun dini savad alıb axund olmasını istəyirdi. Bu ümidlə: "İstəyirəm Hacıbaba mollaxanaya getsin", - deyirdi. Sonralar yaşlı qadın sevimli nəvəsinin axund olmamasına təəssüflənir, göz yaşı tökürdü: "Mən uşağımı mollaxanaya qoyacaqdım. Onu axund görmək istəyirdim. Gör, uşağım getdi nə oldu...".

***

Hacıbabanın da yaxşı səsi olduğunu məhəllədə hər kəs bilirdi. Hələ uşaq olanda onu dəfələrlə məscidə azan verməyə aparmışdılar. Tezliklə bu xəbər Hacıbabanın oxuduğu məktəbə də çatır. Sovet hakimiyyətinin dinə, dindarlara qarşı mübarizə apardığı, insanları allahsızlaşdırmağa çalışdığı illər idi. Belə bir vaxtda sovet məktəblisinin məscidə getməsinə, azan oxumasına etinasız qalmazdılar. Hacıbabanı da müəllimi buna görə danlayırdı. Körpəlikdən dini söhbətlər eşidən, dinə bağlı olan məktəblini müəlliminin sözləri bərk qəzəbləndirir. Ona görə də masanı qaldırıb onun başına çırpır və məktəbdən çıxır. Beləcə, Hacıbaba Hüseynovun təhsili həyatı 4-cü siniflə bitir.

Atası ilə birlikdə dənizə çıxır, hələ bərkiməmiş qollarının gücüylə qayıqla gətirilən malları daşıyır. Sonra bir sənət sahibi olmaq üçün xarratlığı öyrənir.

***

Ona qədər nəsillərində oxuyan olmamışdı. Kiçik yaşlarında arabir dodaqaltı zümzümə etdiyinə görə atası xəbərdarlıq etmişdi: "Bilirəm səsin var, hərdənbir mızıldanırsan. Amma birdən çaşıb xanəndə-zad olarsan ha..."

***

Atasının xəstəliyə tutulması, bir müddət yataqdan qalxa bilməməsi Hacıbabanın qayğılarını daha da artırır. Hüseynəli kişi vəfat edəndə Hacıbaba iyirmi bir, iyirmi iki yaşlarındaydı. Atasını itirəndən sonra ailənin yükünü təkbaşına çiyinlərinə götürməli olur. Xarrat kimi işlədiyi zavodda böyük hörmət qazanır. Elə buna görə də onu müharibəyə aparmırlar. 1943-cü ildə ona çağırış vərəqi gəlir. Yola düşməyə az qalmış Hacıbabanı vaqondan düşürdürlər ki, əmr var, sən gərək burda qalasan.

Bir gün anasını qohumlarıgilə aparanda qonşuda bir qız görür. Əslən qarabağlı olan qızın adı Mehparəydi. O da nənəsigilə qonaq gəlibmiş. Hacıbaba Mehparəyə vurulur. Qızla evlənmək istədiyini anasına söyləyir. Elçi gedirlər. 24 yaşlı Hacıbaba 19 yaşlı Mehparə ilə 1943-cü ildə ailə qurur. Ancaq müharibə olduğu üçün toy etmirlər. Sonralar Hacıbaba Hüseynov zarafatla deyərmiş: "Camaat aclıqda arvadını boşayırdı, mən isə evləndim".

***

Yeni evlənənlərə Çəmbərəkənddə baba evində balaca bir otaq ayırırlar. Qara çörəyin güclə tapılan günlərində Hacıbaba həyat yoldaşına təsəlli verir:

"Darıxma, bir az döz. İndi müharibədir. Sonra səni elə yedirib-geyindirəcəyəm ki, hamı barmaqla göstərib deyəcək ki, Hacıbabanın arvadına bax"...

Əlli bir illik evlilikləri boyunca çox gözəl günlər yaşayırlar. Uzun illər övlad həsrəti çəksələr də, onların övladı olmur. Nəhayət belə qərara gəlirlər ki, Mehparə xanımın bacısı qızı Sədaqət xanımı övladlığa götürsünlər. Sədaqət xanım müsahibələrinin birində danışır:

"Balaca olanda məni qoymadı ki, dövrün dəbi ilə onu "papa" çağırım. "Ağa" deməyimi istədi. Özü də atasına "ağa" deyə müraciət edərmiş. Mən orta məktəbdə oxuyanda ardımca gəlirdi. Yoldaşlarım deyirdilər ki, baban gəlib. Yaş fərqimiz böyük idi. Heç sıxılmırdım, cavab verirdim ki, atamdır. Təəccüblənirdilər. Atam çox qısqanc adam idi. Məni hətta xalam oğlu ilə danışmağa qoymurdu. Atam "Sankazver Cabir"lə dost olub. Məhəllədə belələri ilə dost kimi görüşüb-danışıb, oturub-durub. Amma onların bəzi əməlinə qoşulmayıb".

Qohumu qarmonçalan Teymur Dəmirov onu özü ilə toylara aparmağa başlayır. Əvvəl xanəndə yox, nağaraçalan kimi toylara gedir. Bunu yalnız ailəsinin maddi vəziyyətinə görə edir. Yavaş-yavaş xarratlıqdan uzaqlaşmağa, toylara getməyə başlayır. Müharibənin başa çatmasına az qalmış bir gün baldızı, xanəndə Sara Qədimova onlara qonaq gəlir. Mehparə xanım sözarası deyir: "Ay Sara, Hacının da yaxşı səsi var, hərdən oxuyur". Sara xanımın, Mehparə xanımın, anasının israrı ilə Hacıbaba oxumağa başlayır. Oxuyub-qurtaranda görür Sara xanım ağlayır. Hacıbaba zarafata salıb deyir:
"Ay qız, yəni mən elə oxudum ki, sən ağladın?..".
Sara Qədimova deyir:
"Hacı, sən əməlli-başlı xanəndəsən ki...".

***

Sara Qədimova tarzən Əhmədxan Bakıxanovla bəstəkar Cahangir Cahangirova yeznəsindən danışır. Hacıbaba Hüseynov Əhmədxan Bakıxanovun ansamblı ilə oxuyur, həm də toylara gedir. Amma televizora çıxmaqda Sara xanımın rolu olub.

Cavanlıqdan şeir, qəzəl, müxəmməs yazıb. Bir də çox mütaliə edib, qəzəl kitabları oxuyub. Seyid Əzimi çox sevirdi. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır.

***

Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Bilal Əliyev onun tələbələri olublar. Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalar da, onun ifasından çox bəhrələniblər.

***

Ömrü boyu İmam Hüseyn üçün ağlayıb. Həmişə deyərmiş ki, Allah mənə imam Hüseynin ziyarətini qismət etsin. Ziyarət arzusu gerçəkləşəndən sonra isə deyib ki, mən ölmərəm e daha, Həzrəti Əlinin quyusundan su içmişəm.

Ondan sonra da Fransaya, İsveçrəyə, Belçikaya qastrol səfəri olur. Həkimlər icazə vermir. Dilindən kağız alırlar, sonra səfərə buraxırlar. Hacıbaba deyir ki, yox ey, mən ora gedəcəm, Sədaqət məndən videomaqnitofon, bir də şuba istəyib, onu alıb gətirəcəm. Təyyarədən düşəndə ona aldığı hədiyyələri əlində tutur ki, Sədaqət görsün.

***

Yetmiş yaşına qədər heç bir fəxri ad almayan xanəndə Xalq Artisti adını alanda da çox sevinmir. Qızı Sədaqət xanım deyir ki, Əvvəllər hərdən ziyarət etdiyi Bibiheybət qəbiristanlığına son illərində tez-tez gedir. Ancaq özünü əvvəlki kimi gümrah hiss etmirdi. Son vaxtlar toylara da getmirdi. Birdən-birə halı dəyişdi. Həkimə apardıq. Dedilər işemiyadır. On gün sonra xəstəxanada qaldı, evə gətirdik. Yavaş-yavaş arıqlayırdı, sonra təngnəfəslik başladı. Uşaq vaxtı pnevmaniya keçirmişdi, ağ ciyərində ləkə vardı. Təngnəfəslik ağ ciyər xərçənginə çevrildi. Xəstəliyini bilmirdi. Bir qonaqlıqda çox danışmış, bir az da oxumuşdu. Ona bu qədər danışmaq olmazdı. Ağır xəstə idi. Xəstəxanadan cəmi 10 gün idi çıxmışdı. Qonaqlıqdan evə gec qayıtdı. Onu gözləyirdik. Bir oğlan qolundan tutub birtəhər gətirdi, ağzından qan gəldi. Əli ilə su istədi, verdim. Həkim çağırmağa getdim, zəng vuranda artıq keçinmişdi".

***

24 oktyabr 1993-cü ildə 74 yaşında dünyasını dəyişən xanəndə qızına vəsiyyət edir ki, dəfini heç kimə verməsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.