Mədəniyyət

Azərbaycanlı məşhur qeyri-adi filmindən danışdı: "Məktəbə sevişməyə gəlir..." - FOTO

14 Sentyabr 2018 23:11
0 Şərh     Baxış: 1 552

Milli.Az publika.az-a istinadən aktyor Kamran Ağabalayevin müsahibəsini təqdim edir.

- Kamran bəy, gündəmdə "Ağacdələn" filmidir.

- Bəli... Film ağacdələnin üzərində qurulub. Hələ ibtidai sinifdə oxuyandan bilirik ki, ağacdələn meşənin sanitarı sayılır. Odur ki, cəmiyyəti təmizləmək, baş verənləri üzə çıxarmaq üçün ağlıma ağacdələn mövzusu gəldi. Filmi izləyəndə görəcəksiniz ki, hadisələr cəmiyyətimizdə baş verən bir sıra hadisələrə çox bənzəyir, lakin filmdə cərəyan edənlər bir-birinə tam bağlıdır və xəyali məhsuldur. Kim necə istəsə elə də anlayacaq. Məsələn, yayımlanan tizerdə ağacdələn həkimə sağ ayaq əvəzinə solu kəsməyi təklif edir, digər hadisənin qəhrəmanı Bakıda yaşayan bir geydir. Növbəti hadisədə 11-ci sinifdə oxuyan dayısı qızını 11 bıçaq zərbəsilə öldürən, hətta bıçağı ürəyində sındıran gəncin ətrafında cərəyan edir. Təhsil mövzusuna da toxunmuşuq. Məktəblərdə son zamanlar qəribə hadisələr yaşanır. Deməyəcəm necə hadisələrdir. Yəni kimsə məktəbə geyimini göstərməyə, kimsə təhsil almağa, kimsə də sevişməyə gəlir.

- Məncə, bu bölgü hər zaman olub.

- Mən bunu danmıram, amma biz məktəbli olduğumuz illərdə nəzarət vardı. Məsələn, mən fəxr edirəm ki, 190 nömrəli məktəbdə oxumuşam. İndi-indi anlayıram ki, niyə direktorumuz Sona xanım öz kabinetində oturmurdu, davamlı mərtəbələri gəzirdi. Sağ olsun! O vaxtlar barmaqarası yanaşırdım, vaxt keçdikcə anlayıram ki, bəli, mən müəllimlərimə borcluyam. İndiki uşaqlar bu baxımdan kasaddır. Hətta Azərbaycan dili müəllimim Ramizə xanım bizə mürəkkəb qaydaları öyrədəndən sonra mütləq qulağımızı dartırdı ki, bu ağrının hesabına dediyimi yadda saxlayacaqsınız. Bu günsə geyimlər də, xarakterlər də fərqlidir. 6-7-ci sinif şagirdləri artıq bilirlər ki, uşaqları nə leylək gətirir, nə də kələm qabığından tapırlar.

- Sözün açığı, mən də o yaşda hər şeydən agah idim.

- Amma biz inanmaq istəyirdik axı. Məsələn, mən indinin özünə qədər Şaxta babanın varlığına inanmaq istəyirəm. Biz Şaxta baba demişik, Avropada isə Müqəddəs Nikolas kimi tanınır. Bunlara inanmasam, biləcəm ki, böyümüşəm.

- Və siz böyümək istəmirsiniz...

- Heç istəmirəm. Ətrafıma, cəmiyyətə baxıram, uşaqlığımdan daha möhkəm yapışıram.

- Bir məqama toxundunuz, bunun üzərində durmaq istəyirəm. Qulaq buraraq şagirdin yaddaşını möhkəmləndirməkdən danışdıq. Axı indi dünyanın ən qabaqcıl sistemi olan fin təhsili əksini sübut etdi. Yəni uşağa tam azadlıq verərək, məktəb qəlibindən uzaq tutaraq, daha yüksək nəticə əldə etmək olar.

- Doğrudur, amma Avropa insanının da bəyənmədiyim bir sıra xüsusiyyəti var. Məsələn, onlar öz sahələrində mükəmməl ola bilərlər, amma adi Kulikovo döyüşündən, ən bəsit coğrafi toponimlərdən xəbərsizdirlər. Sual verəndə də əminliklə deyirlər ki, axı bu mənim sahəm deyil. Niyə bilməliyəm? Bilmirəm, bu doğrudur, ya yox?

- Əslində çox maraqlı məqama toxundunuz. Yaxınlarda bir almanla müsahibə etdim. Eynilə bu fikri səsləndirdim. O isə cavabında - əgər sənin ölkənin geniş dünyagörüşlü insanı bizə müalicəyə gəlirsə, demək bu sistem doğrudur - dedi. Yəni sağ ayaq əvəzinə solu kəsən həkimin ədəbiyyat biliyi nə dərəcədə vacibdir?

- Yəqin ki, bu daha vicdanlı yanaşmadır. Hərtərəfli biliyimiz sayəsində Nizaminin, Füzulinin belə milli mənsubiyyətini dünyaya sübut edə bilməmişik.

- Ağacdələnin qurbanları rolunda hansı aktyorlarımızı görəcəyik?

- Sənubər İskəndərli, Qurban İsmayılov, Zarina Qurbanova, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elcan Rəsulov, Elvin İbranı görə biləcəksiniz.

- Film artıq hazırdır?

- Montaj prosesindəyik. Hazır olandan sonra kinoteatrlarda izləyə biləcəksiniz.

- Son dövrlər xarici kinolarda ən çox adı hallanan yerli aktyorumuz yəqin ki, sizsiniz...

- 6-ya yaxın türk filmində, 1 serialda, bundan əlavə Amerikada, İranda, Rusiyada filmlərdə çəkilmişəm. Bir sözlə, çox set görmüşəm. Ona görə inanırdım ki, "Ağacdələn"in rejissorluğunun öhdəsindən gələcəm. Mənimlə birgə çalışan yaradıcı qrupun bütün üzvlərinə minnətdarlığımı bildirirəm. Onlar mənə inanmasaydı, "Ağacdələn" də ərsəyə gəlməzdi. Bir şeyi sübut etdik ki, sənətə sevgi varsa, kiçik büdcə ilə də, minimal aktyor sayı ilə də film çəkmək olar.

- Doğrudur. Bu yaxınlarda Konstantin Xabenskinin iştirakı ilə bir film izlədim. Əsas süjet xətti ofisindən kənara çıxmayıb, sutka ərzində yalnız telefon zəngləri edən müdir üzərində qurulub. Kifayət qədər də gözəl filmir.

- Xabenski mənim də çox sevdiyim aktyordur. Bilirsiniz, onun filmlərini bir də niyə sevirik? Çünki bilirik ki, həyatda da kifayət qədər yaxşı insandır. Bu artıq şüuraltı faktordur. Eyni vəhdət mərhum böyük sənətkarımız Fuad Poladova da aiddir. Onun sənəti ilə xarakteri bir-birini möhtəşəm şəkildə tamamlayırdı. Yaxud dünya kinosunun dahisi Marlon Brando ağır xarakteri ucbatından çox çətinlik çəkdi.

- Maraqlıdır, aktyora insaniyyətinə görə dəyər verməliyikmi?

- Bəxtimdən 2010-cu ildə ilk çəkildiyim filmin ilk səhnəsində Fuad Poladovla tərəf müqabili olmuşam. Həyəcanla dayanmışam, texnikadan xəbərim yox...Yaxınlaşıb dedi ki, niyə süst qalmısan, başqası olsa, sevinər ki, filmə çəkilirəm. Dedim, bir tərəfdən sevinirəm ki, sizinlə çəkilirəm, digər tərəfdən də mən ambisiyalı insanam. Səhnədə sizdən geri qalmaq istəmərəm, amma indi boşam. Nə etməli olduğumu bilmirəm. Dedi, mətnini deyə-deyə 17-ni 14-ə vurarsan. Sonra sənətdən hali olunca öyrəndim ki, vurma cədvəlini düşünərkən bütün impulslar gözdə cəmlənir, baxışlar daha təsirli olur.

- Böyük sənətkarımız dünyasını dəyişəndə sosial şəbəkədə status paylaşdım. "Sən nə De Nirodan, nə də Paçinodan heç nəyinlə geri qalmırdın. Yeganə yanlışın bu ölkədə doğulmağın idi". Bəs qorxmursunuz ki, siz də o yaşa çatanda haqqınızda belə fikir səsləndirəcəklər?

- Mən gənc aktyorlara nəzər salıram, hamısı şöhrət ardınca qaçır. Mənsə, sadəcə oynamağı, filmin bir parçası olmağı sevirəm. Aktyorluğuma dəyər yükü də qoymuram. Riçard Gir də deyir ki, bərbad aktyoram, amma bəxtim gətirib. Mən də belə düşünürəm. İranda, Amerikada, Rusiyada maraqlı ekran əsərlərində yer almışam. İndinin özünədək Türkiyədən yaşayıb, çalışmaq dəvəti alıram. Amma köçməyi düşünmürəm.

- Niyə?

- Çünki bizim qayığımız artıq tərpənib. Mən də bu qayıqda olmaq istəyirəm və nə qədər absurd səslənsə də, Bakısız qala bilmərəm. Şəhərimi sevirəm. Valideynlərim bu torpaqda uyuyur. Hər səhər Xəzərin sahilində gəzişirəm. Bütün bunlardan özümü məhrum edə bilmərəm. Amma nə vaxtsa köçmək istəsəm, bu şəhər mütləq Tbilisi olacaq. Çünki çox dəyişib. Əsl Avropa ruhu hopub şəhərə. Hara getsəniz, sizi gülümsəyən insanlar qarşılayacaq. Bir də belə bir deyim var ki, gürcülər dünyaya yorğun gəlib. Bu dünyada dincəlirlər.

- Fransızlar kimi...

- Bəli. Özü də dincəlməyi bacarırlar. Bizdən fərqli olaraq, istirahət anlayışları tək yeməklə bitmir.

- Bəs hansı ölkənin kinematoqrafiyası sizə daha doğmadır, ilham verir, öyrədir?

- Qəribə bir məqam var. İnsan kino sahəsində çalışırsa, heç bir filmə pis deyə bilmir. Çünki həmin əziyyəti sən də dadırsan. Başqasının işi zəif olsa da, pisdir deyə bilmirsən. Ümumiyyətlə, komediya janrı mənə yaddır. Amma ingilis yumorunu sevirəm. Bizdə isə qurşaqdan aşağı komediyalar aktualdır. Düşünürəm ki, bu baxımdan ingilislərin səviyyəsinə çatmağımıza hələ 30-40 il vaxt lazımdır. Bu gün İran kinematoqrafiyası çox güclüdür. Bizim gözümüzdə böyük problem kimi görünən məsələləri onlar özlərinə dərd etmirlər, çox asan həlli yollarını, alternativlərini tapırlar. Kiçik komanda ilə film çəkməyi də onlardan öyrənmişəm. İran filmi ciddi mesaj verir, insan münasibətləri üzərində qurulub. Filmin əsas vəzifəsi də bu olmalıdır. Kino bədən dilindən də ibarətdir, amma getdiyim bütün xarici kurslarda bir şey öyrənmişəm. Kino göz ünsiyyətidir. İnsan roluna bürünməməlidir. Sadəcə sən xarakteri mənimsəyib, özününküləşdirməlisən. Bu problemə görədir ki, azərbaycanlı aktyorlar 45 yaşdan sonra ürək xəstəliyinə tutulurlar. Aktyor necə deyə bilər ki, mən bu filmə baxanda obraza büründüyümü hiss etdim?! Sadəcə təklif olunan vəziyyət və sənin ona münasibətin var.

- Bəs bu gün yerli kino biznesində təklif olunan vəziyyətə ən gözəl münasibət göstərən aktyor kimdir?

- Tam səmimiyyətlə deyirəm, bu gün dünya kinosunda ən çox sevdiyim aktyor Qurban İsmayılovdur. O nə De Nirodan, nə də Hopkinsdən geri qalır. Hətta 2017-ci ilin ən yaxşı Avrasiya aktyoru seçilib. Belə güclü aktyor olandan sonra mütləq məşhurlaşacaqsan. Bəziləri düşünür ki, instaqram səhifəsində izləyicilərinin sayı çoxdursa, demək şan-şöhrət onu tapıb. Dünyanın heç bir yerində belə şey yoxdur. Məsələn, məni Türkiyəyə sosial şəbəkələrdəki fəallığıma görə dəvət etməmişdilər. Türkiyədə çəkildiyim ilk filmdəki obrazıma artıq aktyor da dəvət olunmuşdu. Mənə isə epizod verirdilər. Rejissora heç nə demədən, istədiyim obrazdan bir parça oynayıb, videoya çəkdim. Sona həmin kadrı yaradıcı heyətə göndərdim. Zəng vurdular ki, biz bu rolu sizə verməyə hazırıq, gəlin görüşək. Yəni demək istəyirəm ki, bir şeyi çox istəyirsənsə, mütləq yerinə yetəcək.

- Son vaxtlar vaynerlər məhsuldarlıqda da, məşhurluqda da aktyorları geridə qoyurlar. Hətta rejissorların da maraq dairəsində aktyorlardan çox vaynerlərdir. Düşünmürsünüzmü ki, gün gələcək tammetrajlı filmlərimiz 5-10 dəqiqəlik vaynlarla əvəzlənəcək?

- Xeyr, bu heç vaxt baş verməyəcək. Hətta Türkiyənin ən məşhur vaynerlərindən olan Ali Kundilli məşhurluğuna rəğmən, son dövrdə filmlər çəkməyə başladı və daha çox məşhurluq qazandı. Bizdə də Əlixan Rəcəbov, Elvin İbra kimi vaynerlər var. Onların da yolu parlaqdır.

- Əlixan Rəcəbovun kütlə tərəfindən çox şişirdildiyini düşünmürsünüz?

- Bir çox vaynerlər tanıyırıq. Amma gedək hamısı ilə söhbətləşək. Görək onların içərisində Eduard Əsədovun şeirlərini kim bilir, dünya filmlərini tanıyır. Əlixan çox məlumatlı insandır, metodikası, intellekti var. Bir vaynda 4 xarakter canlandırır. Demək ki, insan istedadlıdır. Taleh Yüzbəyov da peşəkar aktyordur. Elvin İbra da öz üzərində çalışsa, qısa müddətdə ölkənin ən istedadlı aktyorlarından olacaq.

- Bu il sizdən hansı yenilikləri gözləyək?

- Ümumiyyətlə, kadr arxasında qalmaq istəyirəm. Amma Türkiyədə "Tolqa bey" adlı filmə də dəvət almışam. Ali Poyrazoğlu ilə birgə çəkiləcəyik. Fransız kinematoqraflarının ərsəyə gətirdikləri "1+1" filminin ssenarisinə əsasən ərsəyə gələcək.

- Hətta "Forsaj" filminin növbəti bölümünə azərbaycanlı aktyor dəvət edilsə, o mütləq siz olmalısınız.

- Niyə də yox? Əslində hazırda Amerikadan da bir neçə təklif var. Gözləyirik.

- Söhbətimizin yekunununda bir sual da vermək istəyirəm. Deyirlər ən mükəmməl yeni olan nə varsa, çoxdan unudulmuş köhnədir. Hətta bu günlərdə təsadüfən Hüqonun ana, qadın haqda bir şeirini oxuyub, Cəfər Cabbarlının "Ana" şeirinə məzmunca çox bənzətdim.

- 2018-ci ildə yaşayırıq. Bu gündən sonra yeni nə düşünmək olar ki? Hər şey yazılıb, bütün sözlər deyilib. Bu hətta dəb trendində də dəyişmir. Bu gün Hamleti oxuyan aktyor özündən nə yenilik əlavə edə bilər? Etsə də bu unudulmuş köhnə bir element olacaq. Sadəcə öz ruhumuzdan pay qoyuruq, bu qədər...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.