Xalq artisti: "Anam axıra qədər mənə qarğış elədi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xalq artisti Nuriyyə Əhmədovanın APA-ya müsahibəsini təqdim edir."İndi ancaq uşağımı bir tərəfə çıxarmaq haqqında düşünürəm"
- Qardaş, salam.
- Qardaş deyil, oğlum, Nuriyyədir.
- Nuriyyə xanım...
- Hamı qarışdırır, bala, səndə günah yoxdur. Ağlamaqdan səsim kişiləşib.
- Dünən oğlunuz cavab verdi, dedi, telefonunuz xarab olub, aparır düzəltdirməyə. Ona görə dəyişik saldım. Necəsiniz?
- Birtəhər özümə gəlməyə çalışıram. Sağ olsunlar, məni nə qədər istəyən varmış, qoymadılar tək qalım.
- Sabah görüşüb söhbət etmək istəyirəm. Sənətdən danışacağıq...
- Hə, nə olar, lap yaxşı, elə mən də o itkilərdən danışmaq istəmirəm, çətindir. Nahidə Orucovanı tanıyırsan, əməkdar artist, onun evində qalıram, gəl Əhmədliyə, zəng vur, düşüb qarşılayacağam.
Və belə bir başlanğıc: bacılarım ağlayır ki, bu yetimin nə vaxt evi olacaq? Oğlum on birinci sinifdə oxuyur, sabah ölsəm, uşaq harada qalacaq? Gələn il 65 yaşım olur, evə görə təqdimat gedib, inşallah, gözləyirəm...
- Elə bilmə ki, sənətim mənə bir ev qazandırmayıb deyə aktrisa olmaqdan peşmanam. Allah can sağlığı versin, Tofiq Bakıxanov bizim bağ qonşumuz idi, mən məktəbi təzə qurtaranda gəlib anama dedi, Püstəxanım bacı, Nuriyyə haqqında nə fikirləşirsiniz, harada oxuyacaq? Nənəm deyirdi ki, sən elə oxuya-oxuya doğulubsan. Müğənni olmaq istəyirdim, nənəm anama deyirdi, bu qız hara gedir, elə "nanay-nanay" eləyir, bizi biabır eləyəcək. Həyətdə oxuyub-oynayanda səsim bazara gedirdi. Televizor təzə-təzə çıxan vaxtlarda qonşularımız almışdılar. Atam bizə almırdı ki, televizor oldusa, o ev batdı. Bir də soyuducu almağa icazə vermirdi. Deyirdi, insan gərək bişirib təzə-təzə yesin, vəssalam, səhərə saxlamasın. Məni elə şeylər salamat saxladı. Yoxsa sizin indiki yedikləriniz... Bilmirəm, axırı necə olacaq. Nə isə. Birinci sinifdə oxuyanda nəğmə dərsi ayrı keçirilirdi. Cəfər müəllim vardı, tardan dərs deyirdi. Xor oxuyanda gördü, bir səs seçilir. Çağırdı lövhənin qabağına, oxudum, bütün sinif mat qaldı. Adımı yazdılar dərnəyə, amma evdən icazə vermirdilər. Bir dəfə konsertə getdiyimə görə anam məni saçladı.
- Müsahibənizdə demişdiniz ki, ananız sizi qarğayıb...
- Anam axıra qədər mənə qarğış elədi. Qoymurdu, deyirdi, gün görməyəcəksən. Ən yaxşı vaxtlarımda nə atam uğurlarımı gördü, nə anam. Zeynəb Xanlarovanın "Arzu qızım" mahnısı təzə çıxmışdı, qonşumuz anama dedi, Nuriyyə Zeynəbin mahnısını nə gözəl oxuyur. Anam əsəbləşdi ki, Zeynəb Xanlarova nə olub, mənim qızım da nə olacaq? Yox bir, Şövkət Ələkbərova olacaq? Oxumaq sənətinə yüngül sənət kimi baxırdılar. Sonra gördü ki, Tofiq Bakıxanovun evinə kimlər gedib-gəlir, hörmət edirlər, ona görə çox dərinə getmədi. Tofiq müəllimin yoldaşı da anamı dilə tutmuşdu ki, bu qızın böyük gələcəyi var. Asəf Zeynallıya sənəd vermişdim, Şahnaz Haşımovanı, Ağaxan Abdullayevi orada görmüşdüm.
- Sonralar Musiqili Komediya Teatrında işə cəlb olundunuz...
- İlk tamaşama Şəmsi Bədəlbəyli ilə Süleyman Ələsgərov baxıb, bəyənmişdilər. O vaxt azərbaycanlı qızı nə idi, səhnəyə çıxmaq nə idi. Ruslar, ermənilər xorda, baletdə dolu idilər. Sənətin adını pisə çıxaran da elə onlar idi. O vaxt istedadı olan qızları səhnəyə qoymurdular, indi maşallah, analar-atalar uşağın əlindən tutub özləri aparırlar. Şövkət xanımın "Dərələr" mahnısını oxuyanda Süleyman müəllim Şəmsi Bədəlbəyliyə yavaşca dedi ki, bir az utancaqdır, bilmirəm, bacaracaq, ya yox. Səhəri gün əmək kitabçası açdılar, məni ştata götürdülər.
- Nə vaxtdan insanlar sizi tanımağa başladılar? Yəni küçədə gedəndə adınızı kiminsə dilindən nə vaxt eşitmisiniz?
- Elşad Quliyevin vaxtında televiziyada yaxşı verilişlər verirdilər. Lütfəli əmi, Nəsibə xanım həmin verilişlərdə iştirak edirdilər. Bir dəfə Məhərrəm Bədirzadə məni gördü, apardı çəkilişə. Ondan sonra efirə çıxmağa başladım. Yəni elə həmin illərdə tanınmağa başlamışdım. Kinoda tanınmağım isə sonralar oldu. 70-ci illərdə dedilər, kino kursu açılıb, getdim, həm oxudum, həm işlədim. O vaxt Lütfəli Abdullayev və Nəsibə Zeynalovaya görə teatra bilet tapmaq olmurdu. Teatrda işləmək kinodan da, musiqidən də üstün sayılırdı. Uzun illər kirayə yaşadım, sonra dayandım ev növbəsinə. Lütfəli əmi dedi, gecə yarısı sən Şüvəlana gedə bilməzsən. Qohumlarım düşdülər qabağa, ərizə yazıldı, indiki Səbail, keçmiş 26 Bakı komissarı rayonundan növbəyə yazıldım. Hər şey hazır idi, səhər gəldim teatra. Gözümə inanmadım: Lütfəli əminin şəklini teatrda vurmuşdular ki, rəhmətə gedib. O kişi hamıya xeyirxahlıq edirdi, hara gedirdi, qapılar üzünə açıq idi. Mənə də söz vermişdi ki, qızım, sənin ev məsələni həll edəcəyəm.
Ev məsələm eləcə qaldı, alınmadı. Ailə qurandan sonra uşaqlara görə teatrdan çıxmalı oldum. Adil İsgəndərovun kursunda oxuyanda deyirdi ki, qadam, nə yaxşı teatrda işləyirsən, azərbaycanlı qızların teatrda çalışmağı gözəl şeydir. O vaxt həm oxumaq, həm işləmək cinayət sayılırdı, amma mənə güzəştə getdilər, imkan yaratdılar. Bir dəfə Adil müəllim İsmayıl Dağıstanlı ilə Molokan bağının yanında söhbət edirdilər, məni İsmayıl Dağıstanlıya göstərib fəxrlə dedi ki, tələbəmdir. Yəni demək istəyirəm, sənətdə qabağıma həmişə yaxşı adamlar çıxıb. 1981-ci ildə kinostudiyaya gələndən sonra dalbadal filmlərə çəkilməyə başladım. "Mozalan"a çox minnətdaram, o studiya mənim həyatımda böyük rol oynayıb. Vaxtilə filmlərə çəkilməyə görə aktrisalar, aktyorlar arasında qırğın gedəndə mən sakitcə "Mozalan"a çəkilirdim, səsimi çıxarmırdım. Maaşımı, qonorarımı üst-üstə qoyanda əməlli-başlı pul çıxırdı.
- Hazırda maaş aldığınız yer yoxdur...
- İndi ayda min manat prezident təqaüdü alıram. Allah rəhmət eləsin, Heydər Əliyevin təşəbbüsü ilə mənə əməkdar artist adı verilib. Prezident İlham Əliyev də sağ olsun, mənə təqaüd verir.
- Teatr tamaşalarına baxırsınız?
- Yox, axır vaxtlar baxmıram. Mənim gördüyüm teatr mühiti indi yoxdur. Əvvəla səhnəyə buraxılan tüstüyə dözə bilmirəm, boğuluram. O tüstü aktyor üçün zəhərdir. Üç il əvvəl "Qatarın altına atılan qadın" və "Xanuma" tamaşalarına baxmışam. İndiki tamaşaçılara dözmək çətindir. Teatra gəlir, əlində "semiçka", ağzında saqqız.
- Filmlərə də baxmırsınız?
- "Nabat"a baxdım. Mövzu yaxşı mövzudur, rejissoru çox yaxşı rejissordur. Amma... Deyəcəyəm, yenə deyəcəklər, Nuriyyə belə danışdı... Bizim suyumuza bulanıqlıq lazım deyil. Bəsdir də, əvvəllər ruslar, indi də kimlər, kimlər.
- Anladım. Baş rolun ifaçısı Fatimə Motamed Aryanı nəzərdə tutursunuz...
- Aktrisa da, operator da.
- Oynaya bilərdiniz o rolu?
- Filmin əvvəlindəki plastikadan elə bildilər ki, mənəm. O film çəkiləndə mən pis vəziyyətdə idim, xəstə yatırdım. Əvvəla, təqdimata aktrisanın özü gəlməmişdi. Gör necə aktrisalara qiymət verirlər. Mən özümü demirəm, atam, bizim istənilən aktrisamız oynaya bilərdi.
- Məsələn?
- Rada Nəsibova. Kəmalə Hüseynova da oynaya bilərdi. Özü də ki, o rola cavan adam yox, yaşlı adam lazım idi. Gənc Tamaşaçılar Teatrının aktrisası Sona Babayeva da o rolun öhdəsindən gələrdi. Baş rolda oynayan aktrisa addımlarını atanda çoxları elə bildilər, mənəm. Çünki plastika, görkəm mənimki idi. Yanımda bir nəfər oturmuşdu, dedi ki, başa düşmədim, Nuriyyə xanım, bu sizsiniz? Dedim, bilmirəm, səhnədə mən olmamışam ki, sənin yanında oturmuşam. Elə bildilər, gizli çəkilmişəm. Yenə deyirəm, mən özüm istəmirəm, amma bizimkilər o rolu oynaya bilərdilər. Elçin Musaoğlu yaxşı rejissordur, yaxşı da qələmi var. O, bizimkiləri oynada bilərdi. Bizim aktrisalara istiqamət verən yoxdur. Bu dəqiqə istedadlı cavanlar çoxdur, onların gələcəyi əla olacaq. Buna inanıram. Çünki onlar gözümün qabağında böyüyüblər.
- Film təklifi var?
- Bu yaxınlarda bir film olmalıdır. Kinostudiyada mənim xətrimi çox istəyirlər. Müşfiq Hətəmov kinostudiyaya direktor təyin ediləndə gedib görüşdüm, xeyir-duasını verdim. Təki kinostudiya təmir olunsun, o cavanların çox böyük layihələri var, yaxşı işlər görürlər. Mən onlara inanıram.
- Teatra qayıtmaq istəmirsiniz?
- Yox. Səhhətim imkan verməz. İndi ancaq uşağımı bir tərəfə çıxarmaq haqqında düşünürəm. Hansısa filmdə nənə rolunu oynaya bilərəm. 27 yaşımda nənə rolunu oynamışam. "Bağ mövsümü"nə çəkiləndə mənim rolum üçün çox adam dava edib. Ramiz Əzizbəyli Tofiq Tağızadəyə deyib ki, bakılı qızı var, Nuriyyə, onu çəkək. Tofiq müəllim də deyib, hansı o manikürlü, pudralı qız? O mənim üçün ocaq qalaya biləcək? Ramiz yenə qayıdıb ki, bakılı qızıdır, bacaracaq. Ssenarini bir dəfə oxudum, bir saata rolum təsdiq olundu. Aydın Kazımzadə mənim haqqımda yazmışdı ki, Azərbaycan kinosuna yeni sima gəlib.
Həmin filmdə Həsən Məmmədovla bərabər pul aldım. Ən çox pulu "Bağ mövsümü" və "Həm ziyarət, həm ticarət" filmlərinə görə almışam. Tərəf-müqabillərimdən həmişə razı olmuşam. Allah Ramiz Əzizbəyliyə də, Hacı İsmayılova da cansağlığı versin. Bu yaxınlarda Hacını gördüm, halı yaxşı deyildi. "Bəxt üzüyü"nu çəkəndə çox pis vaxtlar idi. Pul yox, vəziyyət ağır. Afaq Bəşirqızı, deyəsən, sponsor tapmışdı, onun pulu ilə çəkildi. Ramiz dedi, Nuriyyə, orada bir kişi obrazını gəl qadın edək, istəyərsən? Dedim, necə istəyirsən, qaqaş, istəyirsən, elə, çəkilim. Görürdü axı, pul-para yox, vəziyyət çətin. O filmdə məni elə qrim eləmişdilər, anam tanımamışdı.
- Deyəcəyiniz başqa nə var?
- Xəstə olan dostlarıma, tərəf-müqabillərimə cansağlığı arzulayıram. O gün danışdıq ki, yığışıb gedək həm Muxtar Maniyevə baş çəkək, həm də Ramizə. Nə bilim, sənət belədir də, qurban tələb edir. Amma Nuriyyəyə bu boyda yox də! İki övladı, bir qırxı təzə çıxan gül kimi nəvəni basdırdım...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə möhtəşəm balet qala-konserti
-
Şahin Növrəslinin çoxdan gözlənilən konserti keçirildi - (Foto)
-
FilJazz Pitesti Trio Shahin Novrasli Festival-ında konsert verdilər - FOTO
-
İlham Əsgərov: “Milli Teatrın yeni mövsüm üçün planları və hədəfləri böyükdür” - FOTO
-
CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
20 il sonra piramidalarda konsert verəcək
-
Badımcanı yayda çox yeyin
-
Tovuz döyüşlərindən 6 il ötür
-
Ana-bala birlikdə məzun oldu
-
Milli Gimnastika Arenasında Matteo Morandi tərəfindən ustad dərsi keçirilib - (Foto)
-
Mingəçevirdə 24 yaşlı gənc suda boğuldu
-
Fransada istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib
-
Prezident İlham Əliyev: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb - (Video)
-
Qəbələdə iki maşın yandı
-
Atasının ölümünə görə qisas alacaqlarını bəyan etdi
-
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Sadettin Sarana qarşı narkotik ittihamı - 10 ilədək həbsi tələb olunur
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır





