Mədəniyyət

İsmayıl Şıxlı ilə keçən yay

23 Mart 2015 21:04
0 Şərh     Baxış: 6 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az kulis.lent.az-a istinadən Qorxmaz Şıxalıoğlunun yazısını təqdim edir.

1988-ci ilin yayı idi. Yazıçıların Şüvəlandakı Yaradıcılıq Evində təlimatçı işləyirdim. Texniki işçiləri nəzərə almasaq, rəhbərlik adına burada vur-tut 3 nəfər adam var idi: Yaradıcılıq Evinin direktoru Əli Kərimbəyli, kadrlar idarəsinin rəisi Əjdər Cəbiyev (şair Əjdər Ol) və mən. Ancaq aramızdakı münasibətdə vəzifə söhbəti bilinməzdi. Xoş bir ab-havada işləyirdik. Bizim söz ustaları, Moskva, Leninqrad və Kiyevdən gələn yazıçı və şairlərlə tanışlıq, hər axşamüstü "besedkalar"da ara verməyən ədəbiyyat söhbətləri, həyətdəki kafedə bəzən səhərə qədər uzanan məclislər... Avtobus da ki, gündə iki dəfə Yaradıcılıq Evinin sakinlərini yaxınlıqdakı çimərliyə aparıb-gətirirdi. Adam, doğrudan da, yaşamaq istəyirdi. Günlər işıqla dolu idi. Sanki hər günə bir ilin işığı yüklənmişdi.
 
Belə bir gündə rast gəldim İsmayıl müəllimə: Yaradıcılıq Evinin həyətindəki Eldar şamları ilə əhatə olunmuş və xiyabanı xatırladan yolla aram-aram köhnə korpusa tərəf qalxırdı. Kitablardan, mavi ekrandan tanısam da, həyatda İsmayıl Şıxlını ilk dəfə görürdüm. Əzəmətli boy-buxun, ağayana yeriş, qatı, az qala, adamın əlini kəsən ütülü paltar. Özümü yığışdırıb salam verdim. Çox səmimi şəkildə salamımı aldı və ani olaraq baxışları üzümə zilləndi. Yəqin, İsmayıl müəllim məni gənc şair-yazıçılardan bilmişdi - ağlımdan belə keçdi.
 
İstər-istəməz, İsmayıl Şıxlının adı gələndə o dəqiqə "Dəli Kür" romanı yada düşür. Bu əsəri 16 yaşımda oxumuşdum.Yadımdadır, son 15-20 səhifəsi qalanda kitabı bağlayıb qoydum sandığın altına. Çünki kitabdan ayrılmaq istəmirdim, romanın bitməsinə heyfim gəlirdi. Sonra bir həftə ərzində-hər gün iki-üç səhifə oxumaqla o kitabı başa vurdum və uzun müddət onun təəssüratı altında yaşadım (düzü, kitabla bağlı belə bir vəziyyəti 21 yaşında-Dostoyevskinin "Alçaldılmış və təhqir edilmişlər" romanını oxuyanda yaşamışam). Ona kimi oxuduğum kitablardan fərqli olaraq "Dəli Kür" - soruşsaydılar, izah edə bilməzdim - adama çox yaxın və doğma gəlirdi. Onda nədənsə fikirləşmişdim ki, İsmayıl müəllim mütləq əsərin qəhrəmanına - Cahandar ağaya oxşamalıdır.
 
İsmayıl müəllimin məndən nəsə soruşmadığına çox sevindim; özümü itirməkdən qorxurdum, çünki ürəyimdə onun yeri çox böyük idi. Həyətin uzaq küncündəki dalda oturacağa tərəf üz tutdum ki, əyləşib bir siqaret yandırım. İsmayıl müəllim köhnə korpusun qabağında dayanıb fikrə getmişdi. Nə düşündüyünü bir özü bilirdi, bir də ki, Allahı. "Köhnə korpus" - Yaradıcılıq Evində bu binanı hamı belə adlandırırdı. Deyilənlərə görə, bu tikili Məşədi Əzizbəyovgilin mülkü olub. Aprel işğalından sonra bolşeviklər əllərindən alıblar. Həyətdə yazıçılar üçün təzə korpus tikilsə də (ilk günlərdən bu istirahət evləri belə adlanıb) möhkəm və arxitektura cəhətdən gözəl olduğuna görə bu binaya əl vurmayıblar. Onu da bilirdim ki, İsmayıl Şıxlı da bəy nəslindəndir...
 
İsmayıl müəllimlə ilk görüşdən yadımda qalan bir nüans da onun geyimi ilə bağlı idi. Yazıçılar Evində dincələn - istər cavan, istərsə də qoca olsun - yazıçı və şairlərin əksəriyyəti idman paltarında olurdu. Mən istirahətə gələn yaşlı yazıçıların bu cür paltarda gəzməsinə pis baxmazdım. Əgər gözümün önündə dağ boyda İsmayıl Şıxlını görməsəydim. Sonralar Milli Məclisə deputat seçilən yazıçını mən elə Yazıçılar Evindəki görkəmdə gördüm - həmin şax paltarda, həmin ağayana duruşda. Doğrusu, sonralar çalışdım ki, İsmayıl müəllimi idman paltarında təsəvvür eləyim. İnanın, heç cür alınmadı. Hətta bu cür düşünməyimə görə öz-özümü qınadım: Cahandar ağa hara, rəngli idman paltarı hara?
 
Haradasa bir həftə keçdi. Şair-yazıçılar tez-tez həyətdə İsmayıl müəllimin başına yığışardılar. Ədəbi nəşrlərdə bircə dəfə də, lap ötəri olsa da belə, imzamın görünməməsi, ümumiyyətlə, ədəbiyyat aləmində mən adda adamın mövcud olmaması fikri ilk vaxtlar məni bu söhbətlərə qoşulmaqdan çəkindirirdi. Ona görə də, bu cür səyyar "toplantılar"dan müəyyən qədər gen gəzərdim. Bir gün həyətdəki "besedka"da 5-6 nəfər yaşlı qələm əhli oturub söhbət edirdilər. Onlardan Tofiq Bayramı və Əlibala Hacızadəni tanıyırdım. Ortalıqda 4-5 dənə iri qarpız vardı. İsmayıl müəllim də "besedka"nın yanında durmuşdu. Nədənsə, oturmamışdı. Yazıçılar Evində qaldığı bir aydan çox müddətdə qəribədir ki, onu həmişə ayaq üstə gördüm. Oturmağı sevməzdi. Görünür, həmişə şax gəzən, məğrur adamın oturmaqdan xoşu gəlmir, yaxud onlar oturmaqda bir zəiflik çaları görürlər.
 
Yəqin, bu hal xarakterlə bağlıdır. "Besedka" ilə üzbəüz iş otağına girib-çıxmağım, hardasa 15-20 dəqiqə çəkdi. Çıxanda gördüm ki, bir nəfər qarpız doğrayır. Balaca mizin üstündə pendir-çörək və araq vardı. Yaşlı yazıçılar çox həvəsli görünürdülər. Ancaq İsmayıl müəllim yenə əvvəlki yerində - "besedka"nın çöl tərəfində ayaq üstə dayanmışdı. Məni görən kimi: "Bura gəl, - dedi, - fikir verirəm, sən adamlardan qaçırsan, gəl, sən də qoşul bunlara". Hamı, elə bil, İsmayıl müəllimin bu sözünə bənd idi. Məclisdəkilər israrla məni içəri çəkdilər. Çoxu mənim çəkincəkliyimlə bağlı İsmayıl müəllimin dediklərini canıyananlıqla təsdiq etdilər. Hiss etdim ki, yaşlı olsalar da, bu yazıçılar İsmayıl müəllimin yanında nəinki içməkdən, hətta arağa əl uzatmaqdan belə çəkinirlər. Ona görə də İsmayıl müəllimin bu sözləri onlar üçün göydəndüşmə oldu. Əslində bu, onlar üçün "icazə" işarəsi idi. Əhli-məclisin mənə göstərdiyi canıyananlıq da bundan qaynaqlanırdı. İsmayıl müəllim: "Mənim otaqda bir az işim var", - deyib uzaqlaşdı. Elə o an da əllər mizə doğru uzandı...
 
Demək olar ki, o gündən bu böyük söz ustası ilə aramızda ilıq bir münasibət yarandı...
 
Bir gün əsas korpusdan çıxanda gördüm ki, İsmayıl müəllim adəti üzrə həyətdə gəzir. Yavaşca Yaradıcılıq Evinin giriş qapısına tərəf yan almaq istəyirdim ki, uzaqdan əli ilə məni çağırdı. Həyətdə heç kim görünmürdü, adamların çoxu dənizdə idi.
 
Onu da deyim ki, mən İsmayıl müəllimi bir dəfə də dənizə gedən görmədim.
 
- Gəl, bir az gəzək.
 
Düzü, İsmayıl müəllimin bu təklifi məni bir az çaşdırdı. Mən hara, o hara? Bir də ki, gəzmək, həm də söhbət etmək deməkdir. Bəs mən nə danışacağam? Görünür, o, mənim düşündüklərimi göydə tutmuşdu. Əlbəttə, aramızdakı o dialoqu indi olduğu kimi xatırlamaq çətindir. Təbii ki, mən yalnız yadımda qalanları yazıram. Bir də ki...
 
Əslində, mən bu yazını çoxdan qələmə almaq istəyirdim, lakin hər dəfə də fikrimdən daşınırdım. Düşünürdüm ki, heç kimin tanımadığı bir adamın nəhəng bir yazıçı, böyük bir şəxsiyyət haqqında xatirə yazmağına ədəbiyyat əhli necə baxar? Sonralar bir məclisdə, necə oldusa, İsmayıl Şıxlıdan söz düşdü. Ürəyimdən söhbətə qoşulmaq keçsə də, yenə danışmaqdan çəkindim. Məclis qurtarandan sonra İ.Şıxlıya böyük hörməti olan şair M.Aslana ürəyimdəkiləri danışdım. O, çox sakit şəkildə: "Yaz, heç kim də səni qınamaz", - dedi. Doğrusu, qələmə aldığım bu xatirə həmişə ucalarda olan İsmayıl Şıxlı adına heç nə əlavə edəsi deyil. Bu yazı mənə lazımdır. Çünki harada onun adını eşidirəmsə, o dəqiqə bir günahkarlıq hissi bürüyür ürəyimi. Elə bil, sənə yaxşılıq edən bir adamın yanından salamsız ötürsən, guya onu tanımırsan. Belə bir hal keçirirəm.
 
Mən ona "Dəli Kür"ü necə oxumağımın tarixini danışdım. İsmayıl müəllim dediklərimdən xoşhal olsa da, bunu hiss etdirməməyə çalışırdı. Deyəndə ki, "Dəli Kür"ü qışda, bəzən lampa, bəzən də odun sobasının işığında oxumuşam və romanı qışda oxumağım onun şirinliyini ikiqat artırıb, İsmayıl müəllim ləzzətlə güldü. Lampa və odun sobasının işığı məsələsini də İsmayıl müəllimə danışdım:
 
Biz böyük külfət idik. Hamı da bir otaqda yatırdı. Çiy kərpicdən təzə tikilmiş ikimərtəbəli evimizin yalnız bir otağının əl-ayağını yığışdırmışdıq, qalanları hazır deyildi. Lap hazır olsa da belə, bir evdə iki soba yandırıb ona odun çatdırmaq çətin idi. Dərsin və kəndin min bir qayğısının əlindən kitab oxumağa yalnız gecələr vaxt tapırdıq. Gecə hamı yatandan sonra işığı yandırmaqdan isə söhbət gedə bilməzdi. Lampaya və odun sobasının işığına isə heç kim bir söz deməzdi. Bir də ki, mənim atam ədəbiyyat müəllimi idi.
 
Beləcə, kənd mövzusu söhbəti çəkib apardı. Qışda qoyun nobatına gedəndə 16 nömrəli təklülə tüfəngimlə özümü dağda cəngavər saymağımdan, quru saqqız ağacının budaqlarından qaladığım ocağın közü üstündə çörək qızardıb yeməyimdən, qırmanın iki ayağını, bir qanadını qana boyadığı kəkliyin bir qanadla aradan çıxıb özünü ələ verməməyindən, qayalıqların dalda yerində qar basmış nar ağaclarında bal dadı verən tək-tük nar tapanda sevinməyimdən, uşaqlarla meşəyə qulancar, göbələk yığmağa getməyimdən, bir sözlə, əksər kənd uşaqlarının yaşadıqları qayğılı həyatdan danışdıqca, İsmayıl müəllim əli ilə həyətin o biri başını göstərib "Gəl, bir dövrə də vuraq" deyirdi.
 
İsmayıl müəllimin səmimiliyi dilimi açmışdı. Kasıbçılıq içində keçən uşaqlığımla bağlı - düzü, çox vaxt buna görə utanıb-sıxılırdım - o günə kimi ürəyimdə gizlədiklərimi bir-bir ona danışırdım. Yer və yorğan - döşəyin çatışmadığından biz balacaların gecələr bəzən iki-iki yatmağını söyləyəndə, onun ipək səsi bir az da yumşaldı: "Haranı qurtarmısan?". "Universitetin tarixini", dedim. "Səni əvvəllər tanısaydım, Moskvaya - Kinematoqrafiya İnstitutuna göndərərdim, kənd lövhələrini çox gözəl təsvir edirsən". Bəlkə də o, könlümü xoş etmək üçün deyirdi bu sözləri, bilmirəm. İsmayıl müəllim bilmirdi ki, yalnız universitetə sənəd verməyə gələndə, şəhərə ayağı dəyən mən Qorxmazın, 17 yaşına kimi kənddən başqa gördüyü bir yer olmayıb. Nədənsə, bunu ona demədim...
 
İsmayıl Şıxlı haqqında dünyanın bütün gözəl sözlərini yazmaq olar, oxucu da bunları təmiz hava kimi qəbul edər. Ancaq məsəl var, deyərlər: görünən dağa nə bələdçi? Ona görə də, sözü çox zilə çəkmirəm. Lakin, bir-iki məqamı mütləq xatırlamalıyam: özünüreklamdan uzaq idi, radio və televiziyada çox az-az görünərdi. Qəzet-jurnallara müsahibə verməyi də eləcə. Hansı ki, istənilən qəzet və jurnalda İsmayıl Şıxlı ilə bağlı hər hansı yazının görünməsi həmin mətbu orqan üçün şərəf idi. Böyük nüfuzu qarşısında, çox qapıların onun üzünə rahat açıldığını hamı bilir. Lakin o, heç vaxt bundan sui-istifadə etmədi. Onun ağır və sabit yerişini heç nə dəyişə bilmədi. Mən bunları sözgəlişi yazmıram.
 
İllər sonra televiziyada işləyəndə,müsahibə aldığım bir çox sənət adamlarının hamısında İsmayıl müəllimə qarşı böyük ehtiram və hörmət gördüm. Bu məqam, onunla bağlı xoş xatirələrimdə bu unudulmaz sənətkarın bir şəxsiyyət kimi formalaşan portretinə bir az da parlaqlıq gətirdi. Ona görə də mənim böyük yazıçımız haqqında neçə ilin tanışı kimi söz açmağıma təəccüblənməyin.
 
Bu yazını qələmə alanda yaddaşımı kitab kimi səhifələdim. Az-çox mətbuatı izləyən bir adam kimi onun təxminən otuz il, bəlkə də bir az əvvəl oxuduğum bir müsahibəsini xatırladım. O müsahibədən də yalnız "Dəli Kür"lə bağlı bir məqam yadımda qalıb. Həmin müsahibədə İsmayıl müəllim bildirirdi ki, doktorluq işi yazmaq üçün ona iş yerindən altı ay icazə verirlər. O da bu fürsətdən istifadə edərək neçə illərdi beynində gəzdirdiyi "Dəli Kür"ü vərəqlərə köçürür...
 
Bildiyimə görə, İsmayıl müəllim APİ-də (indiki ADPU) uzun müddət xarici ölkələr ədəbiyyatından dərs deyib. Eşitmişdim ki, o təzəlikcə müəllimlikdən gedib. İsmayıl müəllimin qıvraqlığı, səlis danışığı ilə onun pensiyaya (qocalığın sinonimi olan bu sözdən həmişə zəhləm gedib) çıxması söhbəti heç cür bir araya sığmırdı. Məhz məni düşündürən bu məqamı nəzərdə tutub, bir dəfə söhbət zamanı səmimiliyi və sadəliyi ilə mənə cəsarət verən İsmayıl müəllimdən bunun səbəbini soruşdum. Cavabı çox qısa oldu: "Daha işləmək olmur". O söhbət bu üç kəlmə ilə tamamlansa da, ancaq ürəyimdə bu mövzuya nöqtə qoyulmadı. Doğrusu, mən, əsə-əsə auditoriyaya girən qoca müəllimləri çox görmüşdüm. Deyək ki, bununla, hardasa barışmaq olar. Bəs o institututda, görən İsmayıl müəllimi kim əvəz edəcək? Bax, bu sualın cavabı ağrıdırdı adamı. Ədəbiyyatımızın canlı klassikinin keçdiyi fənni tələbə, ən azı, onun nüfuzuna, adına görə yaxşı oxumağa məcbur idi. Mən hələ dərsin keyfiyyətini demirəm. Unudulmaz Marina Svetayeva yazır: "Beş yaşım vardı. Bir gün anam mənə dedi ki, bizə Puşkinin xalası oğlu gələcək. Sən ona diqqətlə bax. Çünki sabah böyüyəcəksən, ailən olacaq. Bir vaxtlar uşaqlarına danışarsan ki, mən Puşkinin qohumunu görmüşəm (təxmini belə yadımda qalıb)".
 
İsmayıl Şıxlılar az-az doğulur...
 
Səhv etmirəmsə, İsmayıl müəllim Yaradıcılıq Evinə nəvəsi və gəlini ilə gəlmişdi. Bir axşam onun "Ayxan" deyib nəvəsini çağırdığını gördüm. Düzü, bu ada təəccübləndim. "Orxan" adının dəbə mindiyi vaxtlar idi onda. Ancaq beynimdə ha çək-çevir edirdimsə, "Ayxan" adını qəbul edə bilmirdim. Ömrümdə ilk dəfə idi ki, belə ad eşidirdim. Hətta ürəyimdə bir az da pis oldum. Yəni, İsmayıl müəllim yaxşı bir ad tapa bilmirdi? Ancaq iki-üç gün bəs etdi ki, bu ad mənə doğmalaşsın. Bilmirəm, İsmayıl müəllimin dilindən səsləndiyi üçün, ya da nədirsə, ürəyimdə "Ayxan" indiyə kimi eşitdiyim adların sırasını keçə-keçə lap gedib başda qərarlaşdı. Bir ildən sonra dünyaya gələn oğlumun adını Ayxan qoydum.
 
Onun Yaradıcılıq Evindən nə vaxt getdiyini bilmədim. Sonra televizorda - Milli Məclisdə gördüm onu.
 
Sonra da...
 
Allah rəhmət eləsin sənə, İsmayıl müəllim!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.