Mədəniyyət

Könülləri duyğulandıran yazıçı

27 Dekabr 2014 14:56
0 Şərh     Baxış: 2 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəşad Nuri Güntəkinin ədəbi irsi dünyada əbədiyaşarlıq qazanıb

Ədəbiyyat, mədəniyyət, incəsənət xalqları bir-birinə sevdirən, sərhəd tanımayan dildir. Sözün zamanı olduğu kimi, zamanın da öz sözü olub və çağdaş ədəbi aləmdə bu amil əsas hesab edilir. Bütün zamanlarda o yazıçıların əsərləri daim oxunur, sevilir və müəllifinin adını əbədi olaraq yaddaşlara həkk etdirir ki, onlar xalqın arzu və istəklərini, dərdini, üzləşdiyi bəlaları, ictimai mahiyyət kəsb edən məsələləri qələmə alır.

Türk ədəbiyyatının klassiklərindən biri də bütün zamanların sevimli yazıçısı olan Rəşad Nuri Güntəkindir. O, Turan ellərində ötən əsrin 70-80-ci illərində sevilib, oxunub və nümunə göstərilib. Əslində, müəllifi çoxları azərbaycanlı bilib. Əsərləri onun kimliyini unutdurub, çünki yaddaqalan obrazlara, əslində, müsbət qəhrəmanların hamısına da Rəşad Nuri Güntəkinə olan sevgi, məhəbbət bəslənib. Bir sözlə, yazıçı özü obrazlaşıb, qəhrəmanlaşıb nəzərlərdə.

...İllər keçdi, sovetlər imperiyasının tikanlı məftillərlə dili, dini, canı-qanı bir olan türkdilli xalqlar arasında sədd çəkdiyi sərhədlər dağıdıldı, könüldən-könülə uzanan yollar açıldı, get-gəlişlər "su yolu"na çevrildi. Məhz milli müstəqilliyimizin bərpasından sonra o taylı-bu taylı Azərbaycanın ədəbi irsində, eləcə də türk xalqları ədəbiyyatında iz qoymuş Rəşad Nuri Güntəkin könüllərimizə nur seli tək süzülən mənəvi sərvətimiz kimi dəyərləndirildi. Öyrəndik ki, o, 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olub. İlk təhsilini Çanaqqalada alan Güntəkin daha sonra İzmirdəki Frerler məktəbində oxuyub. 1912-ci ildə o, İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirib. 1927-ci ilə qədər İstanbul Beşiktaş İttihad və Tərəqqi, Fatih Vəqfi Kəbir, Ağşəmsəddin, Osman Qazi paşa məktəblərində, həmçinin Vəfa Sultanisi, İstanbul, Çamlıca, Kabataş, Qalatasaray, Ərənköy qızlar və oğlanlar liseylərində fransız və türk dillərindən dərs deyib.

Yaradıcılığa Birinci Dünya müharibəsinin sonlarından başlayan ədib ilk əsəri olan "Əski Ahbap" povestini 1917-ci ildə nəşr etdirib. Həmin dövrdən başlayaraq teatr tənqidi və araşdırmaları ilə yanaşı, hekayə yazmaqla məşğul olan yazıçı əsərlərini "Şair", "Nədim", "Böyük məcmua" kimi dərgilərdə dərc etdirib.

İlk dəfə 1922-ci ildə hissələrlə "Vaxt" qəzetində çap olunan "Çalıquşu" romanı yazıçıya şöhrət gətirib. Məhsuldarlığının göstəricilərindən biri odur ki, o, müxtəlif janrlarda qələmə alınmış yüzdən artıq əsərin müəllifidir. Həmin əsərlərin 19-u romandır. "Gizli əl", "Çalıquşu", "Damğa", "Dodaqdan qəlbə", "Axşam günəşi", "Bir qadın düşməni" və s. romanlarında yazıçı Türkiyə mühitinin ən qaranlıq səhifələrinə aydınlıq gətirməyə çalışıb.

Müəllifin hekayələri yeddi müxtəlif kitabda toplanıb ki, onlardan "Tanrı müsafiri", "Sönmüş ulduzlar", "Leyli ilə Məcnun", "Olağan işlər" və digərləri xüsusi yer tutur. Ədibin hekayələrində Anadolu həyatının həm ciddi realistik, həm də satirik-yumoristik tərəfləri diqqət çəkir. Onun "Anadolu notları" adlı iki cilddən ibarət səyahət yazıları da vardır. Bundan başqa, dram, tərcümə əsərləri də onun yaradıcılığında xüsusi yer tutur. Bir sıra əsərləri ölümündən sonra yazıçının həyat yoldaşı Hədiyə xanım tərəfindən nəşr etdirilib. Türkiyədə, eləcə də Azərbaycanda onun əsərləri sevilə-sevilə oxunmaqdadır. Məhz bu sevgidəndir ki, romanlarına çəkilmiş filmləri seyr edilmə göstəricilərinə görə liderliyini saxlamaqdadır.

Yazıçı hələ sağlığında türk ədəbiyyatının canlı klassikinə çevrilmiş azsaylı sənətkarlardan biridir. Əsərlərində insanın daxili dünyasının ən gizli qatlarına baş vurulur, onun hiss, həyəcan və yaşantıları real, inandırıcı cizgilərlə təqdim olunur. O öz qəhrəmanlarını mənsub olduğu xalqın içərisindən seçdiyi üçün geniş oxucu auditoriyasının diqqət və marağını cəlb etməkdədir.

Yazıçının əsərlərində anadoluluların yoxsulluğu, cahilliyi ilə yanaşı, avropalılaşmanın onun təfəkküründə buraxdığı silinməz izlərin təcəssümü də yer alıb. Əsərlərində əsas konflikt kimi seçilmiş fərd və cəmiyyət qarşıdurması onun yaratdığı qəhrəmanların taleyini müəyyənləşdirən ən mühüm amillərdəndir.

Yazıçının əsərlərinin dili ədəbi türkcənin ən mükəmməl örnəklərindən sayılır. Azərbaycan oxucusu onun "Çalıquşu", "Dodaqdan qəlbə", "Damğa", "Yarpaq tökümü", "Dəyirman" romanları və bir sıra hekayələri ilə yaxından tanışdır. Yazıçının yaradıcılığında "Çalıquşu" romanı xüsusi yer tutur. İlk dəfə teatr əsəri kimi işlənilmiş bu roman istiqlal hərbi dönəmində geniş oxucu auditoriyasının diqqət və marağına səbəb olub. Roman Fəridə ilə Kamranın sevgisi üzərində qurulsa da, müəllif bu məhəbbət fonunda anadoluluların daxili-mənəvi dünyasının mürəkkəbliyini açıb göstərə bilib. Eyni zamanda, bu əsər türk ədəbiyyatında Əhməd Midhətdən sonra romana xüsusi maraq oyatmış oldu.

Rəşad Nurinin sonrakı əsərləri, bir növ, "Çalıquşu"nun ulduzu altında doğmuş kimidir. Bu romanda yazıçı özünəməxsus cizgilərlə təqdim etdiyi baş qəhrəmanın - Fəridənin timsalında ilk dəfə olaraq romantik və idealist türk qadını obrazı yaradıb. Bu əsərlə yanaşı, "Dodaqdan qəlbə", "Acımaq", "Axşam günəşi", "Kavak yelləri" və "Yarpaq tökümü"ndəki qəhrəmanların sevincləriylə sevinən, kədərləriylə qəmlənən, hətta "Atəş gecəsi" ilə bir insanın daxili dünyasına yolçuluğa çıxanlar az deyil.
1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunan yazıçı 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir və bu vəzifədə 1946-cı ilə qədər qalır. Lakin o, yaradıcılıq dünyasından ayrılmamaq üçün siyasətlə fəal məşğul olmur. Daha sonra ölkəsinin Parisdəki səfirliyində mədəniyyət attaşesi, UNESCO-nun Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərir və 1954-cü ildə təqaüdə çıxır.

Rəşad Nuri Güntəkinin ədəbi fəaliyyətində jurnalistikanın da özünəməxsus yeri olub. Belə ki, 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan "Ulus" qəzetinin İstanbul qolu olan "Məmləkət"i nəşr etdirib. Sonra yenidən müfəttiş kimi çalışıb və 1950-ci ildə UNESCO-nun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedib. 1954-cü ildə yaşına görə bu vəzifədən istefa verməli olan yazıçı bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının Ədəbi Şurasında fəaliyyət göstərib.

Yazıçının ömür yollarında qalanlar yalnız onun yadigarları olan əsərlər deyil, ailə həyatı da oxucuda maraq doğurur. Həyat yoldaşı Hədiyə xanım və qızı Ela Güntəkinlər onun üçün çox şey ifadə edirdi. Rəşad Güntəkin 1927-ci ildə şagirdi Hədiyə xanımla evlənib. Bir müddət uşaqları olmadığından keçirdikləri iztirablar yazıçının əsərlərində ötəri də olsa verilib. 1941-ci ildə dünyaya gələn tək körpə üçün Rəşad Nuri qızının xatirə dəftərinə bir atanın saf hisslərindən doğan ürək sözlərini belə yazıb: "11 mart 1951-ci il. Ela qızım, mən uşaq ikən, sənin yaşında olarkən səmadakı Aya baxardım: "Ay dədə, Ay dədə, oğlun, qızın çoxdur, dədə, birini mənə versənə?! Allah sənə çox verər", - deyə dua edərdim. "Ay dədə" məni eşitdi. Uşaqlarının birini mənə verdi. "Adı Ela qız olsun, - dedi. - Mənim qədər çox ömrü, mənimkilər qədər gözəl uşaqları olsun", - dedi.

Xatirələrdən məlum olur ki, yazıçı ömür-gününə gecikib gələn tək balası ilə gəzintiləri, səmadakı ulduzla danışmağı sevərmiş. Rəşad Nuri qızının 12-13 yaşı olmasına baxmayaraq, onunla "xəyali" söhbətlər etməyi xoşlayarmış. Qızı daim yanında olsa da, onunla danışmır, həmsöhbəti sanki ay, ulduz, günəş idi... Belə deyirlər ki, yazıçının dərd ortağı qızı Ela və "səma" olub...

Lakin Ela xatirələrində atasının çox ciddi, mentalitetli biri olduğunu dilə gətirib: "Evimiz monastır kimi bir yer idi".

Həyatında ağrı-acıların şahidi olan yazıçı özü də xəstəlikdən yaxa qurtara bilməyib: ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra o, müalicə üçün Londona yollanıb, lakin 1956-cı il dekabr ayının 13-də dünyasını dəyişməsi barədə bəd xəbər türk ellərini dolaşıb. Müxtəlif vəzifələrdə çalışsa da, sadəliyi, daim xalqla birlikdə olduğundan seçilən və sevilən Rəşad Nuri Güntəkin vəsiyyətinə görə Qaracamaat məzarıstanlığında torpağa tapşırılıb, daim anılsın, ziyarət edilsin deyə...

"Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.