Mədəniyyət

M.Ş.Vazehin Avropada mühafizə edilən əlyazmaları Gəncəyə gətirildi

21 Aprel 2014 21:01
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin birgə təşəbbüsü ilə M.Ş.Vazehin Avropanın mötəbər elm və mədəniyyət mərkəzlərində mühafizə edilən 20-dən çox elmi və ədəbi mövzudakı əlyazmaları, eləcə də ədibin şeir və şərqilərinə həsr edilən onlarla klassik musiqi əsərinin tarixi not nümunələri və yazıları Gəncəyə gətirilib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Əlyazma və nəşrlər Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən, ölkəyə gətirilib. Adı Azərbaycanın dahi şairləri sırasında çəkilsə də, Vazeh haqqında Azərbaycan ədəbiyyatında məlumat olduqca azdır. Bu səbəbdən də tədqiqatçılar onun həyat və fəaliyyətini, əsasən, alman ədəbi mənbələrindən araşdırır.

AMEA-nın Gəncə bölməsinin akademik katibinin müavini Samir Pişnamazzadə: "Buna görə də Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Almaniyada yaşayan həmyerlimiz Sevil xanım Fuksun axtarışları nəticəsində M.Ş.Vazehin Almaniyanın Berlin muzeyində saxlanılan əlyazmaları, elmi dildə desək, avtoqrafları, ölkəmizə gətizdirilib".

Ölkəmizə gətirilən nümunələr arasında M.Ş.Vazeh barədə Almaniyada XIX əsrin sonları XX əsrin əvvəllərində nəşr olunan monoqrafiyalar da var. Bundan başqa Vazehin müəllifi olduğu şeirlərə bəstələnmiş musiqi əsərlərinin not yazılarının surətləri Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib. Hazırda AMEA-nın Gəncə bölməsində mütəfəkkirin həyat və yaradıcılığını əks etdirən 11 adda monoqrafiya hazırlanır. Mirzə Şəfinin əsərlərinin Fridrix Bodenştedt tərəfindən oğurlanması məsələsinə gəldikdə isə müsahibimiz illərdir mövcud olan bu fikri əsassız sayır. Çünki əgər belə olsa idi, gəncəli mütəfəkkirin əsərləri Almaniyada Mirzə Şəfi Vazeh adı altında nəşr edilməz və sevilməzdi.

Bildirək ki, Mirzə Şəfi Vazehin həyat və yaradıcılığının tədqiq edilməsi və bu günədək bir çoxlarına məlum olmayan həqiqətlərin üzə çıxarılması yönündə işlər bundan sonra da davam etdiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.