Mədəniyyət

Baharsayağı, parlaq, şən, oynaq, birnəfəsə... - YENİLƏNİB - FOTOSESSİYA

7 Aprel 2014 16:14
0 Şərh     Baxış: 2 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxud qulluqçu xanıma necə çevrildi?

06.04.2014
09.00


Dünən Opera və Balet Teatrında yeni premyera sevinci yaşandı. Özü də tam baharsayağı, parlaq təəssüratı xəfifliklə qoşa olan bir tamaşa ilə. Covanni Battista Perqolezinin "Qulluqçu-Xanım" opera-buffasının janrın tələb etdiyi şən, oynaq, sadə quruluşu məhz belə təəssürat doğurdu. Tamaşaçılar arasında tanınmış incəsənət xadimləri, ziyalılar, tələbələr, İtaliya səfirliyinin nümayəndələri, digər əcnəbilər var idi.

Zalda boş yerlər gözə dəysə də, tamaşaçıların davranışı və iştirak etdikləri tədbirə münasibətləri müvafiq idi. Tamaşa vaxtında başladı, birnəfəsə izlənildi və sürəkli alqışlardan əskik olmadı. Əlbəttə, bu məqama tamaşanın xronometrajının 45 dəqiqə olmasını səbəb göstərmək olar. Amma ola bilərdi ki, quruluş, yozum və ifalar həm bu qısa xronometrajdan, həm də əsərin rahat süjet xəttindən və musiqisindən yolverilməz ağırlıqda olardı və onda 45 dəqiqəlik tamaşaya baxmaq tamaşaçılar üçün dözülməz olardı. Belə hallar isə vizual incənətin müxtəlif növlərində az baş verməyib. Və nə yaxşı ki, bu dəfə musiqi, süjet, quruluş, yozum və aktyor və orkestr ifasındakı harmoniya ilə qarşılaşdıq. Operanın qəhrəmanı qulluqçu Serpina öz hiyləgərliyi və məlahəti ilə yöndəmsiz ağası Ubertonun qəlbini ələ bilir və xanıma çevrilir.

Ümumiyyətlə, italyan komik əsərlərinin bizim aktyorların və ifaçıların təqdimatında üzvilikdən məhrum olmadığına aid çox misallar çəkmək olar. "Qulluqçu-Xanım" operası da bu sıraya daxil oldu desək, yanılmarıq.

Əlbəttə, ifaçılar obrazlarına daha yaradıcı yanaşa bilərdilər, Serpina partiyasının ifaçısı daha ədalı və işvəkar ola bilərdi. Amma bütün bunlara və tərtibatdakı bir uyğunsuzluğa (Doktor Ubertonun masasının üzərinə salınmış süfrə ağanın nahar süfrəsinə yox, orta təbəqənin mətbəx ləvazimatına bənzəyirdi) baxmayaraq, yeni tamaşanın yaradıcı heyəti orijinal materiala zövq və səliqə ilə yanaşma tərzini kifayət qədər qabarıq büruzə verdi.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist İnarə Babayeva, musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayevdi. Serpina partiyasını İnarə Babayeva, Doktor Uberto partiyasını Anton Ferştandt, Vespone partiyasını Fərid İbrahimov ifa edirdilər.

Məlumat üçün:

Covanni Battista Perqolezi (1710-1736) "Qulluqçu-Xanım" ikihissəli opera-buffasını Cennario Federikonun librettosu əsasında yazıb. İtalyan bəstəkarı, viola və orqan ifaçısı C.B.Perqolezi Neopolitan opera məktəbinin nümayəndəsi olaraq opera-buffa janrının ən erkən və vacib yaradıcılarındandı. Eksperimentləri sevən bəstəkar olduğu üçün onun ən uğurlu əsəri olan "Qulluqçu-Xanım" operası ilk dəfə 1733-cü il avqustun 28-də Neapolun San-Bartolomeo teatrında tamaşaya qoyulub. Operanın Paris premyerası ilə musiqi ictimaiyyəti iki yerə - mühafizəkarlara və yenilikçilərə parçalanmışdı. Bu operanın 1752-ci ildə Parisdə tamaşaya qoyulması Maarifçilik hərəkatının tanınmış nümayəndələrinin iştirakilə pamfletlər müharibəsinə şərait yaratdı ki, bu da öz növbəsində yeni janr olan fransız komik operasını ərsəyə gətirdi.

Dünyəvi musiqi ilə yanaşı, Perqolezi dini musiqi də bəstələyib. Bəstəkar 26 yaşında vərəmdən vəfat edib.

Perqolezinin obrazı R.Silverberqin "Canni" fantastik hekayəsinin qəhrəmanı kimi təqdim edilir.
Opera-buffa (italyancadan tərcümədə məzəli opera deməkdir) XVIII əsrdə intermediyalar və xalq-məişət mahnı ənənələrinin əsasında yaranıb. Bu janrın səciyyəvi cəhətlərinə kiçik həcm, 2-3 iştirakçı, şən buffonada, süjetin hərəkətliliyi, parodiya, parlaq, canlı, melodika, üslubun aydınlığı aiddir. Opera-buffalar məişətdən qidalanan süjetlərə əsaslanaraq əksər hallarda satirik çalara malik olur.

Samirə Behbudqızı
Milli.Az


----------------
07.04.2014
16:14

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.