Mədəniyyət

İsa Muğanna musiqi ilə dəfn edildi - YENİLƏNİB - FOTO

2 Aprel 2014 18:15
6 Şərh     Baxış: 3 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:12

Xalq yazıçısı Fəxri Xiyabanda torpağa tapşırılan zaman öz vəsiyyətinə uyğun olaraq məzarı başında saz çalınıb

Bu gün Azərbaycan Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib. Xalq yazıçısı artıq Fəxri Xiyabanda torpağa tapşırılıb. Milli.Az anspress-ə istinadən xəbər verir ki, mərhumun məzarı üstündə dəfn mərasimi zamanı saz çalınıb.
Məlumata görə, yazıçı bunu özü vəsiyyət edib.

---------
16:36


Azərbaycan Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, yazıçı, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca və başqaları iştirak edib.


Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev İsa Hüseynovun vəfatını Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük itki adlandırıb: "İsa Hüseynov Azərbaycanın böyük yazıçısıdır. O, Azərbaycan xalqını, onun məişətini, adət-ənənəsini çox dərindən bilirdi. Mən 14-15 yaşımda yazdığım hekayələri İsa müəllimə göstərirdim. O vaxt inanmazdım ki, vaxt gələcək, bu ustad yazıçının vida mərasiminin açılış nitqini mən edəcəyəm".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, İ. Hüseynovun həyatı hər bir insan üçün örnək olacaq: "İsa Hüseynovun əsərlərini oxuduqca insan Azərbaycan dilinin gözəlliyinə heyrət edir. Ustad sənətkar ilk növbədə böyük nasir idi. O, həm də gözəl ssenarist idi və yazdığı ssenarilər Azərbaycan kinosunun inkişafına böyük təkan verib. 86 il mənalı ömür yaşayan İsa Hüseynovun həyatı bizim üçün örnəkdir".

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazıçı və insan kimi İ.Hüseynovu yüksək qiymətləndirib: "İtkimiz çox böyükdür. Xalqın, sənətin itkisidir. O, Azərbaycan ədəbiyyatında təkrarsız yazıçı idi. İsa Azərbaycan ədəbiyyatına yeni ruh gətirmişdi. Mənim taleyimdə də onun böyük rolu var. O, gözəl yazıçı olmaqdan başqa, saf və nəcib insan, gözütox yazıçı idi. Tez-tez zəngləşirdik. Novruz bayramında zəngləşdik, səsi gümrah gəlirdi. Düşünürdüm ki, o hələ çox yaşayacaq, yeni əsərləri ilə bizi sevindirəcək. İsanın yeri həmişə görünəcək".

İ.Hüseynovun qızı Sevinc Hüseynova çıxış edərək ailəsi adından vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.

İsa Hüseynov I Fəxri Xiyabanda dəfn edilib.


---------
15:59


Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında xalq yazıçısı İsa Hüseynovla vida mərasimi keçirilib.

Trend-in məlumatına görə, vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazir Artur Rasi-zadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca, xalq artisti Eldar Quliyev və başqaları iştirak ediblər.
 

Mərasimdə çıxış edən E.Əfəndiyev, N.Həsənzadə, Ə.Qarayev, E.Quliyev və başqaları İ.Hüseynovun həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr barədə söhbət açıb, onun vəfatının ədəbiyyatımıza ağır itki olduğunu söyləyiblər.
 

Natiqlər qeyd ediblər ki, İ.Hüseynov cismən vəfat etsə də, ruhən qəlblərdə yaşayacaq, onun əsərləri daim insanlar tərəfindən sevilərək oxunacaq.

Qeyd edək ki, İ.Hüseynov aprelin 1-də ürək çatışmazlığından dünyasını dəyişib. Xalq yazıçısı I Fəxri xiyabanda dəfn olunacaq.


---------
12:50

Görkəmli yazıçı I Fəxri Xiyabanda dəfn ediləcək


Ötən gecə dünyasını dəyişmiş xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) ilə vida mərasimi başlayıb.

Anspress-in məlumatına görə, mərasim Akademik Milli Dram Teatrında keçirilir. Vida mərasimi saat 12.00-dan 15.00-a qədər davam edəcək. Görkəmli yazıçının vida və dəfn mərasimi dövlət səviyyəsində təşkil olunub.

Mərhum I Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Azərbaycanın görkəmli yazıçısı, ssenarist və kinoredaktor İsa Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində ziyalı ailəsində dünyaya gəlib. O, 1945-ci N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, 4 ay sonra doğma kəndinə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. "Azərnəşr"də Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində Nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari Şurasının üzvü (1974-1979), Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Onun ssenariləri əsasında "26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub. "26 Bakı Komissarı" filmi 1968-ci ildə SSRİ-nin Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını alıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilən "Anadil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. İsa Muğannanın "Məhşər", İdeal" və s. romanları Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir.
2012-ci ildə İsa Hüseynov AYB-nin təsis etdiyi "Nəsimi" mükafatının ilk laureatı olub.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 2014-cü il aprelin 1-də ömrünün 86-cı ilində vəfat edib.

Allah rəhmət eləsin!

Milli.Az

----------
18:15


Böyütmək üçün şəkillərə klikləyin.





-----------
16:36



----------
15:11



Foto: AzərTAc, Trend, Anspress
, "Yeni Musavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.