Milli.Az xalq artisti Alim Qasımovun modern.az-a müsahibəsini təqdim edir.
- Alim müəllim, bəziləri sizi dərvişlərə oxşadır. Bu oxşarlığı özünüz necə qəbul edirsiniz?
- Lap yaxşı. Oxşadırlar oxşatsınlar. Burada qəbahət görmürəm. Doğrusu, bu sualı mənə bir çox yerlərdə verirlər. Dərvişə bənzədilmənin elmi yolunu bilmirəm. Amma mənə elə gəlir ki, müəyyən vaxtlarda, məsələn, məşq zamanı, yaxşı əhval-ruhiyyənin bol olduğu zamanlarda biz o dərvişvari halı yaşayırıq. Tutalım, görürəm ki, artıq başqa aləmdəyəm. Bir çoxları içki ilə başqa vasitələrlə həmin aləmə düşə bilirlər. Mən isə içkisiz belə, onlardan daha yaxşı kefim saz, öz aləmimdə oluram. Bilirsiniz, incəsənətin incəliyi ondadır ki, gərək gecə-gündüz onun nazını çəkəsən, o deyənlə oturub-durasan.
- Əslində, sizi əhatə edən aləm sufilərə çox yaxındı. Özünüzə qapandığınız aləmin içində ətrafı necə görürsünüz? Yoxsa sizin üçün sadəcə, ətraf aləm mövcud deyil həmin anda?
- Əksinə, həmin aləmin sehrinə düşəndə insan bir az da mülayimləşir. İnsanları çox rahat qəbul etmək olur. Daxildə baş qaldıran əsəb yox olur. Təəssüflər olsun ki, biz bu halı hər gün mütaliə edib özümüzdə saxlaya bilmirik. Belə məclislər ayda bir dəfə ələ düşür. Mənə elə gəlir ki, bu hallar qrup şəklində də əmələ gəlir. Eyni zamanda, mənə qulaq asanların içində də bu halın ağuşuna düşənlər olur.
- Alim müəllim, sizin ifa tərziniz, səhnədə tamaşaçı qarşısına fərqli formada çıxmağınız, muğamı cazla sintez etməyiniz birmənalı qarşılanmadı. Sənət yoldaşlarınız arasında da sizin muğam sənətinə gətirdiyiniz yenilikləri iradla dilə gətirdilər. Hətta ilk müəlliminiz Əlibaba Məmmədov da irad bildirənlər arasında vardı.
- Həyatda çox şeylər olur ki, tanrının qismətinə bağlıdır. Belə baxıram ki, mən əslində heç nə etməmişəm. Sel gəlib mən də bir kağız parçası olub onun üstündə daşa çırpıla-çırpıla axıb getmişəm. Kimsə həmin kağız parçasını atıb ocağa yandırıb. Özümü belə hesab edirəm. Ona görə də, plansız, düşünülməmiş Allahın qısməti olaraq, bir iş alındı. İnsanın başına bir iş gələndə istəyir ki, belə olsun, amma başqa cür olur. Bir müddət keçəndən sonra isə deyir yaxşı ki, elə olmadı, belə oldu.
Düşünürəm ki, mənim də vəziyyətimdə eyni hallar yaşanıb. Belə deyək də, pisdən yaxşı nəticə əldə olundu. Biri var ki, bilirəm bu çox gözəldi. Mən buna irad da tuta bilərəm, tərif də edə bilərəm. Burada insanın şəxsi fikirləri də ola bilər. Burda şəxsi qərəzlik də ola bilər, insanın daxilindən gələn istək də. Ola bilər ki, kimsə məni doğurdan da səmimi olaraq qəbul edə bilmir. Başa düşmək olar. Şəxsi qərəzlik məsələsinə gəlincə həmin şəxs Allahla öz arasında cavab verəcək. Təbii ki, mənə qarşı kəskin iradların içində şəxsi-qərəzlik də olub. Böyük sənətkarlar arasında olub ki, şəxsiqərəzlik ediblər. Amma həmişə çalışmışam ki, əsl sənətkardan mənə qarşı iradları yaxşı mənada qəbul edim. Mənə qarşı paxıllıq hissini özümdən uzaq tuturam.Tamaşaçının içində də elələri vardı ki, deyirdi "əvvəlki kimi ifa etsən yaxşı olar" Mən də dedim ki, "böyümüşəm də neynəyim gedib girim bələyə"?!
- Əlibaba Məmmədovun iradına nə ad vermək olar?
- Əlibaba Məmmədovun iradında heç bir şəxsi qərəzlik yox idi. Əlibaba müəllim əsl sənət baxımından danışırdı. İndi Əlibaba Məmmədov ifa tərzimi qəbul edir. Əslində, indi hamı qəbul edir.
- Deyəsən, qismətə çox inanırsınız?
- Doğulandan indiyə qədər qismətlə yaşayıram. Bəlkə də özüm heç nə etməmişəm.
- Siz sənətə gələnə qədər sürücü olmusunuz. Bəs necə oldu ki, sürücü muğam ustası oldu?
- Ailədə ata, anama kömək etmişəm. Təsərrüfatımız, mal-qaramız çox olub. Yadımdadır ki, uşaq olanda ata-anamla Sabunçu vağzalında ağartı məhsulları satırdıq. Bir az böyüyəndən sonra fəhlə işlədim. Sonra isə sürücü işlədim. Əsgərlikdə də sürücülüklə məşğul olmuşam. Axırda gördüm ki, heç nə əmələ gəlmir, muğama üz tutdum. Qaynanamın rəhmətlik Səyavuş Aslana mənim ifam haqqında deməsi və onun da mərhum bəstəkarımız Vasif Adıgözəlova deməsi məni pulsuz Asəf Zeynallı məktəbinə gətirdi. Birbaşa Əlibaba Məmmədovun, Bəhram Mənsurovun qarşısında imtahan verdim. Münsiflər heyətinin hamısı mənə 5 verdi.
- Sizin ilk səhnə fəaliyyətiniz dövründə fərqli ifalarınız oldu. Məsələn müğənni Almaz Ələsgərli ilə bir duet oxudunuz. Muğam ifaçısı Alim Qasımov o ifadan sonra peşmançılıq hissi keçirdimi?
- Asta-asta muğam oxuyurdum. Bu təklif Vaqif Gərayzadədən gəldi. Mənə dedi ki, "bura gəl, belə bir mahnı var". Dedim "vallah mən oxuya bilmərəm". Amma elə oldu ki, mahnı alındı. Bu da bir qismət idi. Həmin ərəfədə bu böyük uğur oldu. Həm də cavanlara muğam yeni versiyada təqdim edildi. O mahnıya qulaq asanların çoxu bu gün muğam həvəskarıdır. Düzdü, elə məqamlar olub ki, bir ifaya görə çox əziyyət çəkmişəm. Amma sonu çox yaxşı olub. Bu qənaətdəyəm ki, sənətkarı gərək özbaşına qoymayasan. Gərək sənətkarı hirsləndirəsən, onu qıcıqlandırasan. Onda sənətkar başlayır yeni-yeni əsərlər yaratmağa. Peşmançılıq hissi isə indi də yoxdu. Hətta, mənim rep ifaçıları ilə də duetim olub. Görürüəm ki, sənətə pislik etmir, mənəviyyatı təmizdirsə onunla duet oxuyaram.
- Yenidən həmin duet üzərində yeni nəsə etmək olar?
- Əgər həvəsimiz olarsa, Fərqanə ilə oxuyarıq.
- Alim müəllim, yerdə oturub ifa etməyin xüsusi özəlliyi varmı?
- Sadəcə, stolda əyləşib muğam ifa etsəm, yerdə əyləşib ifa etdiyim halı tuta bilmərəm. Çox hərəkətli olduğumdan qorxuram yerə yıxılaram. Xüsusi özəlliyi budur.
- Siz həm də komplekslərdən uzaq insansınız. Bu, sizi narahat etmir?
- Mənə elə gəlir ki, sənətkar gərək özü-özündən zövq ala bilsin. Mədəni hissiyyatla yaşaya bilsə, mütləq kənardakı da həmin hissi tuta biləcək. Nə bilim əlimi belə qoysam, o nə deyər. Belə qoysam başqası nə deyər. Məncə, bu cür hərəkət edəndə sənət yarımçıq olur. Bu yaxınlarda bilmişəm ki, əli buruna aparmağın başqa yozumu varmış.
- Deyirlər yaş artdıqca insanın fikirləri dəyişir. Hiss edirsinizmi ki, sizin fikirləriniz dəyişib?
- Rəhmətlik maştağalı bir seyid vardı. Seyid Şuşinski ilə dostluq edirdi. Mənə dedi ki, sən 57 yaşından sonra oxuyacaqsan. Mənim də 40 yaşım olardı. Dəbdə olan vaxtım idi. Müştərilərin əlindən gizlənirdim. Çünki bütün dəstgahları oxumaq çətindir. Elə olurdu ki, bir toyda 8-10 dəstgah oxuyurduq. Hətta elə kəndlərə toya getmişəm ki, deyiblər birinci dəfədir ki, burada tar-kaman çalınır, xanəndə oxuyur. Ona görə də səs yerində qalsa da, əvvəlki oxumağın dadı da, həvəsi də fərqli olur. Mənə deyəndə "57 yaşında oxuyacaqsan" Deyirdim ki, "nə danışırsınız, mən həmin yaşda sənəti tərk etmək niyyətindəyəm". Doğurdan da, hiss edirəm ki, 40 yaşında ifa etdiyim ifalar bu günkündən fərqli olub.
- Şərqlə qərb musiqisini sintez etməyi sizin ifanızda eşitdik. Xristian-müsəlman aləmində şərqlə qərb musiqisinin sintezi nə dərəcədə düzgündür?
- İncəsənətdə olmaz sözü yoxdu. Daxildən gələn yaradıcılıqlar varsa, birləşib xalqa xidmət edir. Xalq da onu gözəl qəbul edir. Bu musiqidir. Burda ölüm-itim yoxdu. Uzağı alınmayacaq silinib çıxıb gedəcək. Əsas odur ki, avtomat düzəltməyək. Bu qədər insanlar yaranan silahların qurbanına çevrilir. Dünyanın hər yerində haqsızlıq olanda bizim səsimiz çıxmalıdır. Musiqinin sintezi düşünürəm ki, doğrudur.
- Son vaxtlar qastrollara dəvət alırsınız?
- Bir az azalıb. Dünyada baş verən iqtisadi böhran qastrol xərclərinə təsirsiz ötüşmədi. Amma sənətkarı Allah dolandırır. Əvvəl gəlirimiz qastrollardan gəlirdi. İndi də Allaha şükür ac deyilik.
- Bir az fərqli olmağa meyllisiniz. Məsələn, qızınızın da oğlunuzun da toyunu Pirqulu meşəsində etdiniz. Bu ideya necə oldu reallaşdı?
- Restoranda 6 saat ərzində baş tutan toya o qədər pul vermək istəmədim. O qədər pulu asanlıqla qazanmırıq axı. Ona görə də toyu meşədə etmək qərarına gəldik. Əslində oğlum Hadi həmişə deyirdi ki, meşədə edək toyu. Deyirdim dəlisən, meşədə toy olar? Oğlumun meşədə toy istəyi məni orda etməyə vadar etdi. 3gün 3 gecə Pirqulu meşəsində toy etdik. Amma restoran toyundan da artıq xərc çıxdı. Toyun sonunda yemək qalmadı. Bir şeyi də deyim ki, mən toylara pul salmıram. Ona görə də övladlarımın toyunda pul yığmıram. Kimsə hörmət edirsə allah cibinə bərəkət versin.
- Daxilinizdə sadəlik bir qədər artıqdır. Bunu sizə ailədə irad tutmurlar?
- Əvvəla, sadəlik rahat yoldu. Mən də sadəliyi çox sevirəm. O çoxbilmişlik, ki var, o tip insanlar başlayır hər yerdə bir evcik qurmağa, yəni başlayır yalan danışmağa. İnsan yalanların içində məhv olub gedir. Mənim ağlım o səviyyəyə çatmadığından, Allah o "zirəkliyi" mənə vermədiyindən mənim üçün yeganə yol düzgünlükdü. Sadəlik və doğruluqdan başqa yola gedə bilmərəm. O birilərə qarşı səbrim də yoxdu. Insanlar heç vaxt pis doğulmur. Sadəcə çapalay-çapalaya zəmanə ilə vuruşub dəyişirlər. Pisliyə doğru dəyişən insanlarda təqsir yoxdu.
- Uzun illərdir ki, səhnədə qızınız Fərqanə ilə oxuyursunuz. Artıq onu daha yaxşı yetişdirmisiniz. Maraqlıdır, özünüzdən sonra qızınızı bu sənətdə necə görürsünüz?
- Fərqanə xanımla fərqimiz ondadır ki, o, həm məsuliyyətlidir, həm də Allah onu xanım yaradıb. Bunlardan savayı Fərqanəni dinləyicilər səhnədə başı bağlı qəbul etdilər. Eyni zamanda, mənim səhnədə etdiyim hərəkətləri etməyə o həsrət qalacaq. Onları edə bilməyəcək. Çünki mən kişiyəm, o isə qadındır. O istər-istəməz hərəkətlərinə sərhəd qoymalıdır. Həmin hərəkətləri edə bilməməyinin heyfini öz səsində, oxumağında çıxacaq. İnanıram ki, inşallah Fərqanə səhnəyə tək çıxandan sonra yeni bir aləm, fərqli əhval-ruhiyyə tamaşaçılara bəxş edəcək.
- Televiziyalarda silsilə muğam müsabiqələri keçirilir. Niyə münsif kimi qatılmırsınız.
- Heç kəslə üz-göz olmaq istəmirəm. Ola bilsin ifadan narazı qalım, o zaman söz söhbətlər də çox olacaq. Bu cür hallardan uzaq olduğum üçün münsif qismində özümü görmürəm.
- Kitab oxumaqla aranız necədi?
- Bu vaxta qədər bir kitab oxumamışam. İndi-indi istəyirəm ki, nəsə oxuyum. Amma qəzəlləri əzbərləyirəm.
- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?
- Boş vaxtlarımda məndən avara adam yoxdu. Dostlarla çay içə-içə nərd oynayırıq.
- Namaz qılmağa nə vaxtdan qərar verdiniz?
- Hər dəfə deyirdim, amma namaza başlaya bilmirdim. Ailədə birinci kiçik qızım başladı namza qılmağa. Sonra Fərqanə başladı. Pirquludakı toydan sonra fikirləşdim ki, "mən kiməm?" Deməli, namaza başlamaq lazımdır və başladım. Maraqlıdır ki, mən namaza başlayanda gördüm ki, həyat yoldaşım arxamda dayanıb. İndi o məndən də yaxşı namaz qılır. Çünki o fatihə surəsini belə bilmirdi. Quranı 2, 3 dəfə oxuyub. İndi o namaz qılmaqda məni keçib, olub molla xanım (gülür).
- Müasir estradadan dinlədiyiniz ifaçılar varmı?
- Ancaq xalq mahnılarına qulaq asıram. Folklordan aldığım zövqü estradadan ala bilmirəm.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Mədəniyyət
Alim Qasımov: "Ata-anamla Sabunçu vağzalında ağartı məhsulları satırdıq" - FOTO
10 Yanvar 2014 15:26
1 Şərh
Baxış: 1 587
DİGƏR XƏBƏRLƏR
- Xalq artisti: "Sən, heç "sənətin qapısı" nədir, onu görməmisən" - VİDEO
- COP 29 mədəni tədbirləri çərçivəsində ”Sərhədsiz musiqi” konsert proqramı keçirildi - FOTO
- Məzardan dünya tarixini dəyişə biləcək əşya tapıldı - FOTO
- Filarmoniyada COP29-a həsr olunmuş növbəti konsert keçirilib - FOTO
- CINEMO və TikTok əməkdaşlığı inkişaf edir
- Leyla və Arzu Əliyevalar COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
- İstirahət günü hava necə olacaq?
- Osimheni kölgədə qoyacaq yeni transfer - Ulduz futbolçu "Qalatasaray"ın hədəfində
- Əli Əsədov qərar imzaladı
- Vüsalənin başına oyun gəldi: "O, Nadirlə Manafı da aldadıb"
- Sahibkarlar bunu 6 il məcburi qaydada tətbiq etməlidirlər - Yeni QAYDA
- 31 min nəfərə pensiya təyin edilib
- Annalena Berbok Bakıda görün nə etdi - Almaniya-Azərbaycan arasında növbəti gərginlik
- Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı kimdir? - YENİLƏNİB
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
- Türkiyədə robot müəllim oldu - Şagirdlərə belə dərs keçir - VİDEO
- Rusiyanın xalq artisti xəstəxanaya yerləşdirildi - FOTO
- Bir gecədə qiyməti kəskin düşə biləcək maşınlar
- “Google Chrome”da təhlükəsizlik yoxlamasını necə həyata keçirmək olar? - VİDEO
- Bu deputatlara mənzil verildi - Bəziləri imtina etdi
- "Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək"
- Rusiyada yenə səfərbərlik olacaq? - Peskov AÇIQLADI
- "Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm" - VİDEO
- “Qarabağ” zirvəni geri ala biləcək? - günün matçları
- İran Rusiyaya nota verdi
- Bakıda da məşhur olan Çin maşını 1 ildə bu hala düşdü - VİDEO
- İkardi müğənni ilə FOTOsunu paylaşdı: Nara özündən çıxdı
- Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF
- Həmin "Balina" Bakı ilə belə "vidalaşdı" - VİDEO
- Çin istehsalı yeni avtomobil - "Rolls-Royce"un rəqibi olacaq - FOTOlar