Ümumiyyətlə, uşaqlıqdan etibarən məni həmişə polislə qorxudublar. Bizim sözümüzlə qələt edib, farsın sözüylə bir qələt eləmişəm, o dəqiqə evdəkilər polislə şantaj ediblər. Polis əmi gələcək, polis əmi tutacaq. Böyüyəndə də əmi xitabı atıldı, oldu, polis gələcək, polis tutacaq. İnsafən, sağ olsunlar, gəlib, tutduqları da olub. Yenə insafən, sağ olsun, polislərdən indi də qorxuram, durub nə artistlik edim sizə? Onsuz da, siz də qorxursunuz. Əgər özünüz polis və ya ondan daha yüksək çinli deyilsinizsə. Ona görə də məni polisdən qorxduğum üçün qınamağa heç birinizin haqqı yoxdur. Kim də qınayırsa, söyüşü dağa-daşa. "Kres" tutmuşam."Məhəllə"nin "Eliş"i son dəfə baxdığı pornodan danışdı
Yuxarıdakı mətni də polisdən qorxan müəllifin polis polkovnik-leytenantı Cabir İmanovdan Lent.az-ın "Kubik-rubik" rubrikasına aldığı müsahibəyə riyakar, müti və çarəsizcə yazdığı giriş əvəzi hesab edin, ta keçib.
- Polkovnik-leytenant Cabir İmanov və "Məhəllə" uşağı Eliş. Daha çox polissiniz, yoxsa aktyor?
- "KVN"-şik olaraq, məqsədimiz insanları güldürmək, onlara yumor vasitəsilə hansısa məlumat vermək, problemlərlə tanış etməkdir. Polisin işi isə insanları cinayətkarlardan qorumaqdır. Sevdiyim və məşğul olduğum işlərin ikisi də insanlara həsr olunub. Aydın məsələdir ki, bunlar bir-birinə zidd işlərdir. Ancaq uşaqlıqdan polis olmaq arzum olub.
- Polisliyin simanıza verdiyi xüsusi "bolşe zəhrimara" yoxdur ki?
- Məncə, yox. Mən çalışmışam, heç kimi nahaqdan tutmayım. Məqsəd, sadəcə, cinayət törətmiş şəxsi yaxalayıb, onları cəmiyyətdən təcrid etməkdir.
- Yaxaladığınız ən qatı cinayətkar nə etmişdi?
- Adam öldürən də tutmuşam, adam satan da, oğurlayan da, narkoman da, quldur da. Ən xırda cinayətdən, ən ağırına qədər.
- Yaxaladığınız cinayətkarlar sizi görəndə gülmür?
- Bəlkə də hardasa sevinir ki, onu Cabir tutub. Ancaq onun gülüşü çox çəkmir. Anlayır ki, artıq tutulub və qabaqda həbsxana gözləyir.
- Bizdə polislər qarınlı və qarınsız olaraq, iki qrupa bölünür. Polkovnik-leytenant kimi, sizcə, bu qarınlar hardan yaranır?
- Bunlar hamısı qida ilə bağlıdır. Polislər vaxtında qidalanmırlar. Bilirsiz, həqiqətən, o qədər çətin rejimdə işləyən polis işçiləri var ki... İşlərinin çoxluğundan vaxtı-vaxtında yemirlər. Qidalandıqları yeməklər də ev yeməkləri deyil. Adətən, fast-food, dönər-filan. Gecə saat 1-də kimsə istirahət edir, ancaq polis işçisi çalışır. Əslində, polis işçisinin qarnı olmamalıdır. Biz hər il müəyyən imtahanlar veririk. Turnikdə dartınmaqdan tutmuş, əlbəyaxa döyüşə qədər. Bu qarınlı polislər də yəqin, imtahandan sonra o qədər yeyirlər ki, kökəlirlər. Öz işini sevən, öz formasına hörmət edən polis hesab edirəm ki, qarınsız, fit olmalıdır.
- Dostoyevski "Cinayət və Cəza" romanında böyük ideallar üçün cinayət törətməyə haqq qazandırır. Bu məsələdə siz necə düşünürsünüz?
- Əlbəttə ki, olmaz. Bu suala mən ancaq belə cavab verə bilərəm. Adam öldürmək cinayətdir də, ancaq mən şəxsən torpağı azad etmək üçün kimisə öldürərəm. Biz polis işçisi kimi buna son zərurət olanda əl ata bilirik. Əgər qarşımızda şəxs silahlıdırsa, o zaman özümüzü qorumaq üçün biz də silaha əl ata bilərik.
- Siz "Məhəllə"də tində dayanan, avara, narkoman bir obrazı canlandırırsınız. Narkomanları yaxalayan polisin narkoman obrazı yaratması çox təzadlı deyil?
- Narkomanların obrazlarını o qədər mənimsəmişəm ki, səhnədə də bu rolu rahat yaratmaq olur. "Eliş" obrazını da narkoman olduğu üçün sevmirlər. Həm də onlar narkotiklərə meylli tiplər deyillər. Onlar, sadəcə, özlərini göstərmək üçün elə danışırlar. Əslində, ikisi də - "Eliş" də, "Roşka" da avaranın biridir, heç bir yerdə işləyib eləmirlər, bütün günü boş-bekar gəzirlər.
- Cabir, sizcə, Rembo döyər, yoxsa Brüs Li?
- Bizim uşaqlıq dövrümüzdə Rokki döyürdü.
- Van Damm öz filmlərində əvvəl xeyli döyülürdü, sonra qəfildən döyməyə başlayırdı. Sizcə, niyə belə edirdi?
- Məsələn, bizim ssenarilərin yazılmağında məqsəd odu ki, tamaşaçını güldürək. Ssenarilərin hamısı da sosial problemlərə həsr olunub. Hollivudda isə yanaşma fərqlidir, yəqin. Ora böyük bir sənayedir.
- Sizə daha çox müəllim deyirlər, yoxsa rəis?
- Yox, mənə heç kim rəis demir. Müəllim də demirlər. Elə Cabir deyirlər. Çox sevinərdim ki, müəllim sözü xitab olmaqdan çıxsın. Müəllimi müəllimə deyərlər. Şirkətdə işləyən mühasib müəllim ola bilməz.
- Sizcə, "Qıl körpüsü" var?
- Mən "Qurani-Kərimi" oxumağı çox sevirəm. Orada da cənnət və cəhənnəmdən çoxlu sözlər yazılıb. Əgər biz müsəlmanıqsa, təbii ki, inanırıq ki, həm cənnət, həm də cəhənnəm var. "Qıl körpüsü"ünün varlığı barədə isə bir söz deyə bilmərəm. Yəqin ki, bu barədə ora gedəndə xəbər tutacağıq.
- Amerikanı kim kəşf edib, Ameriqo Vespuççi, yoxsa Xristofor Kolumb? Siz kimin tərəfindəsiniz?
- Mən Xristofor Kolumbun yanındayam. Düzdü, Vespuççi də getmişdi, ancaq mən Kolumb deyirəm.
Siz mənim əl işlərimlə tanışsınız? (Keçid çox qəfil oldu. Həyəcanlandım - A.G.)
Söhbətin bu yerində Cabir İmanov bizə özünün ustalığından danışmağa başlayır. "İnstagram" sosial şəbəkəsində əl işlərinin foto-videolarını göstərir. Yaxşı xarrat-usta olduğunu deyir. Bağında düzəltdiyi Yel Dəyirmanını, taxtadan hazırladığı kiçik kottecin şəkilləri ilə tanış edir. C.İmanovun əl işlərini kim görmək istəsə, adıçəkilən şəbəkədə onu tapıb, baxa bilər.
- Bax, mənim iki qızım var. Bu gün bilirsiniz ki, biz hansı zəmanədə yaşayırıq. Bu, 21-ci əsrdi, avropalaşmadı, bizim mentalitetə çox təsir edir. Mən istəyirəm, mənim qızlarım da anam, nənəm kimi böyüsün. Evdar qadın olsunlar. Demirəm e, əllərindən çömçə düşməsin. Ancaq xanım olsunlar. Hər şeyi bacarsınlar. Evi yığışdırmaqdan tutmuş, gözəl yemək bişirməyə qədər. Mən onlar üçün həyətdə xüsusi bir ev düzəltmişəm (şəklini göstərir). Bu evin içində mətbəx var. Məqsəd qızlarımıza xanım-xatun olmağı öyrətməkdir. Özləri öz balaca evlərində bu işləri öyrənsinlər.
- Doğrudan, Moskvada 3 milyon azərbaycanlı yaşayır?
- Vallah, orada o qədər azərbaycanlı var ki... Yəqin, o milyonların sayı hər gün dəyişir. Kiminsə işi alınmır, qayıdır bura və s.
- Bizdə polislər adətən adam döyürlər. Siz necə, kimisə döymüsünüz?
- Yox, mən heç kimi döyməmişəm. Şəxsi həyatda isə kimisə döymüşəm. Hər bir kişi insan döyməyi bacarmalıdır ki, özünü müdafiə eləsin. Axırıncı dəfə kimi döydüyüm yadımda deyil. Ancaq səhv edərək, adamı onu vurmağa vadar edən şəxs elə vurulmalıdır.
- Özünüzə yeni "şəpit" almısınız?
- Yox, köhnə "şəpit"ə nolub ki? O "şəpit" o qədər keyfiyyətli istehsal olunub ki, xarab olmaq bilmir.
- "Kurtlar vadisi"nə baxırsınız? Sizcə, Polad Ələmdarı göndərsək, gedib, Qarabağı ala bilər?
- "Kurtlar vadisi"ni çox sevirəm. Onun ilk 100 seriyasına baxmışam. Hətta mən o seriala baxandan sonra başa düşdüm ki, bu, Amerikada çəkilmiş bir çox filmdən qat-qat üstündür. O serialın konsepsiyası çox yaxşıdır. Orada həm din, həm qeyrət, həm namus var. Onlar inqilab elədilər. Çox adamın bilmədiyi şeyləri göstərdilər. Dünyanı idarə edənlərdən tutmuş, küçə savaşlarına qədər. Ədalətsizlikləri, dostluğu, kişiliyi, namərdləri... hər bir şeyi göstərir. Bir ay ərzində mən o filmin 100 seriyasına baxdım. Orada Çakır öləndə mən eşitdim ki, Türkiyədə qəzetlərdə ona başsağlığı elanları veriblər. Bir kinoda ki Endi Qarsiya və Şeron Stoun çəkilib... Yəqin ki, onlar oxuyub gəlib çəkiliblər.
Sonra nə oldusa, baxa bilmədim. Dayandım. Bilirsiz, "Məhəllə-1" "Məhəllə-2"dən güclüdür. Bu, qanundur. Ona görə də ilk 100 seriyadan sonra "Kurtlar vadisi"nə baxa bilmədim.
- Niyaməddin Musayev, yoxsa Con Lennon?
- Mən "Earth, wind and Fire"a, Corc Bensona, Al Ciroya qulaq asıram. Caz-roku çox sevirəm. Ancaq mən Azərbaycan musiqisini də həddindən artıq sevirəm. Hətta royalda ifa edəndə həmişə Azərbaycan musiqilərinə müraciət edirəm. Tofiq Quliyevi, babam bəstəkar olub, onun yazdığı bütün musiqiləri sevirəm.
- Madam Bovari ilə Təhminəni müqayisələndirib, onları necə xarakterizə edərdiniz?
- Mən hesab edirəm ki, insan insanı sevəndə gərək həyatı o insanla yaşasın. Təbii ki, bəzən valideynlərin qadağaları olduğu üçün bu seçimi həmişə edə bilmirsən. Onların seçdiyi, bəyəndiyi, dərrakəli, təhsilli, xanım biri olmalıdır. Mən bunla razıyam, bu qaydadır. Ancaq hər kəsin bir payı bu dünyada və payı tapan adam qismətindən qaçmamalıdır.
- Xəzər göldür, yoxsa dəniz?
- Xəzər dünyada ən böyük göldür. O boyda göldür ki, dənizə oxşayır da...
- Qeydlərim arasında bir sual var, ancaq sizin polis olmağınız məni sizlə ehtiyatlı olmağa vadar edir. Qəfil sual versəm, sərt reaksiya verməzsiniz ki?
- Baxır suala də.
- Pornoya ən son nə vaxt baxmısınız?
- (Səsli gülür). Pornoya?.. Bu saat deyərəm sənə (fikrə dalır). Adını çəkməyəcəm. Son dəfə pornonu Azərbaycan televiziya məkanında görmüşəm (həyəcanlı dəqiqələr - A.G.). Bir serialdan gedir söhbət. Hansısa konkret pornoqrafik səhnədən söhbət getmir. Yəni serial ümumilikdə serial deyildi, pornoqrafiya idi.
- Adətən siz başqalarını parodiya edir, ələ salır, bir növ dolayırsınız? Bəs sizi ən son kim dolayıb və ya buna cəhd edib?
- Bu, bir az geniş mövzudur. Bizim skandal yaratmış səhnələrimiz çox olub. Təbii ki, bunları eləmək üçün sən inqilabi xarakterlə etməlisən. Hətta müəyyən insanlar gəlib ki, sizi tutduracağıq. Bizim parodiyalarımıza ən normal reaksiya verənlər nazirlər və məmurlardır. Şikayət edənlər, tutduracağıq deyənlər isə manıslardı. Özünə, bizə hörmət etməyən, parodiyanın mənasını dərk eləməyən şəxslərdi. Onlar savadsızlıqlarında, dünya görüşlərinin məhdud olmasından, tərbiyəsizliklərindən belə hərəkətlərə yol verirlər. Zəng edib, hədə-qorxu gəlirlər və s. Gəlsinlər də, axı sən busan!
Mənim özümü isə çox istəyərdim ki, kimsə parodiya eləsin. Çox istəyərdim, buna baxım.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.