Mədəniyyət

"Bağır Seyidzadə 100" miniatür kitabı çapdan çıxıb

1 Oktyabr 2012 14:35
0 Şərh     Baxış: 533
Azərbaycan Respublikası "Kitab" Cəmiyyəti tərəfindən "Bağır Seyidzadə 100" miniatür kitabı "İndiqo" mətbəəsində nəfis şəkildə çapdan çıxıb.

AzərTAc xəbər verir ki, miniatür kitab Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadənin "O özünə inanır, tək özünə arxalanırdı" məqaləsi ilə açılır.

"Doğru deyiblər ki, ailə dövlət içində kiçik bir dövlətdir. Seyidovlar - Seyidzadələr ailəsi tanınmış bir nəsildir" cümlələri ilə başlanan" məqalədə Əməkdar Mədəniyyət İşçisi, respublikanın qocaman jurnalistlərindən biri, milli kino sənətinin, mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş ictimai xadim, diplomat, xeyirxah əməllər sahibi, mərhum Bağır Mir Qasım oğlu Seyidzadənin mənalı ömür yoluna nəzər salınır.

Qədim Azərbaycan şəhəri olan İrəvanda dünyaya göz açmış Bağır Seyidzadə kiçik yaşlarından zəhmətə qatlaşsa da, oxumaq, savadlı insan olmaq fikri gənci bir an da olsun onu rahat buraxmayıb, gündüzlər fabrikdə işləyib, axşamlar isə oranın işçi fakültəsində təhsil alıb, bir müddət "Kəndli" qəzetində çalışıb. Azərbaycan Sənaye İnstitutunda təhsil aldığı illərdə isə "Gənc işçi" qəzetində tərcüməçilikdən redaktoradək müxtəlif vəzifələrdə çalışıb.

Miniatür kitabda Bağır Seyidzadənin Azərbaycanın kinematoqrafiya naziri işlədiyi dövrdən bu sahənin problemlərinin aradan qaldırılması üçün böyük səylə çalışdığı vurğulanıb. Bağır Seyidzadənin nazir olduğu dövrdə Bakı kinostudiyasında "Bakının işıqları" bədii, "Böyük yol", "Hədiyyə xalçası", "Quba bağlarında", "Tərtərçay vadisində", "Mingəçevir", "Sovet Naxçıvanı", "Əməyə eşq olsun!", "Gədəbəyin sərvəti", "Abşeronun ocaqları", "Səhər nəğməsi", "Xəzər neftçiləri haqqında dastan" və s. sənədli və elmi-kütləvi filmlər yaradılıb.

Kitabda qeyd edilir ki, hələ tələbə ikən jurnalistikada ilk addımlarını atan B.Seyidzadə sonralar bu sahənin peşəkarına çevrilib. İstedadlı jurnalist olaraq qısa müddətdə respublikada qəzet-nəşriyyat işinin bilicisi kimi tanınmış, ömrünün son illərində Azərbaycan Dövlət Teleqraf Agentliyində (keçmiş Azərinform, indiki AzərTAc) sədr müavini vəzifəsində çalışıb, eyni həvəslə jurnalist və tərcüməçilik fəaliyyətini davam etdirib.

Miniatür kitabda AzərTAc-ın müxbiri Tamilla Nuriyevanın "O, məşhur Seyidovlar nəslindən idi" məqaləsi də yer alıb. Seyidzadələr nəslinin nisbətən yaxın tarixinə ekskurs edən müəllif istinad etdiyi mənbələrlə bir daha ağacın kökündən su içdiyi kimi, insanın da öz köklərindən qidalandığını, əcdadlarının hünər və zəfərlərinin nümunəsində tərbiyə olunaraq nəsildən-nəslə ötürülən irsi inkişaf etdirdiyini və zənginləşdirdiyini bir daha diqqətə çatdırıb.
Daha çox Bağır Seyidzadənin qızı Dilarə Seyidzadənin xatirələrinə istinad edən müəllif bu nəslin nümayəndələrinin kəşməkəşli, lakin şərəfli ömür yolunu oxucunun gözləri qarşısında canlandırıb.

Bir məqamı da qeyd etmək yerinə düşər. T.Nuriyevanın istinad etdiyi bu mənbədən aydın olur ki, D.Seyidzadə Türkiyənin Qars şəhərində dünyasını dəyişmiş əmisi Mirəlinin qəbrini tapmağa ulu öndər Heydər Əliyevin sayəsində nail olub.
Bağır Seyidzadənin jurnalistlik və tərcüməçilik fəaliyyətinin geniş yer aldığı miniatür kitabda vurğulanıb ki, o, Azərbaycan Sənaye İnstitutunu bitirməsinə, neft emalı üzrə mühəndis-texnoloq ixtisası almasına baxmayaraq, qəlbən həmişə jurnalist olaraq qalıb.

Onun Azərinformda (indiki AzərTAc) müxtəlif vəzifələrdə çalışdığı dövrün də əhatə olunduğu kitabda qeyd edilir ki, Bağır Seyidzadə dövlət agentliyi üçün əsl tapıntı olub. O, həm özünə, həm də əməkdaşlara qarşı çox tələbkar olmuş, prinsipial əhəmiyyət daşıyan, yaradıcılıqla bağlı məsələlərdə əsla güzəştə getməyib. Vurğulanıb ki, Bağır Seyidzadənin əməyi layiqincə qiymətləndirilib. O, "Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülüb, "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda, həmçinin Bağır Seyidzadənin həyatının və ictimai fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən ağ-qara formatda 30 fotoşəkil yer alıb.

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.