Mədəniyyət

Baku Fashion Week 2023 gündəliyi: üçüncü gün - FOTO

8 Dekabr 2023 13:05
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Konqres Mərkəzində Baku Fashion Week-in birinci mövsümünün sonuncu günü baş tutdu. Gecəni Azərbaycanın L'Arc brendi açdı. Brendin yaradıcısı və dizayneri Kamilla Babayeva incəlik və həssaslığı özündə birləşdirən üslub yaratmağı bacardı. Brendin "Diva" adlanan yeni kolleksiyası ənənəvi olaraq payet və kristallarla bəzədilmiş parçalardan hazırlanmışdı.

Azərbaycan brendi olan La'Le eleqantlıq və modernizm ideyalarını birləşdirərək, Baku Fashion Week-in podyumunda orijinal parça seçimi ilə fərqlənən kolleksiyasını nümayiş etdirdi. Qara cinsdən hazırlanmış paltarlar öz yerini korsetli köynək paltarlara verdi və onlar da öz növbəsində saçaqlarla bəzədilmiş axşam paltarları ilə əvəz olundu. Dizaynerin dəridən istifadə edilərək hazırlanan obrazları kolleksiyanın son çıxışı oldu. 

Podyuma çıxan növbəti kolleksiya Türkiyədən xüsusi dəvət olunmuş dizayner Katerina Ekşioğluya aid idi. Şou çərçivəsində nümayiş olunan gündəlik geyimləri demək olar ki, hər cür bər-bəzək əşyalarından istifadə edilərək hazırlanan ziyafət geyimləri əvəz etdi. Dizayner həm krujeva korsetlərindən, həm də kristallardan istifadə etməklə, güllü tematikalara müraciət edərək, şəffaf parçalarla qalın və sıx materialları birləşdirərək maraqlı obrazları yaratmağı bacardı. Tamaşaçılar Katerinanı türkiyənin Elie Saabı adlandıraraq belə bənzətmənin heç də əbəs yerə olmadığını vurğuladılar.

Azərbaycanın NAN brendinə aid "Studio" kolleksiyası daha təmkinli görünürdü. Zəncirlər, kəmərlər və lak kimi elementlərin geniş istifadəsinə baxmayaraq, obrazlar heç də kobud alınmamışdı. Çünki dizayner öz kolleksiyasında qadının incəliyini və daxili gücünü göstərməyə çalışırdı.

Baku Fashion Week-in təşkilatçılarının sözlərinə görə, günlər üzrə nümayiş olunan kolleksiyalar elə bölüşdürülmüşdür ki, tamaşaçılar hər gün bir-birindən fərqli obrazları görə bilsinlər. Baku Fashion Week-in bədiiliyini daha da artırmaq məqsədilə ilk mövsümün bağlanış kolleksiyası kimi Tuva markasına yer verilməsi çox doğru seçim idi. Brendin dizayneri Şəbnəm Bayramova "Körpü" kolleksiyasını yaradarkən Yer kürəsinin əsas sivilizasiya beşiklərindən biri olan Qobustanın petroqliflərindən ilhamlanıb. Eramızdan əvvəl 12-ci əsrə aid qayaüstü rəsmlərin yer aldığı obrazlar podyumda tamamilə müasir və çox yerinədüşər görünürdü. Modellərin Azərbaycan milli rəqsi olan "Yallı" formasında son çıxışı sanki üç gün ərzində dayanmadan çalışaraq tamaşaçılara paytaxtda misli görünməyən moda həftəsini təqdim edən insanların birliyini simvolizə edirdi.

Baku Fashion Week-in ilk mövsümü sona çatar-çatmaz, artıq təşkilat komitəsi 2024-cü ilin may ayında baş tutacaq ikinci mövsümün üzərində çalışmağa başlayıb. Bu dəfə də paytaxtımızın dəbli və zövqlü insanlarını bir araya toplayacaq moda həftəsi hələ ki adının sirrli saxlandığı növbəti möhtəşəm bir məkandan baş tutacaq.

Baku Fashion Week ModePoint və Stock tərəfindən təşkil olunub. ModePoint ölkəmizdə moda sənayesinin inkişafına dəstək olmaq və həm Azərbaycan daxilində, həm də xaricdə moda tədbirlərinin təşkili məqsədilə yaradılmış layihədir. Ardıcıl iki ildir ki, ModePoint hər yay Xəzər dənizinin sahilində keçirilən Fashion Sunset moda nümayişlərini təşkil edir.

Həmçinin konsept mağaza olan Stock 100-dən çox Azərbaycan brendini birləşdirən ilk geniş moda platformasıdır. Stock-un əsas məqsədi yerli moda sənayesinin inkişafını təşviq etmək, gənc dizaynerləri dəstəkləmək və yerli brendləri qlobal səviyyəyə çatdırmaqdır.

Baku Fashion Week-in baş rejissoru polşadan olan Nina Drakodur. Nina müxtəlif dizaynerlər və brendlər üçün bir sıra uğurlu beynəlxalq şouların yaradıcısı və iştirakçısıdır. Ninanın işlərinin özünəməxsusluğu hər bir şounun atmosferi, enerjisi və xüsusi estetikası ilə bağlıdır. Nina həm də "Nagorny Models Management" beynəlxalq model agentliyinin kreativ direktorudur. Həmçinin beynəlxalq layihələrdə böyük təcrübəyə malik Yevgeniya Çernışova (Belarus) Bakı Moda Həftəsinin ilk mövsümünün xoreoqrafı kimi çıxış edir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.world

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.