Hadisə, Kriminal

Tovuzda uçqun: 1 ailədən 5 nəfər həlak oldu - YENİLƏNİB-3

27 Aprel 2010 17:14
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi nəticəsində torpaq altında qalan ailə üzvlərinin hamısının cəsədləri çıxarılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri, eyni zamanda, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və xilasediciləri Aviasiya dəstəsinin vertolyotu ilə zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Torpaq sürüşməsi nəticəsində torpaq altında qalmış evin dağıntıları altından 5 nəfərin - Əkbər  Məmmədov, Növrəstə Məmmədovanın cəsədləri yerli sakinlər, 21 yaşlı Azadə Məmmədova, 20 yaşlı Jalə Məmmədova və onun qızı 4 aylıq Vüsalə Qasımovanın cəsədləri isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq dağıntılar altından çıxarılıb. Əməliyyat saat 15:29-da başa çatıb. 

-----------------------
10:51

Kənd sakini Qurban Məmmədovun Milli.Az-a bildirdiyinə görə, sürüşməyə məruz qalan ev onun qardaşı 46 yaşlı Əkbər Məmmədova məxsusdur. Uçqun nəticəsində Ə.Məmmədov özü, onun həyat yoldaşı 43 yaşlı Növrəstə Məmmədova, 21 yaşlı qızı Azadə Məmədova, nəvəsi və evdə qonaq olan digər qızı 20 yaşlı Lalə Məmmədova torpaq altında qalıb. Ə.Məmmədov və həyat yoldaşı kənd sakinlərinin köməkliyi ilə çıxarılsa da, onların öldüyü məlum olub. Digərlərindən isə hələ xəbər yoxdur.

Qeyd edək ki, hadisə səhər saat 6:00 radələrində baş verib. Q.Məmmədovun Milli.Az-a bildirdiyinə görə, hələlik hadisə yerində kənd sahə müvəkkili istisna olmaqla, heç bir müvafiq orqanın nümayəndəsi yoxdur.

----------------------

Tovuz rayon İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, iki nəfərin ölməsi xəbəri dəqiqdir. Daha üç nəfərin torpaq altında qaldığı, amma onların sağ olub-olmadıqları məlum deyil.

İH-dən bildirdilər ki, rayon rəhbərliyi müvafiq orqanları hadisə ilə bağlı səfərbər edib və adıçəkilən kəndə təxminən saat 9:00 radələrində 2 təcili yardım, yanğınsöndürən briqadaları, əlavə texnika göndərilib. Amma kənd dağlıq ərazidə və rayon mərkəzindən 50 km məsafədə yerləşdiyi üçün göndərilmiş köməyin hadisə yerinə çatıb-çatmadığı dəqiq bilinmir.

----------------------
09:57

Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu gecə həmin kənddə güclü torpaq sürüşməsi olub. Kəndin dağətəyi hissəsində yerləşən, bir tərəfi qayalıq olan ev uçaraq torpaq altında qalıb.

İlkin məlumata görə, evin sakinləri də torpağın altında qalıb. Ölən və yaralananların olduğu istisna edilmir.
Hazırda hadisə yerinə əməliyyat qrupu, xilasedicilər cəlb edilib.

----------------------

Əldə etdiyimiz ilkin məlumata görə, torpaq altında bir ana iki uşağı ilə qalıb. Onlardan ikisinin öldüyü bildirilir.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.