Kriminal

Bacısının iş yoldaşını maşınla vurub öldürən şəxs 17 il cəza alıb - VİDEO - FOTO

28 May 2020 09:51
Baxış: 1 728

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Murad Baxşiyevin (1990-cı il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 29,120.2.2 və 29,120 2.7-ci (xuliqanlıq niyyəti ilə iki və ha daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az press.az-a istinadən xəbər verir ki, 2019-cu il iyunun 23-də baxış protokolundan görünüb ki, hadisə yeri Buzovna qəsəbəsi, Nəcibə Məlikova küçəsidir. Fərdi yaşayış evinin qarşısında Murad Baxşiyevin idarə etdiyi "VAZ-21074" markalı avtomobil, həmin nəqliyyat vasitəsi ilə həyətyanı sahənin divarının arasında Rəşad Əliyevin (1988-ci il təv.) meyiti aşkar edilib. 

Murad Baxşıyev Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. "Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" protokolundan görünüb ki, o psixotrop maddədən istifadə edib.

Xəzər rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının əyinə əsasən, Rəşad Əliyevin ölümünə - ağciyərlərin və dalağın cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmə və travmatik şok səbəb olub. 

İstintaqla müəyyən edilib ki, iyunun 23-ü saat 22.40-da Murad Baxşıyev özünə məxsus "VAZ-21074" markalı

avtomobillə Maştağa-Buzovna magistral yolu ilə hərəkətdə olarkən, bacısı Vüsalə Baxşiyevanı iş yoldaşı Rəşad Əliyevlə əl-ələ tutub, yaşadıqları Nəcibə Məlikova küçəsi ilə getmələrini görüb. Psixotrop maddə - metamfetaminin təsiri altında bunu özü üçün qəbuledilməz hal hesab edib, hər ikisini öldürmək qərarına gəlib. İdarə etdiyi avtomobili əsas avtomobil yolundan asta sürətlə həmin küçəyə döndərib, anidən sürəti artıraraq onların üzərinə sürüb. Ərazidə yerləşən yaşayış evinin divarına sıxaraq, Rəşad Əliyevi qəsdən həyatdan məhrum edib. Bacısı avtomobilin zərbəsindən qismən yayınmağa nail olduğundan, onu iradəsindən asılı olmayan səbəblərə görə öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyib. Vüsalə Baxşiyevaya avtomobilin ön sol tərəfi ilə əlamətlərinə görə sol gicgah nahiyəsinin hematoması, sol dirsəyin sıyrığı, və sol ayağın qançırları ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirib. 

Təqsirləndirilən şəxs qismində dindirlmiş Murad Baxşıyev bildirib ki, Buzovna qəsəbəsində anası, bacısı Vüsalə və onun övladı Kənanla yaşayıb. Özünə məxsus avtomobillə fərdi taksi fəaliyyəti ilə məşğul olub. Anası qəsəbədə yerləşən istixanada fəhlə, bacısı Nizami rayonunda, ayaqqabı sexində toxucu işləyiblər. Vüsalə axşam saatlarında işdən avtobusla qayıdanda onu qəsəbədə, yol kənarında qarşılayıb evə aparıb. Rəşad Əliyev onunla birlikdə işləyib. Vüsalənin deməsinə görə Rəşadın Buzovna qəsəbəsində, qohumları yaşadığından o, ara-bir onların evində qalıb. Yolları eyni istiqamətdə olduğundan qəsəbəyə birgə gəliblər. 2019-cu il iyunun 23-ü saat 21 radələrində bacısı zəng edərək "Koroğlu" metrostansiyasında olduğunu və 107 №-li marşurut avtobusu ilə Buzovna qəsəbəsinə gələcəyini söylədikdə o, avtomobillə müştəri apardığını və özünün evə getməsini deyib. 1 saatdan sonra Vüsalə təkrar zəng edərək Buzovna qəsəbəsinə iş yoldaşı Rəşadla gəldiyini və marşurutdan düşdüyünü bildirib. Murad ərzaq mağazasından çıxaraq, yaşadığı evə yollanıb. Əsas yoldan Məlikova küçəsinə sürətlə dönərkən idarəetməni itirərək avtomobilin ön hissəsi yolun kənarındakı yaşayış evinin divarı istiqamətində fırlanıb. Dönən zaman əyləc əvəzinə sürətartırıcı pedala ayağını basıb. Avtomobil hasarın yanı ilə hərəkət edən qızla oğlana dəyib və  hər ikisi yerə yıxılıb. Maşından düşəndə qızın Vüsalə, oğlanın isə bacısının iş yoldaşı Rəşad olduğlarını görüb. Vüsalə yerdən ayağa qalxıb, Rəşad avtomobillə divarın arasında sıxılmış vəziyyətdə qalıb. Dərhal avtomobili işə salıb geri çəkmək istəsə də, mühərrik işə düşməyib. Avtomobilin yük hissəsindən su götürüb, ayılması üçün Rəşadın üzünə töküb. Polis əməkdaşları hadisə yerinə yaxınlaşıb nə baş verdiyini soruşub, təcili-tibbi yardım işçiləri gələnə qədər Rəşadın öləcəyini zənn edib, avtomobili işə salıb geri çəkib. Həmin gün başı ağrıdığına görə avtomobildə olan dərmanlardan birini içib. Dərman ağ rəngdə olub, onun psixotrop maddə olduğunu bilməyib. Əvvəllər həmin həblərdən istifadə etməyib. Hadisə yerinə gələn polis əməkdaşlarına idaəetməni itirdiyini deyib. Polislərdən Rəşadı avtomobilə divar arasından çıxarmaq üçün kömək istəsə də, onlar zərərçəkmişi tərpətməməyini bildiriblər. Onu 2-ci polis şöbəsinə aparıblar. Hadisəni əvvəlcədən planlaşdırmayıb, bacısı ilə

iş yoldaşı arasında münasibətin necə olduğundan xəbəri olmayıb.

Zərərçəkmiş şəxs qismində dindirilmiş Vüsalə Baxşiyeva bildirib ki, "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında ayaqqabı sexində toxucu işləyib. May ayının axırlarında işdən çıxanda, hava qaranlıq olduğundan iş yoldaşı Rəşad onu evə qədər yola salacağını deyib. Əziyyət çəkib uzun yolu ona görə getməməsini söylədikdə Rəşad, özünün də Buzovna qəsəbəsinə gedəcəyini və onu da evə ötürəcəyini bildirib. İlk dəfə həmin gün Rəşad onu evə qədər yola salıb. Anası və qardaşı bunu görməsələr də, bu barədə onlara deyib. Təxminən 1-2 həftədən sonra Rəşaddan sevgisinin nə qədər ciddi olub-olmadığını soruşduqda, iş yoldaşı ona qarşı hislərinin ciddi olduğunu, bir-birini tanımaq üçün vaxt lazım olduğunu bildirib. İyunun 23-də işdən çıxıb, Rəşadla metro ilə "Koroğlu" stansiyasına, ordan çıxıb sərnişin avtobusu ilə qəsəbəyə

gəliblər. Məlikova küçəsinin yanında avtobusdan endikdən sonra piyada hərəkətlər ediblər, həmin vaxt Rəşad onun əlindən tutub. Təxminən 10 metr getdikdən sonra arxadan musiqi səsi gələn avtomobilin magistral yoldan ayrılaraq, dönüb arxalarınca üzərilərinə gəldiyini görüb. Nəqliyyat vasitəsinin ön hissəsi hər ikisinə dəyib. O, özünü kənara ataraq yerə yıxılıb, ayağa qalxanda Rəşadın avtomobillə evin divarın arasında sıxılmış vəziyyətdə qaldığını, sürücünün isə qardaşı Murad olduğunu görüb. Zərərçəkmiş qeyd edib ki, telefonla danışanda qəsəbəyə Rəşadla gəldiyini qardaşına deyib və onun yanında olduğunu qardaşı bilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Baxşiyev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.