Lənkəran şəhərində 24 yaşlı Elnur Cəfərovu bıçaqlayaraq qətlə yetirən Ruslan Məmizadənin məhkəməsi başa çatıb.
Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü R.Məmizadəyə hökm oxunub.
Bildirilib ki, hadisə ötən il oktyabrın 17-si axşam saat 10 radələrində şahmat məktəbinin qarşısında baş verib.
Ruslan Elnurla dostluq edirmiş. Amma sonradan Elnurun onun ailə üzvlərindən birinə mesajlar yazaraq narahat etdiyini düşünüb. Bundan sonra o, Elnurla danışaraq görüş təyin edib. Küçədəki görüş zamanı isə qəfil hücum edərək, çoxsaylı bıçaq xəsarətləri yetirib. Nişanlı olan Elnur aldığı xəsarətlərdən ölüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Ruslanı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.
Milli.Az





