Bakıda bıçaqlanan məktəblilərin vəziyyəti məlum olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 25.10.2024-cü il tarixində 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
"Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb.
Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır stabil qiymətləndirilir", - qurumdan əlavə edilib.
-------
17:01
Oktyabrın 25-də dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
Milli.Az bildirir ki, bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib:
"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
"Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda qeyd edilib.
Günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
-------
16:40
Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 322 nömrəli orta məktəbdən gedir
Milli.Az bizimmedia-ya istinadla bildirir ki, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.
Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.
Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.
Milli.Az