Ölkə

Azərbaycanda karantindən sonra Premyer Liqaya hazırlaşan klublar - Məşqlər necə keçir? - FOTO

10 İyun 2020 22:44
0 Şərh     Baxış: 1 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının klubları koronavirus pandemiyası səbəbindən dayandırılan məşqləri ötən həftədən bərpa ediblər.

Milli.Az xəbər verir ki, "Qarabağ" futbol klubunun mətbuat xidmətindən Trend-ə bildirilib ki, klub iyunun 21-ə nəzərdə tutulan Premyer Liqa matçlarına hazırlıqlar görür:

"Ötən həftənin əvvəlindən məşqlər bərpa olunub. Qoyulmuş qaydalara uyğun olaraq, gündə bir dəfə məşqlər keçirilir. Hər gün futbolçuların temperaturu ölçülür, məşq zamanı maksimum sosial məsafə qorunur, bütün texniki heyət isə əlcək və tibbi maskalardan istifadə edir. Təhlükəsizlik baxımından bütün tövsiyə və tapşırılan qaydalara riayət olunur".

Klubdan əlavə olunub ki, müqaviləsi başa çatan futbolçularla razılıq əldə ediblər, yalnız bir futbolçu ilə yollarını ayırıblar:

"Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarımızı ayırmışıq. Belə ki, hücumçu Maqaye Qeye ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib".

"Keşlə" futbol klubunun mətbuat xidmətindən qeyd olunub ki, sonuncu yumşalmadan qabaq klub onlayn şəkildə məşqlər həyata keçirirdi:

"Artıq ikinci həftədir ki məşqlərimiz start götürüb. Lakin həftəsonu qoyulan məhdudiyyət zamanı məşqlər müvəqqəti dayandırıldı. Bundan əvvəl futbolçular yalnız onlayn şəkildə məşqlər həyata keçirirdilər. İyunun 21-də futbol üzrə Azərbaycan Premyer Liqası nəzərdə tutulub, ancaq hələ də yekun qərar verilməyib. Qərar verilməsə də klub üzərinə düşən bütün işləri görür, çempionata hazırlıq gedir. Ayın 9-da "Neftçi" klubu ilə yoldaşlıq oyunumuz gözlənilirdi, onu iyunun 10-nuna keçirdik, bundan əlavə ayın 14-də daha bir yoldaşlıq oyunu var idi, ancaq təəssüf o da vaxtı dəyişib".

Klubdan bildirilib ki, Azərbaycanda koronavirusa ilk yoluxma qeydə alınan gündən stadionda, klubun bazasında və ofisdə dezinfeksiya işləri aparılır və qrafikə uyğun davam etdirilir:

"İşçilər, texniki heyət maska və əlcəkdən istifadə edir. Məşqlər bərpa edilən vaxtdan bütün heyət koronavirus testindən keçdi və nəticələr neqativ çıxdı. Məşqlər zamanı isə məşqçilərimiz hökmən maska və əlcəkdən istifadə edirlər".

"Zirə" futbol klubu isə günlərdən asılı olaraq bir, yaxud iki dəfə məşqlər keçirir:

"Premyer Liqaya hazırlıq məşqçilərin planları əsasında həyata keçirilir. Günlərdən asılı olaraq bir, yaxud iki dəfə məşqlər olur. Düzdür, futbolçular uzun müddətdir məşq etmədiklərinə görə bir az çətinliklər var, ancaq bu elə də ciddi deyil. Məşqlər zamanı bütün qaydalara əməl olunur, federasiyadan da bununla bağlı göstərişlər gəlib. Ara məsafəsi gözlənilir, məşqə çıxmamışdan qabaq futbolçuların hərarətləri olçülür və bütün gigiyenik qaydalar gözlənilir".

Əlavə olunub ki, klubun 13 futbolçu ilə müqaviləsi bitib. Onlardan 12-i ilə müqavilə çempionatın sonuna kimi artırılıb, cəmi bir nəfərlə müqaviləyə xitam verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.