Ölkə

Zaqatalada korrupsiya ilə bağlı hakim və məsləhətçisi həbs edildi

15 Mart 2019 19:34
0 Şərh     Baxış: 2 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin məsuliyyət hissinin artırılmasına, vətəndaşların haqlı narazılığını doğuran korrupsiya və digər neqativ halların aradan qaldırılmasına xüsusi əhəmiyyət verilir.

Milli.Az bildirir ki, Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, təkcə son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilmiş və yaxud tutduğu vəzifədən azad edilmişdir.

Qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.

Materiallar üzrə cinayət işi başlanmış və istintaqın gedişində Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilmişdir.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.