Ölkə

Azərbaycan və Belarusun istintaq orqanları terrorçuluğa qarşı birgə mübarizə aparacaq - FOTO

14 Mart 2019 18:54
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Milli.Az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, martın 14-də Belarus Respublikasının İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, "Əbədi Məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilmişdir.

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Belarus dövlətlərinin sınanmış liderləri cənab İlham Əliyev və cənab Aleksandr Lukaşenkonun müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq və istintaq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu bildirilmişdir. Bu əlaqələr çərçivəsində 2018-ci ilin noyabr ayında "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş"in imzalanmasının ölkələrimizin prokurorluq və istintaq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırılmışdır.

Görüşdə Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Belarusun Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən İ.Noskeviç iki ölkənin istintaq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən "Əməkdaşlıq haqqında saziş" imzalanmışdır.

Saziş cinayətkarlıq və terrorçuluğa qarşı mübarizə, xüsusən də onun mütəşəkkil formaları, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlər və cəmiyyət üçün ciddi təhlükə təşkil edən digər cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığı, informasiya və təcrübə mübadiləsini, hüquqi yardim və digər sahələri əhaətə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasının ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı etimadın bir daha bəyan edilməsi və bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Belarus nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi, Azərbaycan-Belarus münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, onlara Azərbaycan dövləti, onun hüquq sistemi, ölkə başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış guşə təqdim edilmişdir.

Belarus nümayəndə heyəti daha sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olmuşdur.

Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş İdarənin inzibati binasında normativ hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitab portallarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviç korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. O, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Nümayəndə heyətinin üzvlərinin çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər və prokurorluq orqanları tərəfindən bu qəbildən olan cinayət işləri üzrə ibtidai araşdırmaların aparılması sahəsindəki fəaliyyətə dair sualları ətraflı cavablandırılmışdır.

Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Daha sonra qonaqlar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olmuşdur. Nümayəndə heyətinə idarədə istintaq edilən sülh və insanlıq, şəxsiyyət, dövlət hakimiyyəti əleyhinə, iqtisadi və digər sahələrdə törədilən ağır və xüsusilə ağır cinayətlərin istintaqı ilə bağlı ətraflı məlumat verilmişdir. İ.Noskeviç kriminalistik işinin təşkili, eləcə də "Elektron cinayət" və "Elektron sənəd dövriyyəsi" informasiya proqramlarının Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Belarus nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.