Ölkə

Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar

30 Dekabr 2017 11:36
Baxış: 5 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun artıq rəsmi hüquqi qüvvəsini almış sayıla bilər.

Milli.Az xəbər verir ki, bunu tanınmış hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, Qanunda tütündən istifadə (siqaret çəkmə) ilə bağlı çox ciddi məhdudiyyətlər var: "Əsas məsələ bunun qadağan edildiyi yerlərdir. Həm də qadağan edilən yerdə çəkməyə görə məsuliyyət (30 manat cərimə) də var. Düzdür, cərimə dərhal tətbiq edilməyəcək. Bunun üçün İnzibati Xətalar Məcəlləsində (İXM) də yüngülvari dəyişikliklər lazımdır, həm də bir müddət güclü təbliğat getsə, yaxşı olar.
Məlumat üçün qeyd edim ki, məsələn, təhsil və tərbiyə müəssisələrinin, səhiyyə və tibbi-reabilitasiya müəssisələrinin nəinki daxilində, hətta onların həyətində (ərazilərində) də siqaret çəkmək birmənalı olaraq qadağandır. Bunu uşaq dalınca gedərkən məktəbin qabağında siqaret çəkənlər yaxşı yadda saxlasınlar".

Əsas məhdudiyyətlərin mahiyyəti ilə Qanunun 10-cu maddəsinə və İXM-in 212-ci maddəsini oxumaqla tanış olmaq olar:

Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər

10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

10.1.2. səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

10.1.5. ticarət obyektlərində;

10.1.6. məişət obyektlərində;

10.1.7. sosial xidmət müəssisələrində;

10.1.8. yerləşdirmə vasitələrində;

10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

10.1.10. uşaq meydançalarında;

10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;

10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

10.1.13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

10.1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

10.1.17. taksafonlarda;

10.1.18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

10.1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

10.3. Bu Qanunun 10.1.3-cü, 10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində göstərilən yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər.

10.4. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

İXM-in 212-ci maddəsi:

Maddə 212. Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi

212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə - 30 (otuz) manat məbləğində cərimə edilir.

212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə - vəzifəli şəxslər 400 (dörd yüz) manat məbləğində, hüquqi şəxslər 1000 (min) manat məbləğində cərimə edilir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində       

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.