Ölkə

Avropada "Qarabağ"a dəstək aksiyaları - Futbol və turizm bir arada

11 Sentyabr 2017 12:14
2 Şərh     Baxış: 4 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Turizm Təbliğat Bürosu Azərbaycanı UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" futbol klubuna dəstək, eyni zamanda Azərbaycan turizminin təbliği məqsədi ilə Avropanın üç böyük paytaxt şəhərində möhtəşəm fləşmoblar keçirməyi planlaşdırır.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

Büronun sözçüsü bildirib ki, Azərbaycan Mədəniyyət və Turizm, eləcə də və Xarici İşlər nazirliklərinin dəstəyi ilə Londonda, Madriddə və Romada xüsusi fləşmoblar təşkil edəcək:

"Bu fləşmoblar, ilk növbədə, "Qarabağ" futboll klubuna dəstək məqsədilə keçiriləcək. Biz komandamızın Çempionlar Liqasının qrup mərhələsində iştirakını fürsət kimi dəyərləndirərək, eyni zamanda, Azərbaycanın turizm potensialını təbliğ edəcəyik. Fləşmoba cəlb olunan könüllülər həmin şəhərlərin mərkəzi yerlərində "Qarabağ"ın irihəcmli geyim formasını qaldıracaqlar. Azərbaycan bayraqlarının dalğalandırğı aksiyalarda çoxsaylı azərbaycanlı könüllülər, tələbələr iştirak edəcək, "DJ"lər musiqi səsləndirəcək, sakinlərə Azərbaycan və turizm imkanları barədə məlumatların əks olunduğu təbliğat materialları paylanacaq. "Qarabağ"ın uzunluğu 20, eni 10 metr olan geyim formasının üstündə komandanın simvolları ilə yanaşı AZERBAİJAN.TRAVEL və  #VISITBAKU sözləri yer alacaq".



Lakin onun sözlərinə görə, Londondakı tədbirə çox az müddət qaldığından müəyyən çətinliklər var: "Bildiyiniz kimi, "Qarabağ"ın "Çelsi" ilə oyunu sentyabrın 12-də olacaq. Mümkün olsa, mütləq bu aksiyanı təşkil edəcəyik. Lakin insan resursu baxımından çətinlik çəkirik. Çünki İngiltərədə universitetlərdə dərslər hələ başlamadığından azərbaycanlı tələbələr ora getməyiblər. Bu səbəbdən Londondakı fləşmob baş tutmaya da bilər.

Lakin biz bunun olması üçün əlimizdən gələni edirik. Bunun üçün böyük arzu və istəyimiz var. Məsələn, artıq formanı, simvolları, bayraqları hazırlamışıq, koordinatorumuz var. Səfirliklə sıx təmasda işləyirik. Londondakı rəsmi orqanlarla demək olar ki, bütün razılıqlar da əldə edilib. Amma yenə də hazırlıq üçün vaxtımız az olduğundan ola bilsin ki, Londondakı fləşmob alınmasın. Çünki insan resursu problemi var. Onu həll etməyə çalışırıq.

Amma Madriddə və Romada bu aksiyalar 100 faiz təşkil ediləcək. Çünki ordakı aksiyalara hazırlıq üçün vaxtımız daha çox olacaq".

Bundan əlavə K.Quluzadə qeyd edib ki, "Qarabağ"ın "Roma" ilə oyunundan bir neçə saat əvvəl Bakıda da aksiya təşkil ediləcək: ""Qarabağ"ın ilk ev oyunundan öncə Bakının Nizami küçəsində, keçmiş "Torqovaya" deyilən ərazidə azarkeşlər üçün "fan zona" yaradacağıq. Orada canlı konsert olacaq. Kim ki "Qarabağ"ın uğuruna sevinir ora gələcək. Bu, həm də paytaxtdakı turistlər üçün də maraqlı olacaq. Bununla həm "Qarabağ"a dəstək olacağıq, həm də Azərbaycan turizminin potensialını bu vasitəsilə də təbliğ edəcəyik".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.