Ölkə

Deputat: "Avropa Parlamentinin qətnaməsi Bakı ilə Brüsselin parlamentlərarası münasibətlərini gərginləşdirə bilər"

17 İyun 2017 09:34
Baxış: 663

Avropa Parlamentinin Əfqan Muxtarlının işi üzrə qətnamə qəbul etməsi Bakı ilə Brüsselin çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib:

"Avropa Parlamentindən olan həmkarlarımız növbəti dəfə tələskənlik edərək məsələnin mahiyyətini araşdırmadan guya Azərbaycanda jurnalistlərin hüquqlarının pozulması barədə heç bir məna kəsb etməyən "The case of Afgan Mukhtarli and the situation of media in Azerbaijan" adlı qətnamə qəbul ediblər. Həbs edilməsi bu qətnamənin qəbul edilməsinə bəhanə olmuş Əfqan Muxtarlını nəinki Avropada, heç Azərbaycanda da jurnalist kimi tanımırlar. Mən onun bircə sətir də yazısını görməmişəm, çünki belə sətirlər yoxdur. Əfqan Muxtarlının fotomüxbir kimi də nə vaxtsa yalnız adı olub".

R.Musabəyov əlavə edib ki, Ə.Muxtarlının Tbilisidə guya beynəlxalq hüquq normaları pozulmaqla oğurlanması barədə yalnız qalmaqallarda maraqlı olan müxalifət dairələrində danışırlar, Gürcüstanın rəsmi hakimiyyət orqanları isə bu hadisəni heç bir şəkildə şərh etmir:

"Belə vəziyyətdə işə məhkəmədə obyektiv şəkildə baxılmasına az köməyi dəyə biləcək, amma əvəzində Bakı ilə Brüsselin bu cür çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirəcək və ağırlaşdıracaq qətnamə qəbul etməyə dəyərdimi? Avropa parlamentariləri Avropa İttifaqı ilə Azərbaycan arasında sazişə dair danışıqlar aparılmasını xatırladırlar. Bu xatırlatmanı onların özlərinə qaytarmaq olar, çünki Avropa İttifaqının "Şərq tərəfdaşlığı" üzrə Brüsseldən daim maliyyə yardımı və başqa şəkildə kömək istəyən digər tərəfdaşlarından fərqli olaraq, Azərbaycan Aİ ilə münasibətləri qarşılıqlı faydalı xarakter daşıyan tərəfdaşdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.