Metronun Yaşıl xətti üzrə "Xətai" stansiyasında yenidənqurma işləri aparılıb.
Azərbaycan Respublikası prezidentinin "Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 18 mart 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş "Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üçün mövcud Qırmızı və Yaşıl xətlərdə müstəqil hərəkət təşkil edilməlidir. Bunun üçün eyni səviyyədə kəsişən xətlər ayrılmalı, hərəkətin intensivliyinin artmasının təmin edilməsi məqsədilə "Xətai" stansiyasının I baş yolunun rekonstruksiyası və işlək vəziyyətə gətirilməsi, eyni zamanda "Xətai" (Y-13) və "Həzi Aslanov-2" (Y-17) stansiyaları arasında 3 stansiya və tunellərin inşa edilməsi nəzərdə tutulub.
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, təxminən 50 və daha çox il əvvəl inşa edilmiş "Xətai" stansiyası və ona bitişik tunellərin ciddi təmirə və yenidənqurulmasına ehtiyac yaranıb: "1968-ci ildə istifadəyə verilmiş "Xətai" stansiyasının və ona bitişik tunellərin tikintisi hələ 1949-cu ildə başlanıb. Tunel geyimləri, eləcə də metronun fəaliyyəti üçün əhəmiyyətli olan avadanlıqlar bütün bu illər ərzində aqressiv geoloji və hidrogeoloji mühitin təsiri altında olub. Uzun müddət "Xətai" və "Cəfər Cabbarlı" stansiyaları arasında hərəkət ancaq bir yolla - II yolla təşkil edildiyindən I yolda mövcud havalandırma səmərəsiz olub, həmçinin qatar yolunun hər iki tərəfdən bağlı, dalan tipli olması orada çuqun tunel geyiminin korroziyasının sürətlənməsinə gətirib çıxarıb. Məhz bunun nəticəsində həmin yolda sağlamlaşdırma və yenidənqurma işlərinin aparılmasına zərurət yaranıb".
Şöbə rəisi qeyd edib ki, "Xətai" stansiyasının I baş yolunun, o cümlədən stansiyaya bitişik mənzil yolunun və dalan yollarının sağlamlaşdırılması işlərinə 2014-cü ilin sonlarında başlanılıb. Burada tunel geyimi xarici diametrləri müvafiq olaraq 6 m və 5,5 m olan çuqun tübinqlərdən və dəmir-beton bloklardan ibarətdir. Ötən müddət ərzində korroziyaya uğramış çuqun tunel geyimlərində sağlamlaşdırma işləri həyata keçirilib:
- mövcud diametri 6 m olan 127 halqa tunel geyiminin daxilində xarici diametri 5,5 m olan yeni çuqun tunel geyimi quraşdırılaraq gücləndirilib.
- köhnə və yeni tunel geyimi arasındakı boşluqlar 2490 m3 sement-qum məhlulu ilə doldurulub;
- ümumi sahəsi 3000 m2-ə yaxın dəmir-beton blokların səthi təmizlənərək aqressiv mühitə davamlı maddələrlə örtülüb, yeni quraşdırılmış və mövcud çuqun tübinqlərin səthi korroziya əleyhinə boya ilə rənglənib;
- stansiya kompleksi nəzərə alınmaqla ümumilikdə 830 m3 betonlama işləri görülüb;
- möhkəmləndirmə və hidroizolyasiya işləri ilə əlaqədar tunel geyimi arxasına 356 ton sement məhlulu vurulub;
- sağlamlaşdırma işləri aparılan sahədə yolun üst quruluşu elementləri tamamilə dəyişdirilib, 1385 pm yeni R50 markalı hərəkət relsi, 650 pm təmas relsi quraşdırılıb.
Bütün kommunikasiya xətləri (müxtəlif təyinatlı kabellər, su xətti və s.) və buna müvafiq avadanlıqlar yenilənib. Bu məqsədlə :
- d=90mm ölçülü 1830 pm polietilen boru, d=89mm ölçülü 100 pm metal boru quraşdırılıb;
- ümumi uzunluğu 4300 m olan müxtəlif təyinatlı kabellər və ona uyğun avadanlıq və ləvazimatlar (yol, kiçik mexanizasiya və birləşdirici qutuları, torpaqlanma zolağı, metal rəf və s.) yenilənib;
- 1900 m işarəvermə və rabitə kabelləri dəyişdirilmiş, zəruri sayda işıqfor avadanlıqları, o cümlədən drossel-transformatorlar, avtostop, cemper atqıları quraşdırılıb.
Stansiyanın I baş yolu tamamilə yenidən qurulub. Belə ki, I stansiya yolunun platformasının yükdaşıyan və örtük konstruksiyaları, həmçinin stansiyanın yol divarı yenidən üzlənib. Bu zaman
- sərnişin platformasında 67 ədəd dəmir-beton plitə yenisi ilə əvəz edilib;
- 658 m2 divar və döşəmə qranitlə üzlənib.
Bundan əlavə, stansiyanin platforma hissəsində də təmir-bərpa işləri aparılıb. Stansiyanın orta zalında və platformada "Durlum GmbH" şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz olunub. Qeyd edək ki, ilk dəfə istifadə olunan bu materiallarla yanaşı bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə edilib.
Ərazinin havalandırmasını həyata keçirən 26 saylı şaxtada gücləndirmə və təmir işləri aparılıb, avadanlıqlar yenilənib. Həmçinin 113 saylı şaxtada yeni havalandırma sistemi quraşdırılıb.
"Bakı Metropoliteni" QSC-nin daxili imkanları və müvafiq strukturları tərəfindən həyata keçirilən işlər zamanı daha qənaətcil və keyfiyyətli material və avadanlıqlardan istifadəyə üstünlük verilib.
N.Paşayev əlavə edib ki, həyata keçirilən işlərin davamı olaraq "Xətai" stansiyasının I baş yolu istismara verildikdən sonra stansiyanın II baş yolunda və orta zalında rekonstruksiya işləri aparılacaq: "Sağlamlaşdırma işlərinin tam şəkildə başa çatması üçün istismar müddəti başa çatmaqda olan 3 ədəd LT-2 tipli eskalatorlar alman istehsalı olan Viktoria tipli yeni eskalatorla əvəz ediləcək və stansiyanın yerüstü vestibülü də daxil olmaqla stansiyanın kompleks təmiri işləri həyata keçiriləcək".
İlkin İzzət
Milli.Az