Ölkə

Azərbaycanda ilk dəfə: Avropa Azərbaycan Məktəbi məzununa Stanford Universitetində təhsil üçün 100% təqaüd dəstəyi verir (Video)

21 Avqust 2026 15:22
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avropa Azərbaycan Məktəbi məzunu, yüksək nəticəli Beynəlxalq Bakalavriat (IB) Diplom Proqramının tələbəsi Nicat Tağızadə ABŞ-ın Stanford Universitetinə qəbul olub. 43/45 IB Diplom nəticəsi göstərən Nicat Stanford Universitetində Data Elmi ixtisası üzrə təhsil alacaq.

Avropa Azərbaycan Məktəbinin təsisçisi Tale Heydərovun təşəbbüsü ilə məktəbin yüksək nailiyyət göstərən məzunlarının dünyanın aparıcı universitetlərində təhsil almasını dəstəkləmək məqsədilə yaratdığı Aparıcı Universitetlər üçün AAM Təqaüd Proqramına start verilib.

Bu təşəbbüs əsasında məktəb Nicatın Stanford Universitetindəki təhsilinin tam təhsil haqqını ödəyəcək.

Proqram seçilmiş tələbələrə maliyyə dəstəyi ilə yanaşı, universitet təhsili müddətində mentorluq, həmçinin AAM məzunlar şəbəkəsi vasitəsilə davamlı əlaqə imkanları təqdim edir.

Nicat Tağızadə AAM-da məktəbəqədər yaşdan başlayaraq 12 il təhsil alıb və bu müddətdə akademik nailiyyətlərlə yanaşı beynəlxalq olimpiada, elm, robototexnika və liderlik layihələrində iştirak edib. Onun sözlərinə görə, məktəb illəri təkcə akademik bilik deyil, liderlik, açıq düşüncə və komandada işləmək bacarıqlarının formalaşmasında da mühüm rol oynayıb, IB Diploma Proqramı isə Stanforda qəbul prosesində və mürəkkəb akademik mühitə uyğunlaşmaqda ona kömək edib. Akademik göstəricilərinə 1530 SAT və 8.0 IELTS nəticələri də daxildir.

Nicatın uğurları IB nəticəsi ilə məhdudlaşmır - o, VILIPO, iWise, BUCE IMSEF Riyaziyyat kimi yarışlarda gümüş medallar, Milli İnformatika Olimpiadasında yarımfinal, World Scholars Cup çərçivəsində isə iki qızıl medal qazanıb. "Sabahın Alimləri" müsabiqəsi vasitəsilə Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ISEF) vəsiqə əldə edib və orada Böyük Mükafat qazanaraq bu yarışda mükafat alan Azərbaycan tarixindəki ikinci iştirakçı olub. Bundan əlavə, FIRST Global robototexnika komandasının Azərbaycan üzrə kapitanı olub, təbii fəlakətlərdə dəstək texnologiyalarına yönəlmiş "React Right" təşəbbüsünü qurub, Stanford və Boston universitetlərinin yay proqramlarında iştirak edib, həmçinin meşə yanğınları riskinin proqnozlaşdırılmasına dair tədqiqatını beynəlxalq konfransda təqdim edib.

Atası Dəyanət Tağızadə bu uğurun həm Nicatın şəxsi zəhmətinin, həm də məktəbin yaratdığı mühitin nəticəsi olduğunu vurğulayıb və ailənin qəbul prosesində məktəblə sıx əməkdaşlıq etdiyini bildirib. Nicat da valideynlərinin maddi və mənəvi dəstəyinin bu yolda mühüm rol oynadığını qeyd edib.

AAM-ın riyaziyyat müəllimi və Olimpiada Koordinatoru Gülzar Abbasbəyli Nicatın mütəmadi olaraq layihə, tədqiqat və olimpiadalara ardıcıl şəkildə hazırlaşdığını, bu prosesdə isə məktəbin davamlı dəstəyinin mühüm rol oynadığını qeyd edib.

Nicatın Stanford Universitetinə qəbulunda AAM-ın Universitetə Qəbul Məsləhət Xidmətinin də mühüm rolu olub. Universitet Məsləhətçisi Gülnar Quliyeva onun data texnologiyalarına marağının məktəb illərindən aydın göründüyünü və Stanfordun bu marağın inkişafı üçün uyğun mühit olduğunu bildirib, uğuru ilə fəxr etdiyini vurğulayıb.

AAM-ın Baş İcraçı Direktoru Françesko Bankini Nicatın nailiyyətinin bütün məktəb icması üçün böyük qürur mənbəyi olduğunu bildirib.

"Nicat AAM-ın ən yüksək nəticə göstərən tələbələrindən biridir və onun Stanford Universitetində yeni təhsil mərhələsinə başlamasını böyük qürurla qarşılayırıq," - deyə Françesko Bankini bildirib.

Onun sözlərinə görə, məktəb tərəfindən yaradılan Təqaüd Proqramı yüksək nailiyyət göstərən tələbələrin dünyanın aparıcı universitetlərində təhsil almaq arzularını reallaşdırmaq üçün uzunmüddətli dəstək mexanizmi kimi nəzərdə tutulub.

Bu uğur hekayəsi Avropa Azərbaycan Məktəbinin təhsilə dəstək və aparıcı universitetlər üçün yaratdığı Təqaüd Proqramının nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. Məktəbin yüksək akademik standartları, davamlı mentorluq dəstəyi və Universitetə Qəbul Məsləhət Xidmətinin peşəkar yanaşması yüksək nəticəli məzunların dünyanın aparıcı universitetlərində təhsil almaq arzularını reallaşdırmasına imkan yaradır.

Bu təşəbbüs təkcə fərdi uğurları deyil, həm də Azərbaycanda keyfiyyətli təhsilə investisiyanın uzunmüddətli töhfəsini əks etdirir və gələcəkdə daha çox istedadlı gəncin oxşar nailiyyətlər qazanmasına zəmin yaradır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.