Ölkə

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub - FOTO

1 Yanvar 2026 16:23
Baxış: 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

Milli.Az xəbər verir ki, bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək bayram sevincini bölüşüblər.

Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, uşaqlar üçün formalaşdırılan sosial-psixoloji mühit, reabilitasiya və inkişaf yönümlü xidmət modelləri ilə maraqlanıb, mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat alıblar . Onlar uşaqlarla səmimi ünsiyyət quraraq onların istək və arzuları ilə maraqlanıb, bayram sevincini bölüşüblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan, valideyn himayəsindən məhrum və risk qrupuna aid uşaqların təhlükəsiz, sağlam və qayğı ilə əhatə olunan mühitdə reabilitasiyasını, sosial adaptasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə fəaliyyət göstərir. Qeyd olunub ki, uşaqların psixososial rifahının gücləndirilməsi və onların gələcək müstəqil həyata hazırlanması mərkəzin əsas prioritetləri sırasındadır.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub, onların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramları səmimi təbriklərlə qeyd edilib.

Tədbir çərçivəsində Leyla və Arzu Əliyevalar "AzərEnerji" ASC tərəfindən mərkəzin ehtiyacları nəzərə alınaraq hədiyyə edilən avtomaşına da baxış keçiriblər. Qeyd olunub ki, nəqliyyat vasitəsi mərkəzin fəaliyyətinin operativliyinin artırılmasına, uşaqların müxtəlif reabilitasiya və sosial xidmətlərə çıxışının daha səmərəli təşkilinə töhfə verəcək.

Yekunda belə mərkəzlərin işinin gücləndirilməsi və fəaliyyət şəbəkəsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.