Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, ölkənin suveren hüquqlarına hörmətsizlik göstərərək ədalət məhkəmələrinin qərarlarını mübahisələndirmək beynəlxalq hüququn bütün normalarına ziddir:
"AP nə qlobal arbitrdır, nə də apelyasiya məhkəməsi. Öz korporativ ərazisindən çıxaraq, tamamilə uzaq coğrafiyada baş verən proseslərə müdaxilə etməsi AP-nin ucuz və zəif siyasi alətlərə söykəndiyinin göstəricisidir. Açıq ultimatum ritorikası əslində təşkilatın hamıya öyrətmək istədiyi dəyərlərlə ziddiyyət təşkil edir və hüquq pozuntusudur. Sual yaranır: niyə AP ağır ittihamlarla üzləşən şəxsləri belə həvəslə müdafiə edir? Özü də bunu xüsusi narahatlıqla edir".
S. Mikayılova vurğulayıb ki, AP artıq zəifləməkdədir və qlobal məkanda əsas aktor statusunu itirir.
"ABŞ-nin yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında Avropada vüsət almış böhran və dəyərlərin itirilməsi barədə müddəalar əslində bu münasibətin bariz şəkildə nümayişidir. Görünür, belə vəziyyətdə Avropa İttifaqı güclənən ölkələrə, məsələn Azərbaycan kimi ölkələrə, yalnız təsəlli xarakterli yanaşmalar edir. Məsələn, Aİ 5 Azərbaycan gəmisinə sanksiya qoyur, lakin eyni zamanda sanksiyalar irəli sürdüyü Rusiya ilə hələ də ticarət aparır. Bu xüsusda, Ermənistan kimi ölkələrin xidmətindən də yararlanır. Avropanın öz taleyi zərbə altında olduğu bir dönəmdə diqqəti ayrı regionlara yönəltməklə "hələ də hər şeyi nəzarətdə saxlayırıq" görüntüsü yaratması ucuz şoudur", - deyə deputat əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycan və Ermənistanın sülhü möhkəmləndirmək səylərinə qarşı yönəlmiş bu cür təxribatlar əslində sülh prosesini pozmaq niyyəti daşıyır:
"Bütün dünyanın Avropanın taleyini müzakirə etdiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr təşkil etməsi çox gülünc görünür. Maraqlıdır ki, Ermənistanda 2025-ci ildə təkcə müxalifətçilər, dini xadimlər və siyasi fəallar müxtəlif səbəblərlə həbs edildiyi halda, bu Avropa Parlamentini narahat etmir. Belə ikili standartlar Avropa dəyərlərini uzun müddətdir aşındırıb və bunun saxtakarlıqdan başqa bir izahı yoxdur".
S.Mikayılova əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın artan nüfuzundan narahatdır, lakin köhnəlmiş narrativlərdən çıxmadıqca regionda nüfuz qazana bilməyəcək.
"Avropa Parlamentinin hər hansı müzakirəsi və ya qətnaməsinin Azərbaycana heç bir hüquqi təsiri yoxdur. Biz Azərbaycanın daxili işlərinə kobud müdaxilə hesab etdiyimiz bu Qətnaməni pisləyir və qəbuledilməz olduğunu bildiririk", - deyə S.Mikayılova fikrini tamamlayıb.
Milli.Az





