Mütəxəssislərin sözlərinə görə, bəzi qida və içkilər insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir və gecə rahat yatmağa mane olur.
Milli.Az xəbər verir ki, gec saatlarda qəhvə, kola və enerji içkiləri kimi kofein tərkibli məhsulların qəbul edilməsi oyanıqlığı artıraraq yuxuya getməyi çətinləşdirir.
Tərkibində həm şəkər, həm də az miqdarda kofein olan tünd şokolad da yuxunu poza bilən əsas qidalar sırasındadır. Bundan əlavə, acılı, yağlı və həzm olunması çətin olan yeməklər mədədə narahatlıq yaradaraq istirahət rejimini poza bilər. Həmçinin spirtli içkilər ilkin mərhələdə yuxululuq versə də, sonradan yuxunun tez-tez bölünməsinə səbəb olur. Axşam saatlarında qəbul edilən yüksək şəkərli və karbohidratlı məhsullar, xüsusilə şirniyyatlar və ağ çörək qan şəkərində dalğalanma yaradaraq orqanizmi aktiv vəziyyətdə saxlayır.
Mütəxəssislər tövsiyə edirlər ki, sağlam yuxu üçün son qida qəbulunu yatmazdan 2-3 saat əvvəl dayandırmaq və axşam menyusuna yüngül, rahat həzm olunan qidalar əlavə etmək daha məqsədəuyğundur.
Asya
Milli.Az