Ölkə

Türkiyə və Gürcüstandan olan din xadimlərinin Ağdama səfəri başa çatıb - YENİLƏNİB - FOTO

31 May 2025 16:53
Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad edilən ərazilərə səfərləri başa çatıb.

Trend-in yerli müxbiri xəbər verir ki, din xadimlərinin ilk səfəri işğaldan azad edilən Ağdam şəhərində ermənilərin tamamilə dağıtdığı şəhidlər xiyabanı olub.

Şəhidlər xiyabanının tamamilə məhv edilməsi, məzarlardan qalıqların çıxarılaraq atılması barədə qonaqlara məlumat verilib.

Din xadimləri bərpa edilən qəbirləri ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.

Səfər zamanı qonaqların ziyarət etdiyi növbəti məkan isə işğaldan azad edildikdən sonra, əsaslı təmir edilən Ağdam Cümə məscidi olub. Qonaqlara məscid barədə məlumat verilib, işğaldan əvvəlki fotoları təqdim edilib.

Daha sonra İmarət Kompleksinə gələn din xadimlərinə bu yerin tarixi, işğaldan öncəki və işğal dövrünü əks etdirən fotoları təqdim edilməklə məlumatlar verilib.

Qonaqlar yenidən qurulan İmarət Kompleksinin ərazisini gəzərək ziyarət ediblər

xxx

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilən Ağdamda səfərdədilər. Qonaqlar səfər zamanı 30 il ərzində burada törədilmiş dağıntılar, həmçinin tarixi yerlərlə də tanış olacaqlar.

Trend-in yerli müxbiri xəbər verir ki, Ağdam şəhərinə səfər edən nümayəndə heyəti Ağdam Cümə məscidi, İmarət Kompleksi və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Qonaqlara işğalda olduğu müddət ərzində ermənilərin Azərbaycanın tarixi - mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktları haqqında məlumatlar veriləcək.

Qeyd edək ki, 30-dan çox azərbaycanlı din xadiminin iştirak etdiyi səfər 2 iyun tarixinə kimi davam edəcək. Səfərin növbəti mərhələsi Bakı şəhərində olacaq.

xxx

13:38

Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti mayın 31-də Şuşa şəhərinə gəlib.

Trend-in yerli müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar.

Yuxarı Gövhər Ağa məscidində olan qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.

--------

09:18

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər.

Trend-in bölgə müxbiri xəbər verir ki, din xadimlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq.

Xəbər yenilənəcək

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.