Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına əməliyyat üçün müraciət etdikdən sonra komaya düşüb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs aprelin 14-də pilonidal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə müraciət edib.
Qeyd edilib ki, pasiyent müayinə olunub və onun əməliyyat anesteziyası üçün əks göstəriş aşkarlanmayıb:
"Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olunduqdan sonra tənəffüs göstəriciləri itib, nəbz qeydə alınmayıb. Bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb. Süni ventilyasiya və medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib və mərkəzi damarlar üzərində nəbz bərpa olunub, hemodinamik göstəricilər kardiomonitorda stabilləşib".
Məlumatda əlavə olunub ki, xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb:
"Həyati vacib orqanların funksiyalarının bərpası və stabilləşməsinə yönələn tədbirlər həyata keçirilib. Bəbəklər normal genişlikdə, işığa qarşı reaksiyası saxlanılıb. Xəstənin kliniki ölüm keçirməsini nəzərə alaraq süni ventilyasiya aparatında saxlanılması və reanimasiya şöbəsinə köçürülməsi qərara alınıb. Xəstə aprelin 17-dək Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alıb və həmin tarixdə valideynlərinin təkidi və tələbi ilə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb".
Milli.Az