Abşeron rayonu ərazisində tunelin tikintisi ilə əlaqədar yol bağlanır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət Abşeron rayonu, İlqar Abdullayev küçəsinin Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray polis bölməsinə qədər olan hissəsindən gedir. Burada təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Yol bağlandıqdan sonra ərazidə təhlükəsizliyi təmin etmək məqsədilə nişanlar da qoyulacaq. Sürücülərdən öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu arada, Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi də davam edir.
Hazırda layihə üzrə torpaq yatağının tikintisi əsasın alt, üst laylarının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi, çiyinlərin bərkidilməsi işləri yerinə yetirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün layihə boyu tikinti prosesinə lazımi sayda qüvvə cəlb edilib.
Xatırladaq ki, yeni yolun inşası Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə də Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az